Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Məclisin bu gün keçirilən iclasında “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edib.
Nazir qeyd edib ki, sözügedən qanun layihəsi nazirliyin, geniş turizm ictimaiyyətinin və parlamentin Sosial siyasət komitəsinin iştirakı ilə bərabər işlənilib: “Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafında turizmin özünəməxsus rolu olub. Bu işlər cənab prezidentin adı ilə bağlıdır. Son bir ayda qəbul olunmuş qərararlara və sərəncama baxsaq görərik ki, turizmlə bağlı qərarlar inqilabi inkişafa təkan verən qərarlar olub.
Bu gün turizm sənayesinin dünya iqtisadiyyatında payı 7, 6 trilyon ABŞ dolları təşkil edib. Bir turistə xidmət etmək üçün 9 nəfərdən 32 nəfərə qədər insanın əməyi tələb olunur. Azərbaycanda hazırda təsis olunmuş Turizm Şurası fəaliyyət göstərir. Onun tərkibində 18 dövlət qurumunun nümayəndəsi çalışır. Bu gün biz bu qanun layihəsinin qəbul edilməsi ilə turizmin çoxşaxəli inkişafı istiqamətində işlər görməliyik. Qeyd edim ki, son 3 ayda ölkəyə 25 faiz daha artıq turist gəlib. Son illərdə görülmüş işlərin nəticəsidir ki, vətəndaşları daha çox turizmə üstünlük verən 15 ölkədən Azərbaycana gəlmiş turistlərin sayı nəinki 25 faiz, hətta 36 faiz artıb”.