Türkiyənin “Kanal 24" telekanalında Azərbaycanın tarixi şəxsiyyəti, Səfəvilər dövlətinin başçısı olmuş Şah İsmayıl Xətaini aşağılayan veriliş efirə gedib. Türkiyə mediasında artıq neçənci dəfədir ki, Şah İsmayıla qarşı bu cür həqarət edilir. Maraqlısı odur ki, ”Kanal 24"ün səhmlərinin 50 faizi Azərbaycan Dövlət Neft Şirkətinə aiddir. Azərbaycana bağlı bir telekanalda bu cür verilişin efirə getməsi ikiqat qıcıq yaradır.
Məsələyə münasibət bildirən Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı qeyd etdi ki, həmin verilişə o da baxıb və bundan hiddətlənib. T.Rüstəmxanlı dedi ki, hələ aylar öncə Şah İsmayıl Xətainin həyatı və gördüyü işlər, tarixdəki rolunun təhrif edildiyi kitablar Türkiyədə dərc olunub. Həmin materiallarda Şah İsmayılla türk sərkərdəsi Yavus Sultan Səlim arasında baş verən Çaldıran döyüşü, ümumiyyətlə, bu məsələlər barədə təhrif olunmuş məqamlar yer alıb.
T.Rüstəmxanlı dedi ki, bütün bunları nəzərə alaraq Azərbaycan-Türk Evi olaraq onlar aprel ayında Türkiyə və Azərbaycan ziyalılarının, həm Xətai, həm Sultan Səlim araşdırmaçılarının iştirakı ilə konfrans təşkil ediblər: “30-dan çox tarixçi alimin iştirakı ilə bu məsələyə aydınlıq gətirilməsi üçün müzakirələr aparıldı. 500 il əvvəl baş vermiş Çaldıran döyüşünün həm faktiki, həm də siyasi tərəfləri haqda geniş danışıldı. Bu simpoziumda edilən çıxışları kitab halında dərc etdirməyə başlamışıq və bu materiallar Türkiyədə də yayımlanacaq. Bəli, belə bir savaş olub, amma 500 il öncəki şərtləri bilmədən məsələləri yanlış təqdim etmək, məsələnin mahiyyətinə varmadan Şah İsmayıl Xətaini aşağılamaq, təhqir etmək yolverilməzdir. Son 5 ildə Türkiyədə bəzi dairələr haqsız olaraq Xətainin üzərinə gedirlər. 5 əsr öncəki sadəcə bir iqtidar savaşını bu cür qaşımaq, kinlə, nifrətlə təqdim etməyə nə lüzum var? Bu məsələdə aydın sezilir ki, şiələrə qarşı bir həqarət dayanır. Biz bundan narahat olmuşuq. Biz təşkil etdiyimiz simpoziumda bəyanat qəbul etdik, bildirdik ki, bu haqda danışanlar mütləq məsələni tarixini dəqiq bilən mütəxəssislərdən məlumat alaraq fikir söyləsinlər, kitab yazsınlar. Ötən həftə ”Kanal 24"də bu məsələ müzakirəyə çıxarılmışdı, bir neçə tarixçi efirə dəvət edilmişdi. Orada yenə də Şah İsmayıl Xətai təhqir olunurdu, faktlar açıqca təhrif edilirdi. Məni daha çox təsirləndirən o oldu ki, Azərbaycan dövlətinin rəsmi olaraq “Xətai” ordeni var. Bu orden qəhrəmanlığı təcəssüm etdirir. Onun adına Azərbaycanda rayon, prospektlər, küçələr, metrolar var. Bakının mərkəzində Xətainin heykəli ucaldılıb. Dövlətimizin başçısı da ona dair sayğı ilə yanaşır, Şah İsmayıl Azərbaycanın milli qəhrəmanıdır, atributlarımızdan biridir. Ağrılısı odur ki, bizim dəyərlərimizdən birinə həqarət edilən “Kanal 24"-ün səhmlərinin 50 faizi SOCAR-a məxsusdur. Biz hər zaman arzulamışıq ki, Azərbaycanın xarici dövlətlərdə təbliğat vasitələri olsun. Son 5 ildə baş verən hadisələr göstərdi ki, Türkiyədə də belə təbliğata ehtiyac var. Bu baxımdan, orada SOCAR-ın telekanala 50 faiz şərik olması uğurlu haldır. Amma nədən həm də Azərbaycan dövlətinə məxsus olan kanalda belə verilişlər efirə gedir və ya ona imkan verilir? SOCAR-ın haqqı çatır ki, həm də ona məxsus olan kanalda Azərbaycanın doğal haqlarını qorusun. Bunu etmək lazımdır. Ən azından ”Kanal 24"də bu cür hallara yol verilməməlidir. Baş verən hadisə bizə çox pis təsir etdi. Biz bu olayla bağlı SOCAR-ın rəhbərliyinə də müraciət edəcəyik".
T.Rüstəmxanlı bildirdi ki, Azərbaycanın rəsmilərinin, ictimai xadimlərinin bu məsələyə reaksiya verməsinə zərurət var: “Şah İsmayıla dövlət sahib çıxmalıdır, onun aşağılanmasına imkan verilməməlidir. Bu işlərə rəsmi şəkildə reaksiya verilməlidir. Əslində Xətainin müdafiəyə ehtiyacı yoxdur, çünki o qəhrəmandır, sadəcə, tarixin təhrif edilməsinin qarşısını almaq lazımdır. Türkiyədə əksəriyyətin deyilən yalanları araşdırmaq imkanları yoxdur, çoxları kimlərinsə yanlış dediklərinə inanır. Ona görə də Azərbaycan bu ciddi təpki göstərməlidir. Söhbət Azərbaycanın dövlətçilik tarixindən, tarixi şəxsiyyətindən gedir axı. Bu məsələləri ictimailəşdirmək lazımdır. Xətai Azərbaycan dövlətinin başında duran, liderlərindən olan bir şəxsdir. Əlbəttə, hər bir şəxsin fəaliyyətini araşdırmaq olar. Amma Azərbaycan xalqına, onun milli qəhrəmanına həqarətlə yanaşmaq rəzalətdir. Hansı ki, ”Kanal 24"ün efirində bunu gördük. Kanalda efirə çıxan “tarixçi”lərdən biri deyirdi ki, Xətainin arvadı kürd olub, anasını sünnü olduğuna görə qır qazanında yandırıb. Onu kürd kimi qələmə verib Azərbaycan türklərinə çağırış edilir ki, onu qəhrəman adlandırmasınlar. Hətta verilişdə səslənən fikirlərdə xalqımıza qarşı bir ironiya var idi. Ən ağır gələn məsələ bu idi. Ona görə də bu məsələləri diqqətə almaq və reaksiya vermək, mövqe ortaya qoyulmalıdır. Əgər “kaş ki olmamaydı” deyəcəyimiz Çaldıran döyüşünə görə tənqidlər varsa, hər iki tərəf tənqid olunmalıdır. Tərəflərdən birini böyüdüb, digərini təhqir etmək yolverilməzdir. Məsələn, biz də iddia edə bilərik ki, Çaldıran yaxınlığında kürdləri yerləşdirən, Kürdüstan adlı yerin əsasını qoyan məhz Sultan Səlimdir. Həmçinin həmin ərazidəki türkmənlərə qəsd edilib, çoxu da oradan qaçıb gedib. Boşaldılan əraziyə də kürdlər yerləşdirildi. Bu gün Türkiyənin üzləşdiyi məlum məsələnin səbəblərinin birini də burada axtarmaq lazımdır. Və Çaldıran döyüşündə Şah İsmayıl Xətai yenilib, ortadan dövlət olaraq tam qalxmasa da, onu yeniblər. Necə olur ki, Teymurləng gəlir Ankarada Yıldırım Bəyazidi yenir, savaşır və ona qalib gəlir. Amma Teymurləng sünnü olduğuna görə Türkiyədə bu gün Xətaini aşağılayanlar ona həqarət etmir. Deməli, burada şiələrə bir həqarətdən söhbət gedir. Bu çox təhlükəli bir məsələdir, həmin olayları artıq bu günə daşımaq olmaz. İstanbulda Teymurləngin yürüşü zamanı həlak olan komutanının adını daşıyan hava limanı da var, amma Xətai də türk dünyasının qəhrəman oğlu olmasına baxmayaraq, onun adına heç klub da yoxdur. “Kanal 24" Azərbaycana aiddir və bu məsələlər orada dövlətimizin təbliğatı, maraqlarının qorunması yönündə müzakirə edilməlidir. Amma ”Kanal 24" bu gün təxminən 1988-ci ildə Azərbaycan xalqı imperiya əleyhinə meydana yığılanda AzTV-nin apardığı missiyanı aparır".
Maqsud MAHRIZLI