Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, eks-millət vəkili Sabir Rüstəmxanlının Versus.az-a müsahibəsi
Azərbaycan publisistikasının ağsaqqalı, xalq şairi Sabir Rüstəmxanlıya yönəlik sosial sifariş nəhayət ki, cavablandırıldı. Ancaq cavablandırılması mümkün olmayan bir çox suallar, yəqin ki, dövlətçiliyimizin və millətimizin, Sabir bəyin öz partiya maraqlarının naminə açıq olaraq qaldı. Onun söylədiyi BU GÜNÜN MANİFESTİNdə dost biganəliyinin nə zaman ifşa olunacağı, qəlbimdə saldığım Ölülər şəhərinin sakinləri olan seçilmişlərimizin dirilmələri üçün Həzrəti İsanın kəramətinə, yoxsa “ümid olmayanda yenə ümid var” amacıyla onların özlərinin xortdayacaqlarına bel bağlamağın mahiyyəti, “Xocalı soyqırımı olmayıb!” deyən qurumsaq qroslara büt yapan siyasi funksionerlərin koordinatorluqları, bizdən iki dəfə və ikili əzan tələb edən KARLARIMIZın, bizdən hər yan işıqlıykən şam yandırmağı tələb edən KORLARIMIZın, Dərvişi meyxanədə, sərxoşu təkyədə axtaran milli şüursuzlarımızın cəmiyyəti çıxılmaz labirintə sürükləmə cəhdləri, sözün zərifliyinə deyil, avropoid irqlilərin şişirtdikləri selikon dodaqların qalınlığına baxanların vəhşi qəzəbə söykənən kor ehtirasları, it xislətli Poliqrafların şapşapı oğurluğu, bütün bunların fonunda rəhmətlik Elçibəyin elə Sabir Rüstəmxanlının timsalında seçilmişlərimizi hədəf götürərək BU ADAMLARı təhqir edənlərə sərt təpkiylə “sən nə zamandan əxlaqını yedin ki, Rüstəmxanlıya münasibətdə belə düşüncə sərgiləyirsən!?” fikrindən doğan sorularıma cavab ala bilməsəm də, yenə də AĞSAQQAL SÖZÜNÜN ÇƏKİSİ baxımından Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi SABİR RÜSTƏMXANLININ DEDİKLƏRİni oxucuların diqqətinə çatdırıram.
- Sabir bəy, Səni Tanımaq istəyən, Gəncə qapısından Xəbər gözləyənlər var. Zamanı içimizdən keçirib Qan yaddaşımızı silkələyəndə Ana Dilimizə “sağ ol” deməyimiz hansı sevgidən, hansı qorxudan doğub? Didərgin düşmüşük, BÜTÖVLÜYÜMÜZ xar olub! Göy Tanrı, Atamın Ruhu Haqqı Xətai yurdu talanıb! Difai Fədailərimiz, Cavad Xanlarımız yoxa çıxıb, məmləkətə sahib çıxacaq Orxanlarla görüşmək istəyimiz əngəllənir. Biz bir Ölüm Zirvəsindəyik, məmləkəti Sunami təhlükəsi gözləyir! Və bütün bu qeyd olunanlar Sənin Xalqının Ömür kitabıdır. Buyur, günümüzün Manifestini söylə...
- Əslində, bu sual bütövlükdə mənim keçib gəldiyim yola və yaradıcılığıma işıq salır və bu suala görə sənə öz təşəkkürümü bildirirəm. Zaman-zaman mənə belə sosial sifarişlər gəlib ki, biz Səndən yeni bir “Ömür kitabı” istəyirik. O kitab bitməyib, bu gün də davam edir. Davam edən bu kitabda dəyərli oxucularım “Dağların intiqamı”nı görəcəklər... Bu gün yaranmış bəzi sorunların çözülməsində adını qeyd etdiyim roman açar rolu oynaya bilər. Yəni, məsələyə bədii yöndən yanaşası olsaq, romandakı dağlar öz intiqamını almalıdır...
- “Dağların intiqamı”nın açar rolu oynayacağına siyasi yöndən yanaşma nələri deyir?
- Məsələnin siyasi yöndən həlli kompleks yanaşma tələb edir. Bu, təkcə məndən, Vətəndaş Həmrəyliyi Partiyasının tutduğu ideoloji-siyasi kursdan asılı deyil. Müstəqilliyimizi qazanandan sonra Azərbaycanda separatist meyllərin güclənməsini, yeni yaranan siyasi partiyaların bir-birinə düşmən münasibətini gördükdə Vətəndaş Həmrəyliyi Partiyasının yaradılmasını günün zərurəti hesab etdim və dostlarla birgə bu addımı atdıq. Bütün dünyada olduğu kimi Azərbaycanda da fərqli düşüncəyə, fərqli dünyagörüşünə malik olan ideoloji-siyasi kurslar mövcuddur. Bu kurslar üzrə öz siyasi fəaliyyətini yönləndirməkdə qorxulu bir şey yoxdur və bu, özlüyündə demokratik yanaşmadır. Neyləyək ki, deyildiyi kimi, demokratiyanın çoxlu qüsurları var, ancaq ondan yaxşısı da tapılmayıb. Cavabdehlik və məsuliyyət hissini əsas şərtlərdən hesab edən demokratiyada seçki başlıca rol oynayır. Azərbaycanda 50-dən yuxarı siyasi partiya olsa da, ancaq bir çoxunun nə niyyətlə yaradıldığı bilinmir.. Vətəndaş Həmrəyliyi isə aydın bir ideyadır və mənim düşüncəmə görə, Azərbaycan dövlətçiliyinin qorunması baxımından daha zəruri səciyyə daşıyır. Vətəndaş həmrəyliyi ideyası birbaşa Məmməd Əmin Rəsulzadənin təsanüd nəzəriyyəsinə bağlıdır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda prezidentliyə namizədlərin çoxu vətəndaş həmrəylindən danışırlar. Bundan vaz keçmək mümkün deyil. Azərbaycanın gələcəyi, bütün problemlərinin həlli, nicatımız vətəndaş həmrəyliyi və milli birliyimizdən keçir.
“MİLLİ PROBLEMLƏRİMİZİN HƏLLİ ORTAQ MƏXRƏCƏ GƏLMƏYİMİZİ ZƏRURƏTƏ ÇEVİRİR”
Amma aparılan müşahidələr göstərir ki, həmrəyliyin özünə münasibətdə də fikir ayrılığı var.
- Cəmiyyət içərisində həmrəyliyə soyuq yanaşmanı bir növ stumullaşdıran səbəblər var...
- Hansı səbəblərdi bu?
- Vurğulanır ki, ölkə daxilində olan oliqarxlarla acından ölənlər necə həmrəy olsunlar? Dialoqu bir yana qoyulub, tərəflər barışmaz mövqələrdən çıxış edirsə iqtidarla müxalifət necə həmrəy olsun?
- Amma söhbət burada müxtəlif qütblərin həmrəyliyindən getmir. Söhbət bizim milli problemlərimizi həll etmək naminə ortaq məxrəcə gəlməyimizin vacibliyindən gedir.
Heç şübhəsiz, bunsuz ölkəmizin xoşbəxt gələcəyi mümkün deyil. Bu mənada indiki durum məni çox narahat edir. Bu gün Azərbaycanda normal iqtidar-müxalifət müstəvisindən kənara çıxmış xaotik münaqişə, xaotik fikir dartışması var. Həm iqtidardaxili, həm müxalifətdaxili fikir müxtəlifliyi isə daha eybəcər şəkil alır. Siyasətə söyüşün gətirilməsi adamda təəssüf doğurur. Dünənə kimi bir yerdə olan adamlar uzun illər təmsil olunduğu qurumdan bircə addım aralanan kimi tam fərqli, tam əks mövqedən çıxış etməyə başlayırlar. İnternet resurslarından gen-boluna istifadə etməklə şəbəkə halında formalaşan inkarçı qruplar yaranıb. Həm eyni, həm də ayrı düşərgənin nümayəndələri olan adamların bir-birini təhqir etməsi siyasi mədəniyyətin aşağı olmasından xəbər verir.
Bir jurnalist hansısa bir status paylaşan kimi ağına bozuna baxmadan bildirilən münasibətlərdə adam əsaslı-əsassız, təhqir olunur, məqsədli şəkildə həmin kəsə qarşı sevgi və ya nifrət formalaşdırılır. Bu, cəmiyyətdə insanları təklənməyə aparıb çıxarır. Belə dağıdıcı kurs bizim düşmənə qarşı gücümüzün zəiflədilməsinə yönəlib
“BİZ XIRDA DİDİŞMƏLƏRİN QURBANI OLMAQ İSTƏMİRİK”
- Həm müxalif opponentlərinizin təqdimatlarında, həm də şəbəkə mətbuatının “sayəsində” çaşdırılan ictimai fikrə “Sabir Rüstəmxanlı nə o yanlıq, nə də bu yanlıqdır” dezosu hakim kəsilib. Siz haradasınız?
- Biz millətin yanındayıq! O yan və bu yan kimdir? Mən öz yanımdayam, mən öz yerimdəyəm. Bunu deyənlər məni kimin yanında görmək istəyirlər? Hakimiyyətin, yaxud hansısa özlərinə yaxın bir adamın? Bu onların görmək istədikləridir, mənim yerim deyil. Mənim kitablarımda olan ideyalarla boy atan kəsləri mənə “mübarizə adamı” kimi təqdim edənlər mübarizənin necə aparılmasını başa düşməyənlərdir. Mənim öz partiyam və öz mövqeyim var. Mən VHP-nin sədriyəm və öz ideyalarımın, uğrunda ömrümü sərf etdiyim amalların və bütövlükdə millətimin yanındayam və hər zaman bu mövqedə olacam. Tutduğumuz yolun üstündəyik, izlədiyimiz vətəndaş həmrəyliyi ideyasının arxasındayıq və onun ardınca gedirik. Bütün narazılıqları da öz mövqeyimizlə yumşaltmağa çalışırıq.
- O hansı narazılıq və hansı yumşaldıcı mövqedir?
- Mövqeyumşaldıcı marağımı nəzərə alsaq, narazılıqlar haqqında danışmağa dəyməz. Mövqeyimsə xalqın, əzilən insanların, acların, yalavacların, işsizlərin mövqeyidir. Söyülən, təhqir edilən bütün adamların günahı hakimiyyətin boynundadır. Cəmiyyətdə elə bir narazılıq mühiti yaradıblar ki, yaxşı işlərini də dilə gətirəndə də, məsələyə obyektiv yanaşanda da buna başqa rəng verilir. Amma bizim borcumuz həqiqəti söyləməkdir. Hakimiyyət uğrunda mübarizədə ədalət qurban verilməməlidir.
Verdiyin sual kontekstində çıxış edənlər özlərini harada hiss edirlər - söyüşün zirvəsində, yoxsa münaqişələrin mərkəzində? Hanı müxalif düşərgədə formalaşan saysız-hesabsız birliklər? O birliklər və o birliklərin yarandığı anda, fəaliyyətləri dövründə siyasi liderlərin verdikləri açıqlamalar saf-çürük edilsə, nələrin şahidi olarıq? Elə həmin münaqişələr düşərgəni param-parça etmədimi? Mən həmin münaqişələrə qoşulmaq istəmirəm...
- Amma çox vaxt belə qoşulmamağınızı mövqesizlik kimi qiymətləndirirlər...
- BU, mövqesizlik yox, mövqeyi düzgün qiymətləndirməkdir. Öz dostlarını, çiyin yoldaşlarını anlaya və dəyərləndirə bilməyənlər boş-boş iddialarının qurbanına çevirdikləri partiyalarının, onlardan ayrılanların açıqlamalarının mətninə diqqət etsinlər. Biz xırda didişmələrin qurbanı olmaq istəmirik.
- Amma haqqınızda söylənən yanlış yanaşmalar, şantajlar da səngimir. Heç bezdirmədimi bu yanaşmalar, bu yanlışlıqlar?
- Əlbəttə bir yazıçı, Söz Adamı üçün özü haqqında yalan, böhtan eşitmək çox ağırdır. Arada istədim ki, səslənən bütün yanlışlıqlara cavab verəm. Gördüm ki, onda gərək işlərimi bir yana qoyub, bütün vaxtımı buna sərf edəm. Yaradıcılıq işlərimin artdığı bir dönəmdə az qala məişət səviyyəsinə qədər enən məsələlərə münasibət bildirməyimə vaxtım yoxdur. Sosial şəbəkələrlə bağlılığım da işimin gərgin vaxtlarında demək olar ki, yox dərəcəsinə enir. Partiyadakı funksionerlərin çoxu da guya məni qorumaq xatirinə məni baş verənlərdən, yanlış yaparaq, xəbərdar etmirlər. Amma xəbər tutduğum məqamlara iş rejimimin gərginliyinə baxmayaraq münasibət bildirməyə çalışıram. Mənə münasibətdə siyasi müstəvidə bir səhv tapa bilməyənlər VHP-nin, DAK-ın fəaliyyətilə bağlı və müxtəlif spektrdə qərəzli yanaşmalarla çıxış edirlər. Nə etmək? Həyatdır! Hər cür düşünən və ya yönləndirilən adamlar var.
- Müstəqillik Aktını imzaladığın zaman xəyalında canlandırdığınız Azərbaycanla indiki Azərbaycan arasında paralellər aparanda harada yanlış yapdığımızı deyə bilərsinizmi?
- Əlbəttə, indiki Azərbaycanı 37 il öncənin Azərbaycanı ilə müqayisə etmək çətindir. İnkişaf danılmazdır. Ancaq çox böyük itkilərimiz də olub. Asanlıqla həll edilə bilən məsələləri qırx arşın quyuya salmışıq. Mərhələ-mərhələ, yanlış dalınca yanlış olub. Mənim düşüncəmə görə, Xalq Cəbhəsinin hakimiyyətə gəlməsində tələskənlik oldu. Ondan da böyük yanlışlıq həmin hakimiyyəti qorumamağımız, asanlıqla geri çəkilməyimiz idi. Sanki gizli bir ssenari ilə SSRİ-dən qopan bütün respublikalar eyni səhvləri və oxşar çətinlikləri yaşadılar.
“HEYDƏR ƏLİYEVİN HAKİMİYƏTƏ GƏLMƏSİNDƏ XALQ CƏBHƏSİNİN ROLU NƏ QƏDƏR İDİ?”
- Deyirsiz ki, Xalq Cəbhəsi hakimiyyətə gəlməkdə tələsdi, bəs kim gəlməli idi?
- Cəbhənin o zamankı gerçək potensialı, xalq arasındakı nüfuzu bütün seçkiləri udmağa imkan verəcəkdi. Lakin kadr potensialı baxımından Cəbhə zəif idi. Müdafiə sistemindən, siyasi və diplomatik fəaliyyətdən başlamış, iqtisadiyyatın idarəçiliyinə qədər, bir çox təcrübəsiz adam irəli çıxdı. Onların səhvləri ölkənin sonrakı taleyinə güclü təsir göstərirdi...
- Amma “təcrübəsiz adamlar”ın cəmləşdiyi hakimiyyət iyerarxiyasında o zaman rəhmətlik Heydər Əliyev də təmsil olunurdu, SSRİ boyda bir imperiyanın əsas söz sahiblərindən biri olmuş böyük siyasət adamı...
- Düzdür Məclisdə, xüsusən Müstəqilliyə münasibətdə mövqeyimiz eyni idi, lakin Heydər Əliyev o zaman, belə demək mümkünsə, kənara itələnmişdi. Çoxları da belə zənn edirdi ki, o, elə kənarda müşahidəçi kimi qalacaq və hakimiyyətə iddialı olmayacaq. O isə Naxçıvanda hakimiyyətini möhkəmləndirməklə həm də Cəbhə hakimiyyətini zəiflədən səhvləri müşahidə edirdi. Xalqın münasibəti də ortalıqda idi. Xalq onun rəhbərlik etdiyi dövrü xatırlayırdı və tərəfdarlarının sayı da durmadan artırdı. Məncə, hakimiyyətə öncə Heydər Əliyev, sonra Xalq Cəbhəsi gəlməliydi. Və ya onlar hakimiyyətə bir yerdə gəlməli idilər.
- Heydər Əliyevin hakimiyyətə gəlməsində Xalq Cəbhəsinin rolu nə qədər idi?
- Buna bənzər suallara dəfələrlə cavab verilib. Xalq Cəbhəsi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Daxili və xarici xəyanət və təzyiqlərlə dalana dirənəndə, başqa yol tapa biməyəndə.
- Bir yandan Heydər Əliyevi hakimiyyətə dəvət edirlər, başqa bir yandan da onun siyasi kursunu bəyənmirlər?
- Mən şahidəm, o zaman Heydər Əliyevin hakimiyyətə gəlməsinə rəhbərlikdəki dostlarımız sevinirdilər. Bir neçə dəfə məndən də soruşmuşdular ki, necə bilirsən, gələr, gəlməz?..
- Maraqlıdır, niyə məhz Sizdən?
- Yəqin Heydər Əliyevlə tanışlığımız, Naxçıvanda və Məclisdə onunla görüşməyim bizim yaxınlığımız fikrini formalaşdırmışdı...
“İSTEFA VƏ İMTİNA MƏDƏNİYYƏTİNİ ŞƏRTLƏNDİRƏN SƏBƏB NƏ OLUB?”
- O zamankı siyasi mühitdə Heydər Əliyevin rolunu yüksək qiymətləndirən, Cəbhə hakimiyyətinin söz sahiblərindən olan Sabir Rüstəmxanlı sonradan Heydər Əliyev hakimiyyətində nazir vəzifəsindən istefa verdi. Belə paradoksallıq baxış fərqindən qidalanırdı, yoxsa zamanın diktəsindən?
- Yəqin hər ikisindən. Heydər Əliyev hakimiyyətə 1993-cü ildə gəldi. Mən isə 1995-ci ildə istefa verdim. Bu zaman fərqini diqqətdən qaçırmayın. Zaman keçdikcə vəziyyət, yanaşmalar, siyasi mühitə baxışlar sistemi də dəyişir. Mən hesab edirdim ki, Azərbaycan çox qısa müddətdə SSRİ-nin ağır miraslarını, çəkdiyimiz zülmləri, zillətləri adlayacaq. Millət tezliklə ayağa qalxıb, bütövləşib torpaqlarını azad edəcək, demokratik, normal seçkilərlə xalqı təmsil edən bir hakimiyyət qurulacaq.
- Amma güclü ordunun yaranması, siyasi müstəvidə fəndlərin işlənməsi, potensialın cəmləndirilməsi baxımından vacib olan atəşkəs əldə olundu. Bəs “xalqı təmsil edən bir hakimiyyət” quruldumu?
- Əvvəla onu deyim ki, mənim atəşkəs məsələsinə yanaşmam fərqlidir. Atəşkəsin bir əvvəli, sonu olmazmı? O ki qaldı xalq hakimiyyətinə, təəssüf ki, bu məsələ dünyada getdikcə şirin bir ümid və arzuya çevrilib uzaqlaşmaqda və ya tarixə qovuşmaqdadır. Bu gün dünyanı kapital sahiblərinin, mason təşkilatlarının, oliqarx qruplaşmalarının gizli və açıq şəbəkələri idarə edir. Müxtəlif “bahar”ların, “xalq üsyanları”nın, demokratiya çağırışlarının, partiya və cəbhə çarpışmalarının arxasında əsasən həmin antimilli qüvvələrin maraqları dayanır…
Bütün bunlar da bizim kimi kiçik, lakin zəngin ölkələrə yaxşı heç nə də vəd eləmir.
İstefa ilə bağlı onu da deyim ki, qanunvericiliyə görə müəyyən limiti nəzərə almazsaq, Milli Məclisdə təmsil olununanlar nazir ola bilməzdilər. O zaman Heydər Əliyev mənə dedi ki, səni çıxaran yoxdur, niyə istefa verirsən? Cavab verdim ki, mən bir ayağı orada, bir ayağı burada ola bilmərəm. Qanunlarımıza sayqı ilə yanaşıram.
- Nazir postundan istefa verməyinizin səbəbləri bəlli oldu. Sabir Rüstəmxanlı həm də “Şöhrət” ordenindən imtina edib, bu siyasi mədəniyyəti də cəmiyyətimizə nümunə olaraq göstərib. Bu gün o vəzifə, o orden uğrunda fəhləsindən tutmuş ziyalısına qədər gör nələrdən keçməyə hazır olanlarımız var. Bütün bunlar hansı təəssürat və nostalji hisləri oyadır?
- O addımlar mənim həyatımın məntiqindən doğub. Umduğumuz yoldan kənar addımların atılması, Qarabağ məsələsində irəli gedə bilməmək, əksinə bir az da geriləmələr, ölkəni bürüyən qaçqın və köçkün problemi, əsirlikdə qalan soydaşlarımız, ermənilər tərəfindən talan edilən və edilməkdə olan, yağmalanan torpaqlarımız, bir loxma çörək ümidiylə qul bazarlarında beli bükülən xalqın halı və bunu qəbul edə bilməməyim məni bu mövqedən çıxış etməyə sövq etdi. O vaxt elə belə də yazmışdım ki, “bir milyin qaçqın və köçkünü olan bir ölkənin şairi döşündə “Şöhrət” ordeni gəzdirə bilməz”...
“BİZ NİYƏ BU QƏDƏR ASSİMİLYASİYA, ƏYİLMƏYƏ MEYİLLİ XALQIQ”
- O zaman Sizin bu addımınız, ictimai-siyasi çəkinizə qısqanclıqla baxanlar bunu “VHP sədrinin öz reytinqini artırmaq istəyi” kimi dəyərləndirdilər...
- Bu gülünc və sadəlövh yanaşmdır. Onda rəhmətlik Heydər Əliyev məni axtarmışdı. Aradan xeyli vaxt keçəndən sonra bir məclisdə onunla görüşəndə maraqlı bir söhbətimiz oldu. Mənə dedi ki, bu, dövlətin ordeni idi, niyə imtina elədin, səndən incimişəm. İllər öncə onun təəssüflə dediyi bir söz yadıma düşdü və bunu Heydər Əliyevə xatırlatdım; o narahatlığını bildirib demişdi ki, biz assimilyasiyasiyaya, əyilməyə niyə bu qədər meyilliyik. Bunu yada salıb dedim ki, bu məsələ hamımızı narahat edir. Bilirəm ki, bu hərəkətim mənə problemlər yaradacaq, lakin bu orden üçün sıraya düzülənləri görəndə başqa çarəm qalmadı. Bu addımımla mən bir nümunə göstərmək istədim. Görsünlər ki, millətin şairi orden və medaldan, nazir vəzifəsindən ötrü sino getməli deyil. Məncə bu cavabım ona incikliyini unutdurdu.
- Dostunuz Məmməd İsmayıl bir zaman vurğulayırdı ki, mənəviyyatımız para hesabına zorlanır. Haqlıdırmı və indiki durumda bu proses davam edirmi?
- Məmməd İsmayıl bu məsələdə haqlıdır və bu proses indi də və əslində bütün dünyada, davam edir. Maddiyyat mənəviyyatı üstələyir, adamların dəyəri elm, mədəniyyət, xidmət ilə deyil, para ilə ölçülür, Oğurluq, xalqı soymaq namuslu yaşamaqdan üstün tutulur. Bu bütün insanlığın faciəsidir. Çox təəssüf ki, KİV vasitəsilə millətə eybəcər cəmiyyət nümunəsi sırınır. Siyasi həyatda yetkinliyin olmaması, dialoq mədəniyyətin aşağılığı deyilənlərlə bağlıdır. Görünür, milli dəyərlərin dərk edilməsində və qorunmasında çatışmayan məqamlar var. 5-10 ildən sonra Azərbaycanda kadr çatışmazlığı olacaq. Heç kimin xətrinə dəyməsin, bu gün yuxarı vəzifələrdə, millət vəkillərinin və nazirlərin arasında xeyli səviyyəsiz, lakin varlı, pullu, imkanlı adamlar var. Bununla paralel millətə şöhrət gətirən alim, sənətkar, ziyalı sıxıntı içindədir. Ürəyimizdən keçənlərin, millət üçün lazım olan istəklərimizin, lahiyələrimizin heç birini gerçəkləşdirə bilmirik. İmkanı olanların isə belə bir niyyəti, düşüncəsi yoxdur...
“XALQDAN DANIŞANDA İQTİDAR, MÜXALİFƏT BÖLGÜSÜ ƏSAS DEYİL”
- Harınlamış təbəqə Xətayi yurdunu çapıb talamaqdadır. Amma elə çapıb talayanlar səviyyəsində ömür sürən müxalifət liderləri də var. Bəs onların yaşamını beləcə gözəlləşdirən nədir?
- Mən mütərəqqi millətçiliyin tərəfdarı olan, xalqı başqa düşüncələrin nostalgiyasından çıxarıb öz ruhuna, öz kökünə qaytarmaq istəyən bir ideyanın adamıyam. Millətçilik cəmiyyəti bölmək deyil, ümumi birliyə xidmət edən yanaşmadır. Buna görə də cəmiyyətdən və xalqdan danışanda iqtidar, müxalifət bölgüsünə nisbi yanaşıram. Bunların heç biri əbədi deyil. Tərəflərin hamısı bir xalqın, bir cəmiyyətin subyektləridilər. Qohum olanı, eyni tərbiyəni görəni var. Müxalifəti də ideallaşdırmıram. Ancaq onlar arsında sənin dediyin səviyyəgə yaşayan adamların olduğuna inanmıram. İnsanların halal yolla öz zəhməti və ağlı ilə zənginləşməsi isə normal isdir. Lakin xalqın taleyini , gələcəyini, mənafeyini risqə atıb qazanılan sərvət heç kimə şərəf gətirməz. İstər İqtidar olsun, istər müxalifət. Bunun hökmən bir sorqu-sualı olmalıdır. Heç nə izsiz itib getmir.
“MİLLƏTİNİN ABRI ƏLDƏN GEDİRSƏ, SƏN NƏYİ GÖZLƏYƏ BİLƏRSƏN!?”
- Mətbu hücumları zamanı dost sandıqlarınız yanınızda olmadılar. Nə ilə bağlıdır bu?
- VHP-yə çox adamlar gəlib gedib. Hamısına da mən dost kimi baxıram.
- Mən bunu VHP şərçivəsində deyil, ədəbi mühit çərçivəsində söylədim, birinə atılan daşa o birisinin biganə qalmasıyla “qara durna taleyi”ni yaşayan ədəbi mühit...
- Bu ağrını çoxdan yaşayıram. Mənə ölüm fitvası çıxarılanda nə bir yazıçının, nə bir dostun, nə bir yaradıcı təşkilatın səsi çıxdı, amma mən onlarla ziyalını müdafiə etmişəm. Qəribədir ki, dilimizə, milli kimliyimizə, tariximizə, klassiklərimizə münasibətdə də atılan daşların qarşılığında eyni susqunluğun şahidi oluruq. Səfəvilərlə bağlı çoxlu yazılar yazan Güntay Gəncalpı tanıyırsan, güneyli soydaşımızdır. Onun yazılarına nədənsə heç kim cavab vermir və təəssüf ki, getdikcə daha ziyanlı, milli mənafeyə zidd yazılar yazır. Mən cavab verdim, indi bu tipli cavablardan, dialoqlardan ibarət bir kitab hazırlamışam. “Milli mənafeyimiz və biz” adında. Ziyalılar böhtanlara, tariximizlə bağlı yalanları cavabsız qoymamalıdır. Di gəl, hər kəs öz abrını gözləyir. Lakin indi elə bir durum yaranıb ki, birini müdafiə eləyəndə müdafiə olunan qalır bir yanda, sən hədəfə çevrilirsən... Millətinin abrı əldən gedəndə, sən nəyi gözləyə bilərsən!?
- Ortalıqda bir paradoks var: son dövr müstəqil mətbuatımızın hamisi və yaradıcısı olan bir ağsaqqal elə həmin mətbuatın qəlsəmələri arasında özünə yer alan mətbu infuzorların əliylə ikili standartın daşıyıcısı kimi təqdim olunub gözdən salınır. REALlıqda nə baş verir? Ölən balıqların Xəzər dili BİZə qənim kəsilibmi?
- Maraqlı sualdır. Yanıma kitablarımdan bircə sətir belə oxumayan jurnalist gəlir, müsahibə götürmək istəyir. Beləsi üçün jurnalistika məsuliyyəti deyilən bir şey yoxdur. Onlar tanımadığı adamları sorğulamağa qalxırlar, bilmirlər ki, yanına gəldiyi adamın Azərbaycan mətbuatı, ədəbiyyatı, mədəniyyəti, müstəqillik tarixi qarşısında nə xidmətləri var. Hətta keçən əsrin 80-cı illərində Azərbaycanın ilk müstəqil qəzetini mənim buraxdığımı da bilmirlər. Belə olanda əlbəttə yalan və iftira da baş alıb gedir. Biz hamılıqla mətbuatımızı bu korkoranə yazılan səthi cızmaqaralardan qorumalıyıq. Amma dəyər verildi-verilmədi içimdə bir rahatlıq var ki, mən bu işi görmüşəm. Yaradıcı insanlar təkcə bu gün üçün yaşamırlar, hər birinin bəlli bir hədəfi var.
- Nədir o hədəflər?
- O hədəflər mənim sizləri maraqlandıran Manifestimdir. Kitablarımı oxuyanlar bu sualı verməzlər…
- Kitablarınızın hər birini mən oxumuşam və Sizin uğrunda mücadilə apardığınız ideallar da zatən mənə bəlli…
- Şübhəsiz ki, bu qənaətimin Sizə aidiyyatı yoxdur. Əgər mənə kimlərinsə hansısa ittihamları yönəlirsə, görünür o kəslərin mənim siyasi fəaliyyətimdən, ədəbi yaradıcılığımdan xəbəri yoxdur. Bizim birinci “manifestimiz” ölkəmizin SSRİ-nin tərkibindən qopması və müstəqilliyini bərpa etməsi idi. Bu yolda fəaliyyətimi xalq meydanlarda, mətbuatda və kitablarımda gördü. İndiki “manifestim” həmin yolun davam etdirilməsi, torpaqlarımızın düşmən işqalından azad edilməsi və ölkədə qanunun aliliyini əsas götürən və seçki yolu ilə formalaşan normal, demokratik, çevik bir hakimiyyətin formalaşdırılmasıdır. Hədəfim Azərbaycanın gələcəyidir, bütövlüyüdür, Güneyin İstiqlalıdır, Türk dövlətlərinin yaxınlaşmasıdır, bölgəmizdə cabit bir durumun yaradılması, Avropa birliyinə bənzər bir birliyin qurulmasıdır, Turandır... Heç bir yardım olmadan, öz məhdud imkanımla bu hədəfə doğru uzanan yollarda çox əziyyətə qatlaşmışam. Uzun illərdir Azərbaycan Dil Qurumuna başçılıq edirəm. “Bakı-Təbriz” jurnalı buraxmışam. Bütün Türk Dünyasını gəzib ortaq tariximizin, ortaq ədəbiyyatımızın araşdırılması, ortaq dəyərlərimizin təbliği istiqmətində əlimdən gələni etmişəm. Və bütün bunları mən həm də Sözümlə, yaradıcılığımla deməkdəyəm. Bu xöşbəxtliyimi xırda və ötəri qəzetçilik maraqlarına, mənə olan biganəliyə qurban verə bilmərəm... Bu, Allahın verdiyi bir taledir və manifest kimi gurultulu adları ömrümün mahiyyətini oluşduran bu ideallara yaraşdırmıram..
Hər zaman söyləmişəm, indi də deyirəm. Bu gün elə bil hansısa şəbəkə Azərbaycan gəncliyini, bütövlükdə cəmiyyəti narazı salmaq xətti götürüb. Gəncliyi sosial problemlərlə üz-üzə qoymaqla onları sarsıntı halına gətirmək adiləşib. Gənclərə şərait yardılmayanda, Vətən sahib çıxmayanda onlar da başqa ölkələrə sığınmağa məcbur olurlar. Bir hissəsi normal fəaliyyətlə məşğul olsalar da, digər hissəsi mübarizə adı altında dövlətimiz üçün yeni problemlər yaradır. Əslində bu xöşagəlməz ənənənin yaranmasında iqtidardakı bəzi məsuliyyətsiz məmurlar günahkardır. Diasporla və müxalifətlə münasibətlər düşmənçilik müstəvisində aparıla bilməz. Bu iş özəl yanaşma və bacarıq tələb edir. İndiki qarşıdurmanı iqtidar özü yaradıb. Əlindəki media resursları, səviyyəsiz teleproqlamları ilə, əslində özlərini gözdən salan “kuklaların” və “siyasətçilərin” xalqda gülüş və istehza doğuran verlişləri və yazıları ilə. Buna iqtidarın özünüqoruması və öz təbliğatını aparması kimi baxılır. Lakin bu peşəkarlıqla və layiqli adamların dili ilə aparılmayanda lətifəyə çevrilir və bumeranq kimi hakimiyyətin öz üstünə qayıdır. Bu barədə narazı gənclərlə danışanda sual yaranır ki, qanunlar pozulanda, xalqın maraqları unudulanda, iqtidar bizi adam yerinə qoymayanda başqa hansı yolumuz qalır. Məncə, siyasi mübarizədə, dialoqda üstünlük bir-birini daha bərk təhqir etməklə yox, əksinə qanunsuzluğa – qanun daxilində, ədalətsizliyə-ədalətlə, vəhşiliyə-insanlıqla cavab verməklə qazanılır. Xalq özü hər şeyi seçir və haqq olanı qəbul edir.
- Bir müddət bundan öncə Azərbaycan COĞRAFİYASInda Poliqrafın İt xislətləriylə bağlı oynanılan virtual tamaşada jurnalistikaya qəfil hücum sezildi. Mətbuatın “Mediya generalları” bununla bağlı susdu. Bəs AĞSAQQAL nə deyir, Poliqrafların hərəkət tərzləri zəncirləndikləri yerin mahiyyətindən irəli gəlir, yoxsa onu zəncirləyənlərin özünüqoruma instinktidir bu?
- Belə münasibətdə jurnalistləri deyil, şəraiti günahlandıraram. Onları bu yola itələyən və dediyiniz Poliqrafın öz it xislətini bəyan etməsini stumullaşdıran səbəb nədir? Hərənin bir problemi, hərənin öz dərdi, hərənin yaşamaq uğrunda öz mübarizəsi var. Hesab edirəm ki, şəbəkələşən mətbuatda jurnalistə sifariş verənlər günahkardır. Lakin Poliqrafın etdiyi qəfil hücumsa daha çox onun öz xislətindən irəli gəlir.
“CƏMİYYƏTİN PROBLEMLƏRİ SUALLARA CAVABLA DEYİL, İŞLƏ HƏLL OLUNUR”
- Qərbin Azərbaycan İnsanını “laboratoriya sakini”nə çevirmək cəhdi nə ilə nəticələnə bilər?
- Yaxın xarici götürəndə istər İran olsun, istərsə də Rusiya Azərbaycanın təcrübə poliqonuna çevrilməsi istiqamətində ciddi işləyir. Adıçəkilən dövlətlər Azərbaycan daxilində həm öz tərəfkeşlərinin sayını artırırlar, həm də missionerlər yetişdirməyə çalışırlar. Hakimiyyət uğrunda gedən gizli savaş çox ciddi problemlər yaradır. Qonşu ölkələrin və Qərbin kəşfiyyat orqanları müxtəlif adlar altında müxtəlif təşkilatlar formalaşdırıb onların Azərbaycanda fəaliyyətinin inkişaf etdirilməsi üçün nə qədər çabalar göstərsələr də, Azərbaycan layiq dövlət olaraq qalmaqdadır. İnancı siyasətin qulu etmək yanlışdır.
- Göy Tanrıya and içirsiniz, yoxsa Allaha?
- And içməyi sevmirəm. Yaradana Tanrı deyirəm. Bir şerim var - “Tanrıçıyam, bilirsən!” Onu deyim ki, sənin suallarının bəzisinə cavab vermirəm. Çünki cəmiyyətin elə problemləri var ki, cavabla həll olunmur, işlə həll olunur. Bunun yolu verilən təhsildən, məktəblərdən, televizyalardan, hər bir evə, hər bir ailəyə nüfuz etməkdən keçir. Hərdən itib gedən, boşuna sərf olunan gücümüzdən, potensialımızdan ötrü heyfsilənirəm. Təsəvvür elə, 5 ilə yaxın mətbuat naziri, 10 il “Ədəbiyyat” qəzetinin şöbə müdiri, 10 il “Yazıçı” nəşriyyatının baş redaktoru, 2 il də “Azərbaycan” qəzetinin baş redaktoru olmuşam, bütün ömrüm mətbuata həsr edilib. Özünü mətbuatın yuxarı ranqlı məmuru kimi aparanlar sanki bunlardan xəbərsizdirlər, peşəkar, mütəxəssis mövqeyi ilə maraqlanmırlar. Mənim imkanlarım çərçivəsində xeyir verə biləcəyim yerlər var ki, qapıları üzümüzə qapanıb. Auditoriyalarda öz duyğularımı, milli düşüncələrimi, topladığım təcrübəni Azərbaycan gəncləri ilə paylaşmaq istəyirəm. Hərəkat dövründə mənim millli çevrəm var idi – bir milyon, iki milyon. Amma bu gün biz sanki vakkumda yaşayırıq. Kitablarımız da öz hesabımıza, az tirajla çıxır, rayonlarımızda kitab dükanları olmadığına görə kənd oxucusuna gedib çatmır. Bu yazıçının və ədəbiyyatın böyük faciəsidir və rəsmi dairələri də düşündürməlidir.
“BİLİB DEMƏDİKLƏRİM DEYƏ BİLMƏDİKLƏRİMDƏN ÇOXDUR”
- Həm VHP, həm də həmsədri olduğunuz DAK hədəflərə çatma və rəqiblərin zərərsizləşdirilməsində real potensialını yönləndirə bilməyib, real güc konsalidə olunmayıb, problem nədədir?
- Bu məsələdə tələb və imkan prinsipi nəzərdən qaçırılmamalıdır. Elə bu kontekstdə qəzetimizin, jurnalımızın bağlanması da bir sübutdur. Neçə müddətdir ki, qurultayımızı keçirə bilmirik. Dövlət tərəfindən ayrılan maliyyə dəstəyilə aparatda oturan işçilərin əmək haqqını ancaq vermək olur. Həmin pulla hansısa qəzet çıxarmaq, hansısa hədəfə çatmaq mümkün deyil. Burada maddiyyatla yanaşı başqa bir məsələ də mövcuddur. Partiyaya gələn adamlar həm də öz fərdi problemlərinin həllində maraqlı olurlar.. Ancaq bu məsələnin həllində nəinki müxalifət partiyası, hətta iqtidar partiyasının özü də acizdir. Partiyalardan, digər qurumlardan qopmaların sırasında bu amil də var.
- Mənim müraciətimdəki sosial sifarişlə “siyasətçi həqiqəti deməyiylə dəyərlidir” söyləyən Aydın Canıyev Qarabağ probleminə münasibətdə “Rüstəmxanlının bildiyi ayrı bir yol varmı?” sosial sifarişi üst-üstə düşdü. Mən Aydın bəyə bunun cavabında təkcə kitablarınızın adlarını sadalamaqla kifayətlənmişdim. Buyurun, Sabir bəy, sosial sifarişi cavablandırmanın zamanıdır.
- Nəinki siyasətçi, ümumiyyətlə fərd olaraq hər bir kəs həqiqəti söyləməsiyilə dəyərlidir. Bu, jurnalistlərə də aiddir. Amma mən yenə də deyirəm, vaxtı çatmayan həqiqətlərin səsləndirilməsi də ziyan vura bilir. Zamanın belə “qəddarlığı”na həm də təəssüf edirəm. Yazıçı olaraq mənim idealım həqiqəti yazmaqdır. Yaradıcı insan hətta bir çox hallarda zamanı qabaqlayaraq sözünü Sözün Sehriylə deməlidir, ən azından içindəki “mən”in və bu “mən” uğrunda çarpışdığı idealların rahatlıq tapması naminə...
- Bu konuda Sabir Rüstəmxanlının deyə bilmədikləri çoxdur, yoxsa bilib demədikləri?
- Şübhəsiz bilib demədiklərim çoxdur...
- Qarabağ məsələsinin həlliylə bağlı necə?
- Həmin məsələ ayrıca bir söhbətin mövzusudur. İlham Əliyev və Azərbaycan rəsmilərinin Qarabağ probleminin həlli ilə bağlı nümayiş etdirdikləri mövqe və ortaya qoyduqları format bütövlükdə mübahisə doğurmur, bəzi məqamlarda yetərincə cəsarətlidir. Azərbaycanın torpaq bütövlüyü və Qarabağ məsələsində fikir ayrılığı ola bilməz. Lakin illər öncə turist təşkilatı adlandırdığım Minsk qrupu çoxdan öz limitini bitirmişdir. Azərbaycan öz haqlı mövqeyini müdafiə etmək üçün təzyiqi artırmalı, danışıqların yeni formaları tapılmalı, bu isdə Qarabağ köçkünləri fəallaşdırılmalıdır. Aprel döyüşləri danışıqlar yolunu hərbi təzyiqlərlə dəstəklənməsinin zəruri olduğunu göstərdi. Bu xətt davam etdirilməlidir. Bununla belə, Qarabağda uğur qazanmaq üçün əsas şərtlərdən biri ölkədə insan haqlarının, qanunun aliliyinin, ədalət prinsipinin qorunması, vətəndaş cəmiyyətinin inkişafı, əhalinin həyat şəraitinin yaxşılaşması, vətəndaş həmrəyliyinin güclənməsidir.
İgid Teymurlu