Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess2017 turnirində V tur sona yaxınlaşır. Yenimeydan.info xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Teymur Rəcəbov İngiltərə təmsilçisi Maykl Adamsla heç-heçə oynayıb. Turnirin mətbuat xidməti xəbər verir ki, partiyadan sonra şahmatçılar mətbuat konfransında iştirak edib.
Teymur Rəcəbov ümumilikdə V tur ərzində çıxışını dəyərləndirib: "V turdan sonra hesabımda 2 xal var. Sözsüz daha yaxşı çıxış etmək mümkündür. Fikrimcə yarışın yekunları barədə danışmaq hazırda tezdir. Qarşıda 4 tur var. Nəticələr barədə sonda danışmaq daha yaxşıdır. Sözsüz ki, Şəmkirdə keçirilən yarışda mümkün qədər yaxşı oyun nümayiş etdirmək istəyirəm. Bəzən istədiyin alınmır. Bu gün üstünlüyüm yox idi. Ona görə hər iki tərəf heç-heçəyə razılaşdı.
Vüqar Həşimov Memorialında güclü şahmatçılar toplaşıb. Belə heyətlə oyunlarda qələbə qazanmaq asan deyil. İlk turda qara fiqurlarla görüşdə məğlub oldum. Sözsüz ki, məğlubiyyətlə başlayandan sonra özünü toparlamaq çətindir. Bütün turnirlərdə qələbə qazanmaq alınmır. Başa düşürəm ki, məndən yalnız uğur gözləyirlər. Bəhanələri sevmirəm. Təzyiq hiss etmirəm. Şəmkirdə çıxış etmək çox rahatdır. Burada iştirakçılara bütün şərait yaradılıb".
İngiltərə təmsilçisi Maykl Adams həmkarının dedikləriylə razılaşıb. Onun sözlərinə görə risk etmək fikrində olmayıb: "Qara fiqurlarda uduş görünmürdü. Ona görə risk etmək istəmədim. Bərabər səviyyəli oyun oldu. Rəcəbov təcrübəli şahmatçıdır. Ona görə ona qarşı çox diqqətli oynayırdım".