Qadın voleybolçular arasında avrokubokların 2017/2018 mövsümündə Azərbaycanı təmsil edəcək klubun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkəmiz yeni ildə beynəlxalq arenada cəmi 1 komanda ilə mübarizə aparacaq.
Bu, Super Liqanın vitse-çempionu “Azərreyl”di. “Dəmiryolçular” “Çelenc Cup”da mübarizə aparmağı məqsədəuyğun sayıblar.
Çempionatın qalibi “Telekom” isə nəinki Çempionlar Liqasına, heç digər qitəmiqyaslı turnirlərə də qatılmayacaq. Komanda rəsmiləri bunu təsdiqləyiblər. Çempionatımızın digər mükafatçısı “Azəryol” isə daxili yarışla kifayətlənəcək.
Qeyd edək ki, Azərbaycan Çempionlar Liqasında 2002/2003 mövsümündə “Azərreyl”lə debüt edib. Sonradan müəyyən fasilə yaransa da, “Rabitə” 2010/2011 mövsümündə qitənin ən nüfuzlu yarışında iştirak edib və həmin vaxtdan turnirdə mübarizə aparırdıq.