YeniMeyda.info: Hər bir abituriyent müəyyən sahə üzrə seçim edir. Bu seçim özü ilə bir neçə istək də gətirir: mən bu ixtisas üzrə filan universitetdə yüksək təhsil alacam və s. Ancaq sonra o gözləntilər təmin edilə bilməyəndə, tələbənin dərsə olan marağı, ixtisasına olan sevgisi azalmağa başlayır. Görəsən, belə tələbələr çoxmudur? Ümumiyyətlə, onlar təhsil ocaqlarında nələrin olmasını istərdilər?
Modern.az saytı bir neçə təhsil ocağında tələbələrin fikirlərini öyrənib.
Aydan Zülfüqarli (Bakı Dövlət İqtisadiyyat Universiteti, SABAH fakültəsi, Sənayenin təşkili və idarə olunması): "Mən əsasən, dərnəklərin olmasını istəyərdim. Məsələn, rəqs, idman və s. Bir də kitabxanaçılardan razı deyiləm. Sakitlik yaratmağa calişmalı olduqları halda, ən böyük səs-küyə səbəb olurlar".
Təhminə Quliyeva (Bakı Dövlət Universiteti, Jurnalistika): "Universitetdə təcrübi tədris obyektlərinin olmasını çox istəyərdim. Düzdür, universitet fakültələrinin əksəriyyətində yəqin ki, var. Amma istifadə çox zəifdir. Bəzən müəllimlərin, bəzən tələbələrin səhlənkarlığı təcrübənin (praktikanın) zəif olmasına səbəb olur. Razıyam, nəzəriyyə olmadan heç bir insan öz sahəsində peşəkar ola bilməz. Amma dünya praktikasında da deyirlər ki, ən önəmlisi təcrübədir. Çünki bildiyimiz nəzəriyyələri təcrübədə tətbiq eləyə bilməmək ən ağrılı problemimizdir. İstəyərdim ki, müəllim bizə 1 dərs mühazirəni desin, 2-ci dərs onu təcrübədə bizə göstərsin və təbii ki, o göstərdikdən sonra, biz də bacarığımızı nümayiş etdirək. Bu, bütün fakültə və ixtisaslara aiddir".
Urman Mənsiyev (Bakı Slavyan Universiteti, Azərbaycan filologiyası və jurnalistikası): "İstəmədiyim ixtisasda oxuduğum üçün dərsə aid çatışmazlıqlar məni çox da maraqlandırmır. Ancaq buna baxmayaraq, ümumi bir neçə məsələni diqqətə çatdırmaq istərdim. Məsələn, hər 2 korpusda da mühasibatlıq otağının olması daha yaxşı olardı. Bizim onsuz da artıq sonuncu dərs ilimizdir, bitiririk. Ancaq bizdən sonra gələnlər üçün ödəniş qəbzi problemi aradan qalxsın deyə, bu nəzərə alınmalıdır. Digər məsələ: Azərbaycan bölməsində təhsil alan tələbələrin 2-ci korpudakı kitabxanadan kitab götürmələri üçün şərait yaradılsa, gözəl olar. Eyni zamanda, Tələbə klubunun daha geniş olmasını istəyərdim. Sonda, 2-ci binada da əsas binada olduğu kimi lift olarsa sevinərəm".
Günay Bağırova (Bakı Dövlət İqtisadiyyat Universiteti, SABAH fakültəsi, Sənayenin təşkili və idarə olunması): "İmtahan nəzarətçilərinə nəzakət davranışlarının öyrədilməsini istərdim. Eyni zamanda, oğlanların saqqal saxlamağına və şortik geyinmələrinə müdaxilə edirlər. Məncə, bunu aradan qaldırmaq lazımdır".
Aysun Cəfərova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası): "Mən Akademiyada tələbələr üçün emalatxana olmasını istərdim. Həmçinin, ixtisasıma uyğun olaraq (ekspert), heç bir vəsait yoxdur. Məncə, çatışmayan əsas səbəblər bunlardır".
İmamət İsmayıl Ədilbəyli (Bakı Slavyan Universiteti, məzun): "Mən Bakı Slavyan Universitetində 2012-2016-cı illərdə təhsil almışam. BSU-nun məzunu olaraq deyə bilərəm ki, orada dərs yüksək səviyyədə tədris olunur. Yəni, təhsilin keyfiyyət yükü digər universitetlərdən daha artıqdır, deyərdim. Ancaq çatışmayan bir neçə məsələ də var. Mən tələbə olaraq jurnalistikaya aid olan texniki avadanlıqların azlığından narazı qalmışam. Bu da ayrılan vəsaitlə bağlı məsələ olduğuna görə, istərdim nəzərə alınsın. Eyni zamanda, istehsalat təcrübəsi haqqında demək istərdim. Təcrübə keçmək üçün hər hansısa tələbəni Asan Xidmət Mərkəzinə göndərməklə o tələbə öz sferasına uyğun olaraq nə isə öyrənə bilməz, söhbət jurnalist tələbədən gedirsə. Yəni istehsalat təcrübəsi keçmək üçün tələbə keyfiyyətli və uyğun yerlərə göndərilməlidir. Sonda, ümumiyyətlə, hər universitet öz tələbəsini məzun olduqdan sonra işlə təmin edərsə, bu təşəbbüs, təqdirəlayiq olar".
Nərminə Qasımova (Ali Neft Məktəbi, Neft-qaz mühəndisliyi): "Düzdür, bəzi məsələlər hələ tam oturuşmasa da, yüksək səviyyədə təhsil verilir, məncə. Sadəcə eşitmişəm ki, bir neçə universitetdə dil kursları təşkil olunur, ancaq könüllü, ya da məcburi olub-olmamasını bilmirəm. İstərdim, belə bir kurs bizdə də təşkil olunsun, özü də könüllü şəkildə".