Apasport.az saytının məlumatına görə, müraciətdə ölkə kubokunun finalında “Neftçi” ilə oyundan sonra baş verənlər göstərilib.
“Son illər Azərbaycan futbolunda baş verən neqativ hallar 28 may 2013-cü il tarixində keçirilən kubokun final oyununda özünün kulminasiya nöqtəsinə çatmışdı ki, bu da ölkənin futbol ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılandı. Final matçı bitdikdən sonra baş verən biabırçı hadisələr Azərbaycan futbolundakı özbaşınalığın məntiqi nəticəsi idi. Belə ki, finala qədər keçirilən istər çempionat, istərsə də kubok oyunlarında hakimlərin tapşırıqlara riayət etməsi ucbatından birtərəfli idarəçiliyi, həmçinin dəfələrlə futbolçuların meydanlarda döyülməsinə göz yumulması finalda baş verənlərin yaşanmasına zəmin yaradırdı. Bu vaxta qədər hakimlərin bir komandaya canla-başla qulluq etmələrinə müxtəlif formalarda don geydirilir, bir klubun əməkdaşlarının bütün qeyri-insani və zorakı hərəkətləri ört-basdır edilirdi” – deyə müraciətdə bildirilir.
Müraciət müəllifləri olayların səbəbkarı olan günahkarların cəzalandırılmasını istəyirlər: “Final qarşılaşmasında təhlükəsizliyin təmin olunmaması isə bunacan ört-basdır edilən hərəkətlərin qabarıq şəkildə görünməsinə gətirib çıxartdı. 28 may tarixində baş verən hadisələrin videogörüntüləri internet saytları və sosial şəbəkələr vasitəsi ilə bütün dünyaya yayıldı. Həmin görüntülərdəki biabırçı mənzərə isə əlbəttə ölkəmizin beynəlxalq nüfuzuna zərbə kimi dəyərləndirilməlidir. Məhz bu səbəbdən də “Xəzər Lənkəran” klubunun veteranları və fanklubları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayaraq, Azərbaycan futbolunda baş verən özbaşınalıqların yaranmasında günahkar olan şəxslərin vəzifələrindən kənarlaşdırılmasını və cəzalanmasını xahiş edir. Veteran futbolçularımız və azarkeşlərimiz inanır ki, dövlət başçısının müdaxiləsi nəticəsində ölkə futbolunda cəzasız qalan özbaşınalığa son qoyulacaq”.
Qeyd edək ki, müraciət bu gün ölkə başçısına göndərilib.