Macarıstanın paytaxtı Budapeştdə sayca 33-cü qitə çempionatında Azərbaycanı fərdi proqramda Marina Durunda, Jalə Piriyeva və gənclərdən ibarət qrup hərəkətləri komandası təmsil ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Bir müddət əvvəl zədə alaraq, məşqlərinə fasilə verən komandamızın lideri Marina Durunda yenidən yarış meydançasında öz gücünü sınayıb. İslam Həmrəyliyi Oyunlarından sonra iştirak etdiyi ikinci böyük turnirdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək finala yüksəlib. Yekun mərhələdə Marina Durunda 16,750 xalla 6-cı yerdə qərarlaşıb.
Güllü Ağalarzadə, Fatimə Əkbərova, Narın Qurbanova, Dərya Sorokina, Nərmin Cahangirovadan ibarət qrup komandamız isə 27 ölkə arasında gedən mübarizədə 9-cu yerlə (30.150 xal) kifayətlənməli olub.