“Bal” yarışına çıxmışıq: kim çox toplasa, savadlıdır” – Bal bilik göstəricisidirmi
“Belə getsə, fərdi kursların sayı orta məktəblərin sayından çox olacaq.
“Təhsilin keyfiyyətindəki problemləri, qəbul imtahanlarında nəticələrin aşağı olmasını Təhsil Nazirliyi (TN) və Dövlət İmtahan Mərkəzi (DİM) bir-birinin üzərinə atır”.
Bu barədə “Sherg.az”a orta məktəblərdə təhsilin zəif olmasından danışarkən təhsil eksperti Nadir İsrafilov bildirib.
Onun fikrincə, iyun ayının 14-ü tədris ilinin başa çatması ilə qəbul imtahanlarının may ayında keçirilməsi bir-biri ilə uyğun gəlmir:
“Tədris proqramını tam başa vurmayan, attestat almayan abituriyentin qəbul imtahanında iştirak etməsi məntiqsizdir. Təhlil aparsaq, görərik ki, 700 bal toplayan abituriyentlər liseylərin şagirdləridir. Üstəlik 70-80 min məzunun cəmi 15 nəfərinin maksimum nəticə göstərməsi yetərli nəticə deyil.
Diqqət etsəniz, savadlı müəllimlər, savadlı abituriyentlər bir yerə cəmlənir. Qalanlar isə ətraf bölgələrdə təhsilini davam etdirir. Halbuki, dünyanın inkişaf etmiş ölkələrində şagirdlərə fərq qoyulmur. Bizdə isə məktəb mühiti dağıdılıb. Şagirdlər repetitor yanına qaçır, müəllimlər isə lazımi biliyi onlara çatdırmır ki, fərdi öyrənsinlər.
Hazırlıq kurslarının gündən-günə artması da məktəb mühitini məhv edir. Belə getsə, fərdi kursların sayı orta məktəblərin sayından çox olacaq”.
Nadir İsrafilov regionlarda təhsilin inkişafına da toxunub. O diqqətə çatdırıb ki, yüksək nəticə göstərən şagirdlərin əksəriyyəti böyük şəhərlərin sakinləridir:
“Bu müəllimlərin bölüşdürülməsində də özünü göstərir. Diaqnostik qiymətləndirmənin nəticələrinə uyğun yüksək bal toplayanlar paytaxta, nisbətən aşağı bal toplayanlar isə regionlara göndərildi. Ona görə, nəticələr də şəhərlərdə yüksək olur.
Təhsilə dair heç bir qanunvericilikdə orta məktəbin üzərinə ali məktəbə tələbə hazırlaşdırmaq tələbi qoyulmayıb. Son kurikulum islahatları da göstərir ki, bu sistem şəxsiyyətyönümlü vətəndaş yetişdirməlidir. Biz bal yarışına çıxmışıq: kim çox toplasa, savadlıdır. Yüksək bal toplamaq bilik göstəricisi deyil”.
Büdcədən təhsilə yüksək məbləğdə vəsaitin ayrıldığını qeyd edən ekspert düşünür ki, bu cür imkanlar yaradıldığı halda təhsil repetitorların ümidinə qalmamalıdır:
“Orta məktəblərdə reydlər aparmaq lazımdır ki, şagirdlərin dərsə davamiyyəti yoxlanılsın. Yuxarı sinif şagirdləri orta məktəbə getmir, repetitor yanında hazırlaşırlar. Valideynlər haqlı olaraq, əsas gətirirlər ki, orta məktəbdə təhsilin keyfiyyəti yüksək deyil. Müəllimlər isə maaşın az olduğunu irəli sürür, məsuliyyəti boynundan atırlar. Əslində heç bir tərəf qınanmalı deyil. Müəllimi, orta məktəbləri özümüz bu günə qoymuşuq. Təhsili biznes marağına çevirmişik. Televiziya kanallarını açan kimi müxtəlif kursların reklamları qarşımıza çıxır. Niyə bu qədər çox fərdi kurs olmalıdır?
Təhsil strategiyasında məqsəd qoyulub ki, müəllimin nüfuzu qaldırılsın. Müəllimin nüfuzunu qaldırmaq üçün məktəb mühitini bərpa etmək, yenidən orta məktəblərə məbəd kimi baxmaq lazımdır. Fərdi kursların təbliğinə, elanına, fərdi kurs yaratmağa meyli azaltmaq lazımdır. Baxın, şou əhlinin əməkdar artistini tanıyırıq, amma əməkdar müəllimi tanımırıq.
Təhsilin keyfiyyətindəki nöqsanlara görə, ali təhsil müəssisələrinin də məsuliyyəti var. Keyfiyyətsiz təhsilə görə, qanunda müvafiq cəzalar nəzərdə tutulub. Amma heç bir təhsil müəssisəsinin, universitetin keyfiyyətsiz təhsilə görə, cəzalandırılması müşahidə olunmayıb. Halbuki ali məktəbləri də aşağı nəticələrlə bitirən, savadsız kadrlar artmaqda davam edir. Belə halları qaydasına qoymasaq, təhsilin keyfiyyətində dəyişiklik olmayacaq”.