Medianın ənənəvi problemlərindən biri də oxucuların ciddi mövzulara, analitik məqalələrə, dünyada gedən prosesləri əks etdirən yazılara marağının az olması, bunun əvəzinə qeyri-ciddi şou xəbərlərinin, kriminal xəbərlərin daha çox oxunmasıdır. Başqa, sözlə jurnalist və redaktor üçün çox önəmli hesab olunan, beynəlxalq mövzulara, siyasi-ictimai, iqtisadi məsələlərə həsr olunmuş yazılar bəzən 300-400 nəfər tərəfindən oxunduğu halda, hansısa müğənninin yeni bahalı avtomobil alması, soyunması və s. ilə bağlı xəbər on minlərlə oxunur, sosial şəbəkələrdə paylaşılır, cəmiyyətdə reaksiya doğurur və müzakirə hədəfinə çevrilir.
Bəs görəsən, illərini bu sahəyə sərf etmiş insanlar, ölkənin ən öndə gedən media qurumlarına redaktorluq edən şəxslər sözügedən mövzuda nə düşünürlər?
Musavat.com saytının redaktoru Xalid Kazımlı hesab edir ki, ciddi mövzularda olan yazıların əksəriyyəti artıq insanları maraqlandırmır: “Bu, yeni söhbət deyil. Təxminın 17-18 il əvvəl də aşağı-yuxarı eyni mənzərəydi. Oxucular daha çox intriqalı, qalmaqallı xəbərləri, yazıları oxuyur, çox ciddi analitik yazıların üstündən ötürdülər. İndi isə şou-biznes xəbərləri, ucuz qalmaqallara dair yazılar önə çıxıb.
Bunun obyektiv səbəbləri var. Xalq nəticəsi olmayan mövzularda oxumaqdan bezib. Qarabağ münaqişəsi 30 ildir davam edir, bu mövzuda ildə azı 365 yazı yazırıq, çoxu da eyni fikirlər olur. Oxucular əzbərdən bildikləri şeyləri niyə oxusunlar? Yaxud seçkiyə aid xəbərlər. Hamı aylar öncədən seçkinin necə nəticələnəcəyini bilirsə, hansı analitikin “qızıl xırdalaması” onun üçün maraqlı ola bilər? Bu baxımdan kriminal xəbərlər, ucuz şou-biznes qalmaqallarına dair yazılar daha maraqlıdır”.
Axar.az saytının baş redaktoru Anar Niftəliyev isə hesab edir ki, bütün dünyada “sarı media”nın oxucuları daha çoxdur, nəinki ciddi medianın: “Bu, ona görədir ki, hətta ən intellektli cəmiyyətlərdə lokomotiv əhalinin 10 faizini keçmir. Əslində xalqın taleyini müəyyənləşdirən, dəyərlərini yaşadan, düşünən, siyasi-iqtisadi həyatını, elmini, sənətini formalaşdıran da həmin 7-10 faizdir. Bu baxımdan ciddi xəbərlərin daha az oxunduğundan narahat olmağa dəyməz, əvəzində o ciddi xəbəri oxuyanlar ölkənin taleyində rol alan kəslərdir. İkinci məqam saytların ixtisaslaşması məsələsidir. Əgər bir sayt yalnız ciddi materialların dərci ilə məşğuldursa, onun oxucu auditoriyası da o cür formalaşır və ciddi materiallarının oxunma problemi olmur. Şou materialları isə ona görə daha çox oxunur ki, onlar sosial şəbəkələrdə sürətlə yayılır. Başqa sözlə, bu tip “sarı xəbərlərin” oxucuları heç bir saytın oxucusu deyillər, onlar sadəcə, “sarı xəbərə” görə paylaşımın üstünə tıklayanlardır. Onlar oxuduqları xəbəri yaşadan da deyillər, necə deyərlər, “burdan oxuyurlar, ordan unudurlar”. Onları təxminən vaxt öldürmək üçün telefonda oyun oynayanlarla müqayisə etmək olar”.
Baş redaktorun fikrincə, informasiyanın nə olmasından asılı olmayaraq, önəmli olan insanlarda oxumaq vərdişi formalaşdırmaqdır: “Təxminən 20 il bundan əvvəl sizin baş redaktor Rauf Arifoğlu yaxşı bir söz demişdi: əsas insanlarda oxu vərdişidir, sonra onları ciddi xəbərləri oxumağa və düşünməyə meylləndirmək asandır. Hesab edirəm ki, o şou xəbərləri yayanlar bizim üçün potensial oxucu hazırlayırlar, biz isə tədricən o oxucuları öz oxucumuza çevirməyi bacarmalıyıq və buna da çalışırıq. Hesab edirəm ki, bunun ən yaxşı nümunələrindən birini yaradan da elə sizin portaldır. Musavat.com öz tirajına görə ən tirajlı “sarı media” ilə yaxşı mənada rəqabət apara bilirsə, deməli, narahatlıq üçün əsas yoxdur”.
Qafqazinfo.az saytının redaktoru Günel Əbilovanın fikrincə, bu gün saytlarda ciddi xəbər qıtlığı var: “Günlərlə ölkədə gündəm ola biləcək heç bir hadisə baş vermir. Düşünürəm ki, bizim oxucumuz da hadisə istəyir. O, hadisəni təkcə görmür, rəy yazır, tənqid edir, bəzən təhqirə keçir. Bizim auditoriya ilə ünsiyyətimiz ya xəbərlərin oxunma sayından hiss olunur, ya da facebook hesabımızda paylaşdığımız xəbərlərlə baş tutur. Təəssüf ki, bugünkü oxucu yazıya təkcə başlığa görə qiymət verir. Bir də görürsən ki, 15 şərh yazılıb, hamısı da mətni açmadan başlığa baxıb müsahibi, müxbiri, redaktoru bütün sayt kollektivini söyüb. Əlbəttə, istisnalar var, amma ümumən bu gün oxucu çox tənbəldir. Onu geniş siyasi və iqtisadi təhlil maraqlandırmır. Dəfələrlə araşdırma, təhlil yazılarını yayımlamışıq, nə sosial şəbəkələrdə müzakirə olunub, nə də oxunub. Biz bu tip materialların başlığını bir neçə dəfə dəyişirik, bəzən şoulaşdırmağa belə çalışırıq ki, oxunsun. Xeyri yoxdur, Bir il əvvəl oxucular məzənnə xəbərlərini hər gün oxuyurdu, hamı diqqətlə izləyirdi. Necə ki, manatın məzənnəsi sabitləşdi. İndi heç baxan yoxdur. Dediyim kimi, oxucu gündəm, hadisə axtarır. Biz də bilərəkdən o boşluğu şou xəbəri ilə kompensasiya edirik. Hərçənd ki, auditoriyanın şou xəbərlərinə münasibəti də qeyri-səmimidir. Sınaq üçün bir-iki müğənni ilə bağlı xəbər paylaşsaq hamı təxminən eyni şeyi yazar: “utanmırsız, qorxursuz, gücünüz ancaq belə xəbərlərə çatır, bezmişik”. Maraqlıdır ki, saytda görmək istəmədikləri, söydükləri müğənnini 5 -10 min verib övladlarının toyuna bəh-bəhlə çağırırlar”.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı bu məsələdə onlayn media ilə yazılı media arasında kifayət qədər fərq var: “İstər yazı üslubu i, istər yazıların təqdimatı, istərsə də, oxucuların tələbi baxımından. Oxucular onlayn mediadan əsasən hadisə xəbərləri istəyirlər, yəni yandı, vurdu, dağıtdı. Bu tipli, 3-5 cümləlik, odlu-alovlu məlumatlar oxumaq istəyirlər. Bir də bu mənada cəmiyyətin özünü də hansı məsələ üstündə köklənməsinin təsiri var. Hesab edirəm ki, seçkiöncəsi müddətdə bu mövzuda xəbərlər əhəmiyyət kəsb edəcək və onları oxuyanlar çox olacaq. Parlament seçkiləri ərəfəsində də bu tipli xəbərlərin tirajı artır.
Bir məsələ də var ki, hazırda onlayn mediada saxta sayğaclarla oxunma sayı artırılır. Bəzən bunun saxta olduğunu belə seçmək mümkün olmur. Sadəcə, hər bir media qurumu yaranarkən, onun öz hədəfi olmalıdır. Məsələn, mən bir media qurumu olaraq öz saytımızı hədəfə çatmış hesab edirəm. Çünki biz yazılarımızı əsasən cəmiyyətin lokomotiv hissəsi üçün hazırlayırıq və yazılarımız onlara çatır. Onlardan kifayət qədər reaksiya alırıqsa, deməli biz hədəfimizə çatmışıq. Ancaq fərqli yanaşmalar da var, özlərini şou-bizneslə tanıtmaq istəyənlər də var. Bu da normal tendensiyadır. Hərənin öz istiqaməti var və o cür hərəkət edir”.