Azərbaycan türklərində belə bir məsəl var: “Əmanətə xəyanət namərdlikdir”. Söhbət 1992-1993-cü illərdə və sonralar vətəndaşların müstəqil Azərbaycan Respublikasının banklarına qoyduqları əmanətlərdən gedir. O zaman mərhum prezident Əbülfəz Elçibəyə “Banklara əmanət qoymaq olarmı?” sulaına cavab olaraq bildirmişdi ki, niyə olmur, bu vaxta qədər pullarınızı işğalçı Rus İmperiyasının banklarında saxlamışdınız, indi isə müstəqil dövlətimizin banklarında (əmanət kassalarında) saxlaya bilərsiniz. O ki, qaldı əmək haqqı – pul əvəzinə verdiyimiz “Dövlətdaxili uduşlu isiqraz”lara, nə vaxt istəsəniz, onu manatla dəyişdirə, yaxud uduşlu lotereya kimi istifadə edə bilərsiniz... Bu inamlı təminatı qəbul edən bir çox vətəndaşlar hərc-mərclik, hakimiyyət davası dövründə riskə gedərək, qəpik-qəpik yığdıqları pullarını müstəqil dövlətin banklarına etibar etdilər.
Sonralar hamıya məlum olan proseslər nəticəsində hər şey alt-üst oldu, inflyasiya nəticəsində, kasıb-kusubun banklarda saxladığı əmanətlər qəpik-quruşa çevrildi. Qeyd edim ki, varlılar, imkanlı adamlar pullarını heç vaxt yerli banklarda saxlamırlar. Onlar üçün ən etibarlı məkan ya Avropa bankları, ya da varidatı qızıl külçələrə çevirərək, torpağa basdırıb saxlamaqdır.
Ötən illər ərzində, bu məsələ ilə bağlı hakim dairələr tərəfindən əmanətçilərin haqqlarının bərpa ediləcəyi və həmin əmanətlərin o zamankı alıcılıq meyarı çərçivəsində qaytarılacağı barədə ortaya tez-tez söz-söhbət atılsa da, hələ ki, heç bir nəticə yoxdur. Maraqlıdır ki, ehtiyacı olan bir çox əmanətçilər indi qəpik-quruşa çevrilmiş həmin əmanətləri almaq üçün əlaqədar banka müraciət etdikdə, imtina cavabı alır və bu məsələ barədə sərəncam olmadığını bildirirlər. Öz halal pulumu geri götürməyə nə sərəncam?!
Əmanətçilərin müraciətinə əsasən, apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, barəsində bəhs etdiyimiz əmanətçilərin sayı və ödəniləcək pulun miqdarı çox deyildir. Azərbaycan dövləti və hökuməti bu məsələni tezliklə həll etməyə qadir olan bir ölkə sayılır.
Bir neçə il bundan əvvəl ölkə prezidenti İ.Əliyevin sərəncamı ilə Sovetlər dönəmində vətəndaşların banklardakı əmanətləri sahiblərinə müəyyən edilmiş kriteriya çərçivəsində qaytarıldı. Bu, əhalinin maddi durumunun yaxşılaşmasına xeyli kömək etdi. Çox güman ki, yaxın zamanlarda böyük məbləğ təşkil etməyən, 1992-1993-cü illərdə və sonralar banklara qoyulmuş, inflyasiyaya uğramış əmanətlərin, “Dövlət daxili uduşlu istiqraz” ların məsələsi ədalətli formada öz həllini tapacaqdır. Əmanətçilər buna inanırlar. Əmanətə xəyanət etmək olmaz.
SƏMƏNDƏR ÇAXMAQLI – Araşdırmaçı jurnalist