"Kişidi" bu
Nə ağır yatmış idi, oyandı bu oğlan, “kişidi” bu!
Bicliyin tapıb yolun, qandı bu oğlan, “kişidi” bu!
Bax onun yeri gəldi, tez tələsik sabunlanıb girməyinə,
Ölür yaltaqlıq üçün hər “yekə”yə bu şeytan, “kişidi” bu!
Desələr olmalısan tərki libas, indi buna yoxdu gərək,
Dürt əyninə biz deyəni, geyəcək yubka-filan, “kişidi” bu!
Duracaq qulluğunda hər “ağa”nın, bir xahişi xatirinə,
Qulluq edəcək at-itinə, olacaq mehri həyan, “kişidi” bu!
Salar şeytanlıq yoluna, qoşar murdar əmələ əhli-əyalın,
Yıxar evlər, qoyar milləti ağlar, bu heyvan, “kişidi” bu!
Satar mərdi-namərdə, təki tapşır ona dursun üzə,
Olar yal verənin nəsli-zatına qurban, “kişidi” bu!
Axır ki, verdilər iş verənə iş, indi olub, “söz” sahibi,
Çəkib xəncərini, uddurur yalavac millətə qan, “kişidi” bu!
Səbr eləyin, gün gələcək, düşəcək zor tələyə tay-tuşu ilə,
Bax onda deyəcək əhli-nalan, külli müsəlman, nakişidi bu
Tanrı nəsihəti
Tanrı dərgahına gəldi bir səda:
“Bir bəndə peydadır fani dünyada,
Rəbb bilir özünü ölkəyə, elə
Peyğəmbər olmağın gətirib dilə”
Bir anlıq xaliqin od nəfəsindən
Titrədi göylər də onun səsindən.
Tutub yaxasından küncə dirədi,
O iblis məxluqa bax belə dedi:
- Cisminə ruh verib, can verdiyim kəs,
“Deyilər fənadır qəlbində həvəs”
Hər zərrin taleyi əlimdə ikən,
«Ol» deyib, olmağın dilimdə ikən,
Nədən aqil olub, başa keçmisən,
Özünü kütləyə sərdar seçmisən?
Kar olub qulağın, kor olub gözün,
Bu yazıq millətə varmı bir sözün?
Dünyanın xaliqi mənəmsə əgər,
Bilmədim məxluqu padişah, nökər,
Əbədi varlığı, hər bir neməti,
Ziynəti, sərvəti, varı, dövləti,
Bərabər bölmüşəm, bərabər alın,
Ülfətlə yaşayın, birgə ucalın.
Çoxları dünyada «mənəm»dedilər,
Axırda qan qusub, zəhər yedilər.
Dövrəndə cəmlənib dana-doluqlar,
İşverən, başkəsən, hər cür qoduqlar.
Yaltaqlar yanında quyruq bulayır,
Rəzillər ölkədə meydan sulayır.
Min üzlü, min sözlü, rəzil, avara,
Pəncənin altında gəlirlər kara,
Məddahlar fəxriyyə qoşur adına,
Yurdun fəlakəti düşmür yadına
Acların toxlardan uman yeri var
Bir tikə çörəyə güman yeri var,
Ölkəni bürüyüb aclar, əlillər,
Kimdən ümid etsin sail səfillər?!
Qaniçən çağrılır hər yerdə adın,
Yoxsullar qəlbində yoxdur sayadın,
Min üzlü sifətin bəllidir elə,
Kələkbaz adıyla düşmüsən dilə
Ruhani cildinə girib hərdən sən,
Kimi aldadırsan, kimi görərsən?
Ağ kəfən keçirib çılpaq bədənə,
«Surə oxuyursan ölüb gedənə!»
Avazın yaxşıdır, onu deyim bil,
Nə günah tövbəsi, nə Quran deyil.
Mənim dərgahımda düşsən kəməndə,
Haqqın diləyəcək hər məzlum bəndə,
Onda kara gəlməz dövlətin, varın,
Yoxluğa dönəcək hər iqtidarın
Şəninə min dürlü tərif deyənlər,
Keflənib, şellənib müftə yeyənlər,
İşini bax onlar hasil edəcək,
Səni cəhənnəmə vasil edəcək!
Belədir gözümdə varlığın, özün,
Mərhəmət diləkli varmı bir sözün?
Ayıl sözlərimdən naxələf bəndə,
Tanrı dərgahında düşmə kəməndə.
Ayıl söylədiyim müqəddəs səsdən,
Anla insan kimi, adam kimi sən!
Belə də olur
Gecələr yuxunda gecələr sənin,
Gündüzlər gözünün qarasındadır.
Ölümə nə var ki, uzaqda deyil,
Gözünlə qaşının arasındadır.
Tüstüsü gurlamaz kasıb bacanın,
Dili uzun olar başı ucanın.
Dünyadan üzülmüş dərdli qocanın,
Ümidi, pənahı qarısındadır.
Gecəli gündüzlü çalışan kişi,
Var dövlət yolunda alışan kişi
Dünyadan ikiəlli yapışan kişi,
Əzrail hər günün sırasındadır.
İstər kişi olsun, istərsə qadın,
Əsiri oldusa tamahın, dadın.
Qurumsaq kişinin, acgöz arvadın,
Bilinməz ağılı harasındadır?
Yaxşıya-yamana həqarət qoşan,
Boğazdan yuxarı hərzə danışan,
Xeyirdə, hüzürdə həddini aşan,
Gədanın coşmağı parasındadır.
Yaxşılıq yaxşıdır, bəzər dünyanı,
Yamanlıq yolunda ucalan hanı?
Kişilik, etibar həyatın canı
Xəyanət xəbisin dünyasındadır!
Səməndər Çaxmaqlı.