Son illərdə Azərbaycan musiqi folklorunun əsas nümunələrindən olan milli rəqslərimiz barəsində az yazılır, az deyilir. Elə istər xaricdə, istərsə də ölkədaxili tədbir, şənliklərdə əsasən, eyni rəqslər rəqqaslar tərəfindən ifa olunur. Demək olar, hər toyda, bayramda “Naz eləmə”, “Uzundərə”, “Tərəkəmə”, “Heyvagülü”, “Nəlbəki” və bu qəbildən olan digər rəqslərimiz ifa olunur. Amma Azərbaycanın rəqs mədəniyyəti bununla tamamlanmır axı! Təkcə “Yallı”-nın yüzdən çox versiyası mövcuddur.
AMEA-nın Folklor İnstitutunun Musiqi folkloru şöbəsinin rəhbəri Nailə Rəhimbəyova Moderator.az saytına açıqlamasında bölgə-bölgə gəzərək, xəbərsiz olduğumuz milli rəqsləri nota aldıqlarını və bu prosesin hazırda davam etdiyini bildirib. Onun sözlərinə görə, son illərdə bizə naməlum olan 70-ə qədər xalq rəqsini müəyyənləşdirib, nota alıblar:
“Bu yaxınlarda Naxçıvandan olan bir sənət sevdalısı dəyərli kitab buraxdı. O kitabda Azərbaycanın 100-ə qədər “Yallı” nümunələri verilmişdi. Biz həmin kitabın təqdimatında da iştirak etdik. “Yallı” bildiyimiz kimi Azərbaycan musiqisinin, mədəniyyətinin özəyini təşkil edir. Bizim mədəniyyətimiz “Yallı” ilə başlayır. Mən Xareoqrafiya Akademiyasında da dərs deyirəm. Bizim bəzi tanınmış xareoqraflarımız var, deyirlər ki, Nailə xanım, biz rəqslərdə dayanmışıq. Amma qətiyyən dayanmamışıq. Folklor İnstitutunda rəhbərlik etdiyim Musiqi folkloru şöbəsində həmin rəqslər hazırda nota salınır. Müxtəlif bölgələrdən, zonalardan topladığımız 70-ə yaxın yeni rəqslər var ki, biz hazırda onları nota salmaqla məşğuluq. Rəqslərimizin folklorumuzdu. Folklor zamana bağlı məfhum deyil. İnsanlarla əlaqəli hadisədir. Etnomusiqişünaslıq deyilən bir anlayış var, sahə toplamalarını bizə öyrədir. Biz də bu gün müxtəlif zonalara, sahələrə gedərək, qarış-qarış gəzib, xalq mahnılarını, rəqslərimizi toplayıb, onları nota alırıq. Bu işlər iki hissəyə bölünür: praktiki və nəzəri. Rəqslərimiz zamana bağlı deyil, əbədiyaşardı. Xalqla birlikdə yaşı, yaddaşı var”.