Kitab oxucunu ən qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlərlə tanış edir, dövlətlərin siyasi müstəvidə müqayisəli təhlilini verir.
İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlamış, ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Braziliya və bütövlükdə BMT-nin tamhüquqlu üzvü olan 193 dövlətin müxtəlif təbii, coğrafi ərazi və əhali xarakteristikasına, insan inkişafı indeksinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində tutduğu yerə və rola görə siyasi sistemlərini hərtərəfli təhlil ediblər. Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə - dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilib.
Əli Həsənov və Adil Vəliyev müasir siyasi nəzəriyyələrə əsaslanaraq sosial-siyasi quruluşun əsas meyllərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil edirlər.
Müəlliflərə görə siyasi sistem hakimiyyətin sosial məzmununun səciyyəsini, onun daşıyıcısı olan hakim dairənin xarakterini, iqtisadi quruluşu; hakimiyyətin həyata keçirildiyi və siyasi münasibətlərin cərəyan etdiyi təsisatlar və təşkilatlar sistemini göstərir, siyasi hakimiyyət və təsisatların fəaliyyət prinsiplərini, normalarını, bu fəaliyyətin yönümünü müəyyən edir. Bu baxımdan cəmiyyətin siyasi sisteminə daxil olan təsisatlar ya bilavasitə, yaxud da öz ictimai hərəkatları və siyasi təşkilatları vasitəsilə dolayısı ilə dövlət həyatında maddi və mənəvi varlıqların idarə edilməsi və bölüşdürülməsində iştirak edərək ayrı-ayrı sosial qrupların çeşidli maraqlarını ifadə edir.
Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə - təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir.
Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Yəni, əvvəllər hər bir ölkənin idarəçilik sistemi onun daxili işi sayılırdısa, yeni dünya nizamının bərqərar olduğu XXI əsrdə bu, transmilli xarakter alaraq, beynəlxalq aləmin diqqət mərkəzinə çıxarılıb.
Müəlliflərə görə, bu kitabın əsas məqsədi dövlətlərin siyasi sistemlərinin açıqlanması ilə məhdudlaşmır, əsas niyyət bu ölkələrin siyasi idarəçilik rejimləri ilə bağlı forma, mexanizm və digər komponentləri izah etmək, onların əhatə dairəsini müəyyənləşdirmək, nəhayət bu sahədə ümumi sistemin funksiya və vəzifələrini göstərməkdir.
Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və zəngin məlumatları özündə ehtiva edən bu kitab ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri üçün dəyərli əsər və əvəzsiz mənbə olacaqdır.