İnterpress.az-ın əməkdaşı Səməndər Çaxmaqlı Sovet İttifaqı və Sloveniya Respublikasının qəhrəmanı Mehdi Hüseynzadənin keçdiyi döyüş yollarını araşdırmaq və onun qəhrəmancasına həlak olduğu kəndi, dəfn olunduğu qardaşlıq məzarlığını və respublikamız tərəfindən xatirəsinin əbədiləşdirildiyi yerləri görmək ordan reportaj hazırlamaq üçün Sloveniyanın Novo Qorisa şəhərinin ucqar kəndlərinə səfər edib.
Bu qəsəbə və kəndlər “Mixaylo”nun 1943-1944-cü illərdə İtaliya partizan hərəkatında böyük qəhrəmanlıqlar göstərdiyi yerlərdir. Sloveniyanın Vitovle kəndinə çatdıq. Bir neçə kənd sakinindən Mehdi Hüseynzadəni, Mehdi Hüseynovu soruşduq, tanıyan olmadı. Sonradan bu yerlərdə “Mixaylo” ləqəbilə tanınmış azərbaycanlı partizanın bu kənddə həlak olduğunu bildirdik. Kənd sakinləri bizi böyük sevgi və hörmətlə əhatəyə aldılar. Hamı onun qəhrəmanlığından danışmaq istəyirdi. Bir azərbaycanlı kimi böyük fəxr və qürur duyduq. Onlar bizi Mehdinin həlak olduğu evin yaxınlığına apardılar. İndi həmin ev uçub-dağılmaq vəziyyətindədir. Bu evdə heç kim yaşamır. Kənd sakinlərinin verdiyi bir məlumata görə, “Mixaylo”nun faşistlərlə axrıncı döyüşü bu evdə olmuş və döyüş zamanı qəhrəmancasına həlak olmuşdur. İkinci bir versiyaya görə, partizanlar silah-sursat, azuqə almaq üçün pul vəsaiti lazım olduğundan döyüş yoldaşları ilə birlikdə alman faşistlərinin işğalı altında olan yaxın ərazidə yerləşən İtaliyanın Triyest şəhərində ən böyük bankı partlatdıqdan sonra külli miqdarda pulla (mark) Vitovle kəndindəki bu evdə gizlənirlər. Lakin kiminsə satqınlığı nəticəsində almanlar bundan xəbər tutaraq və evi mühasirəyə alırlar. Gərgin döyüşlərdən sonra partizanların bir qismi dağlara-meşəliklərə çəkilmiş, Mehdi isə bu döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Bir məlumata görə isə o, ağır yaralanmış, bir gün sağ qalmış, faşistlərin əlinə keçəcəyindən ehtiyat edərək, özünü tapança güllələmişdir. Ertəsi gün 1944-cü ilin noyabr ayının 16-da partizanlar Mehdini Vitovle kəndində həlak olduğu evin yaxınlığında dəfn etmişlər. Bir həftədən sonra isə onun nəşi çıxarılaraq o zaman partizanların nəzarəti altında olan Çepovan qəsəbəsində katolik kilsəsinin həyətində “Qardaşlıq Məzarında” dəfn etmişlər. “Mixaylo”nun qəbri üzərindəki dəmir lövhəcikdə bu sözlər həkk olunmuşdur:” Rahat yat Azərbaycan xalqının qəhrəman oğlu, əzizimin Mehdi! Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaqdır.”
Fərəhli bir haldır ki, gec də olsa, bir neçə il bundan əvvəl Azərbaycan hökuməti həmin “Qardaşlıq Məzarını” abadlaşdırmış, həlak olmuş qəhrəmanların siyahısı tərtib edilmiş, “Mixaylo”nun adı isə birinci olaraq göstərilmişdir. İndi bu qəbristanlığa gələnlər müxtəlif millətlərə mənsub olan bu qəhrəmanların məzarını hörmətlə ziyarət edirlər. 2014-cü ildə Mehdi Hüseynzadənin qəhrəmanlıq xatirəsini əbədiləşdirmək üçün onun Vitovle kəndi yaxınlığındakı Çempas qəsəbəsində abidəsi ucaldılmış, xatirə muzeyi yaradılmışdır.
Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilməsi çox mürəkkəb və gərgin tarixi araşdırmalar nəticəsində çətinliklə nail olunmuşdur.
Məlumdur ki, Mehdi 1942-ci ildə Stalinqrad döyüşlərində ağır yaralanmış və almanlara əsir düşmüşdür. Stalin rejiminin sərt qanunlarına görə əsir düşən hər bir Sovet vətəndaşı vətən xaini hesab olunurdu. Mehdinin adı da bu siyahıda qeyd olunmuşdu...
Lakin bir müddət sonra Mehdi dostlarıyla birlikdə alman əsirliyindən qaçmış və partizanlara qoşulmuş, faşistlərə qarşı əzmlə vuruşmuş, böyük qəhrəmanlıqlar göstərmişdir. Maraqlıdır ki, müharibədən sonra 1946-cı ildə Mehdi Hüseynzadə vətən xaini, cinayətkar kimi axtarılarkən, ona cinayət işi açılarkən, o, 1944-cü ilin dekabrında qəhrəmancasına həlak olmuş, bütün Balkan bölgəsinin fəxri qəhrəmanı kimi tanınmışdır.
1948-ci ildə İtaliya Kommunist Partiyasının birinci katibi Polmiro Polyatti Moskvada qonaq olarkən, Sovet İttifaqı Kommunist Partiyasının iclasında çıxış edərkən, İtaliya Partizan hərəkatının igid qəhrəmanı Mehdi Hüseynzadə haqqında geniş məlumat vermiş və bu qəhrəmanlıq sənədlərini, “Mixaylo”nun sağ qalan partizan dostlarının müraciətini Stalinə təqdim etmişdir. Həmin sənədlərin araşdırılması məsələsi Azərbaycan MTK-ya tapşırılmış və bu məsələ o zaman MTK-nın mayoru H.Əliyevə həvalə edilmişdir. Lakin Stalin rejimi dövründə əsl həqiqətin öz əksini tapması o qədər də asan iş deyildi.
Bir neçə ildən sonra Yuqoslaviya Kommunist Partiyasının baş katibi Bros Tito Moskvada Stalinlə görüşərkən “Mixaylo” haqqında qəhrəmanlıq sənədlərini, Yuqoslaviya partizanlarının müraciətini ona təqdim etmiş və onun qəhrəmanlığı haqqında geniş məlumat vermişdir. Lakin bu sənədlərə də əhəmiyyət verilməmişdir. Maraqlıdır ki, Stalinin ölümündən sonra da “Mixaylo”nun qəhrəmanlıq sənədləri bir müddət arxivdə saxlanılmışdır.
Nəhayət, “Mixaylo” haqqında Balkan dövlətləri partizan hərakatı üzvlərinin çoxsaylı müraciətindən, yüzlərlə qəhrəmanlıq sənədlərinin təqdimatından sonra 1957-ci ilin aprelin 11-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə müharibə illərində göstərdiyi qəhrəmanlığa görə Mehdi Hənifə oğlu Hüseynzadəyə Sovet İttifaqı qəhrəmanı adı verilmişdir.
“Mixaylo” həqiqətən əfsanəvi qəhrəman olmuşdur. Onun göstərdiyi igidliklərin say-hesabını sadalamağa ehtiyac yoxdur. Bütün keçmiş Yuqoslaviya dövlətlərinin əksəriyyətində Mehdi Hüseynzadə hörmətlə yad edilir, onun qəhrəmanlığı böyük iftixarla yada salınır. Maraqlıdır ki, o əksər kəşfiyyatlara, ən çətin tapşırıqların yerinə yetirilməsinə, partizanlarının həyatını təhlükə qarşısında qoymamaq üçün təkbaşına gedirmiş. Alman, fransız, ispan, italyan, rus dillərini mükəmməl bilən “Mixaylo” bütün tapşırıqları nümunəvi yerinə yetirirmiş. Onun haqqında çox maraqlı tarixi əsərlər və məqalələr yazılmışdır. Bunlardan biri 2 cilddən ibarət çox mükəmməl tarixi əsər olan sloveniyalı tanınmış yazıçı Peter Amalettinin “Mixaylonun təkbaşına qisası” adlı povestidir. Bu tarixi əsərdə “Mixaylo”nun bütün qəhrəmanlıqları dolğun şəkildə öz əksini tapmışdır. Onun bütün qəhrəmanlıq yollarını nəzərdən keçirdikdə, xalqımızın bu igid oğlu ilə fəxr edirik. Sloven xalqının bu igid qəhrəmana böyük məhəbbətini ifadə etmək üçün bu yaxınlarda paytaxt Lyublyana şəhərində Mehdi Hüseynzadənin möhtəşəm abidəsinin açılışı olacaqdır. Sloveniyanın məşhur “Roqaşka” tibbi-istirahət mərkəzində dincələn və məşhur “Donat” mineral suyu ilə müalicə olunan həmyerlilərimiz Çepovan qəsəbəsində qardaşlıq məzarında uyuyan xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadənin qəbrini də ziyarət etməyi unutmamalıdırlar.
Səməndər Çaxmaqlı – Dünya Azərbaycanlıları Konqresi
“İrəvan xanlığı torpaqlarına dönüş” İctimai Birliyinin rəhbəri
Bakı- Sloveniya- Bakı