“Bu gün bizdə 60, 73 və 100 kq çəki dərəcəsində iştirak edən idmançılarımız dünya reytinqində birinci yerdədir. Onlar 60 kq-da Orxan Səfərov, 73 kq-da Rüstəm Orucov, 100 kq-da isə Elmar Qasımovdur”.
Bunu Modern.az saytına açıqlamasında Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğlu deyib.
Elnur Əşrəfoğlu Bakıda keçiriləcək İslam Oyunları ilə əlaqədar olaraq təlim-məşq toplanışının başlandığını bildirib.
“Bu gün milli komandada 14 çəki dərəcəsində lider və ikinci dərəcəli olan idmançılar var. Ola bilər ki, yarış ərəfəsində ikinci dərəcəli olan idmançılar daha yaxşı oldu və iştirak etdi. Yəni Bakı İslam Oyunlarında hansı idmançıların iştirak edəcəyi barədə indidən heç nə deyə bilmərik. Həmçinin İslam Oyunlarına qədər bir sıra yarışlar var. Həftəsonu Parisdə Böyük dəbilqə, martda Bakıda Böyük dəbilqə, apreldə isə Avropa çempionatı keçiriləcək. Əlbəttə ki, hansı idmançılar həmin yarışlarda daha yaxşı olsa, onlar da Bakı İslam Oyunlarında iştirak edəcək”.