Bu gün İran İslam Respublikası ilə Azərbaycanı birləşdirən təkcə din, dil və adət-ənənə oxşarlıqları deyil, həm də hər iki ölkənin yerləşdiyi bənzər siyasi psixoloji ərazidir. Həm İran, həm Azərbaycan bölgədə özünü bacardığı qədər qorumaqdadır. Hər iki ölkədə 2013 prezident seçkiləri ilidir. Hər iki ölkəni seçki ərəfəsi və sonrası ciddi beynəlxalq təftiş gözləyir.
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfərinə də elə bu müstəvidə yanaşmağı lazım bildik. İrana seçki ərəfəsində gəlmişdik. Və nümayəndə heyətinin görüşlərinin çəkisi yəqin buna görə həmişəki deyildi. “Əhli-Beyt” təşkilatının hazırladığı səfərin sambalı elə Mehrabad hava limanındakı qarşılanmadan hiss olunurdu.
İrana səfər hərəyə bir cür maraqlı idi. Məsələn, sadə azərbaycanlılar, o cümlədən Tehrana, bizə məlumat üçün zəng vuran mətbuat nümayəndələrinə elə gəlirdi ki, nümayəndə Heyəti bura həbs edilmiş Xalidə Xalidi və onun köməkçisini buraxdırmağa gəlib. Heyətin isə öz məqsədi var idi. Məsələn, səfərin əhəmiyyətini o artırırdı ki, İran inqilabının rəhbəri Seyid Əli Xameneyi, prezident Mahmud Əhmədinejad, İran parlamentinin rəhbəri Əli Laricani ilə, bir sıra müctəhidlərlə görüşlər nəzərdə tutulmuşdu və məhz bu qəbullardan sonra iki ölkə arasındakı yumşaq dillə desək anlaşılmazlıqların aradan qalxmasına ümid yaranacaqdır. Etiraf edək ki, bütün görüşlər gur təbəssümlə və ənənəvi 3 dəfəlik öpüşlərlə müşayiət olunurdu. Mən hələ indiyədək İran və Azərbaycan təmsilçilərinin bir-birinə belə açıq-aşkar, bolluca can deyib can eşitmələrinin şahidi olmamışdım. Bütün görüşlərə Şeyx prezident İlham Əliyevin salam-duasını çatdırmaqla başlayırdı və onlardan da səmimiyyətlə salam-dua qəbul edirdi ki, Bakıya-Prezidentə çatdırsın. Şəxsən mənə elə gəldi ki, bu səfərə qədər İran tərəfində Azərbaycandakı iman böhranı barədə olan yanlış təəssüratların bir qismi ya tamam aradan qalxdı, ya da bunun uçun etibar bünövrəsi qoyuldu. Məsələn, Şeyx hər dəfə Azərbaycanda təkcə son bir ayda, Sumqayıtda, Qəbələdə, Şamaxıda istifadəyə verilmiş əzəmətli məscid komplekslərindən danışanda, qarşı tərəf bu xəbəri heyrətlə qarşılayırdı. Amma Şeyx də bu xəbəri növbəti böyük qardaş qarşısında hesabat kimi yox, sadəcə söhbətin gedişində ortaya çıxan adi məsələ kimi çatdırırdı. Və burasını demək lazımdı ki, iranlı dostlarımız da bu xəbərlərə candərdi yox, candan sevinirdilər. Görüşdüyümüz şəxslər arasında prezidentliyə namizəd, seçkilərdə imkanları yüksək qiymətləndirilən Cəlili də var idi. O Azərbaycana, Prezidentə, münasibətinin isti olmasını hər vəchlə hiss etdirirdi. Təəssüf ki, mən İran inqilabının rəhbəri Xameneyi ilə olduqca səmimi keçən görüşümüz barədə kadrlarla danışa bilmirəm. Ona görə ki, çəkiliş aparmağa icazə vermədilər, amma söz verdilər ki, özlərinin çəkdiklərini bizə sonra verəcəklər. Ona görə də ümid edirik ki, Xameneyi, onun şirin Azərbaycan dilindəki görüşü barədə ayrıca danışmaq üçün vaxtımız və kadrımız olacaq.
İran İslam respublikasının prezidenti Əhmədnejadla isə iki dəfə görüşdük. Əvvəlcə rəsmi görüş oldu. Nümayəndə heyətinin qəbulu, təqdimat, qarşılıqlı xoş sözlər və sair. İkinci görüş isə Nümayəndə Heyətinin şərəfinə verilən ziyafətdə. Müsahibəni də elə ziyafətdən sonra aldıq. Əhmədinejad prezident seçiləndən sonra ilk eksklüziv müsahibəsini ANS-ə vermişdi. İki həftədən sonra səlahiyyətlərinin bitəcəyini nəzərə alaraq onun bu müsahibəsini son hesab etsək belə çıxır ki, prezident öz ənənəsini dəyişmədi.
Prezidentə sual vermək üçün yaranmış nadir imkandan istifadə edib İran İslam Respublikasının nüvə proqramı ilə bağlı son vəziyyətlə da maraqlandıq. İqtisadi basqılar artmaqda, siyasi təzyiqlər güclənməkdə olan bir zamanda bu saat dünya İranın cavabını gözləyir. Əhmədinejad isə açıq danışdı. Qorxmadan və çəkinmədən.
İran İslam Respublikasına səfər zamanı biz bu ölkənin təhsil mərkəzi sayılan Qumda olduq. Qum saatı ilə yaşanan bu vaxtın içində həm narahatlıq, həm də rahatlıq üçün mövzu kifayət qədər idi. Məsələn, İslam aləminin iki böyük üləması, müctəhid Ərdəbili ilə görüşdən danışaq. Biz ona təbii ki, kiçik bir məkanın yox, böyük bir zamanın sualını verməli idik.
Azərbaycana münasibəti birmənalı olmayan müctəhid Məkarimlə söhbətdən isə anladıq ki, o həqiqətin yarısını bildiyindən sərt danışıb. Bütün gerçəklər ortada olanda isə eşitdik ki, o Azərbaycanın dostudur…
Qum saatı işləyirdi. Burada Azərbaycanda daxil olmaqla dünyanın 100-dən artıq ölkəsinin yüz minlərlə tələbəsinin təhsil aldığı Camaat Univerisitetində olduq. Bu məbəddə Allah elminə yiyələnir və ölkələrinə qayıdırlar. Bu tələbələr arasında Azərbaycan, onun müstəqilliyinə sədaqətli tələbələr çoxdur: “Yəni onlar bura elm öyrənməyə gəliblər, siyasət ardınca yox”.
Amma dinin göhünə siyasət qatanların olduğu faktdır və universitet rəhbərliyi ilə keçirilən görüşdə Şeyx bu mövzuda açıq çıxış etdi. O, bu şəhərə təhsil almağa gələn Azərbaycan vətəndaşlarının səfirlikdə qeydiyyata düşməmələrinin yaratdığı böyük problemləri, Azərbaycana dönəndən sonra isə bəzən şeytana uyduqlarını və bunu heç də özbaşına etmədiklərini dedi və gələcəkdə belə halların baş verməməsi üçün Qumun bu mötəbər ali məktəbinin, onun müəllim heyətinin üzərinə nə boyda yük düşdüyünü dedi.
Bu narahatlığın nəticəsi o oldu ki, rektor ANS-ə müsahibəsində bundan sonra bu ali məktəbə qəbul zamanı abituriyentlərdən mütləq Qafqaz Müsəlmanları İdarəsinin zəmanət məktubunun da tələb olunacağı ilkin olaraq razılaşdırıldı.
Şeyx artıq dərəcədə rica etdi ki, İran İslam Respublikası özünə rəva bilmədiyini Azərbaycana da rəva bilməsin. Qarşı tərəf də bu ricanı lütfkarlıqla qəbul etdiyini bildirdi.
Bütün görüşlərdə tərəflər iki dost ölkə və qardaş xalqın arasına girənlərin kələyinə və ya hər iki yanda olan şeytanlara uymamaq, xırda dedi-qodulara fikir verməmək, adi detalları şişirtməmək barədə qarşılıqlı nəsihətlər dedilər, eşitdilər. Qonaqların şərəfinə verilən ziyafətlərdən birində hər birimizə belə bir hədiyyə də verildi. Bu şəkillərdə əzim dualardan biri-nəzər duası həkk olunub. Allah bəd nəzərdən saxlasın. Bayaq dedik ki, İrana seçkilər ərəfəsində gəlmişdik. Burada bəzi saytlar, İran və Azərbaycana qarşı birmənalı mövqe tutmayan saytlar elə məsələnin bu tərəfinə vurğu salmağa çalışırdılar. Guya İran tərəfi Şeyx başda olmaqla Azərbaycan nümayəndə Heyətini ona görə İrana dəvət edib ki, azərbaycanlılara onların gen və qan vətəni olan Azərbaycana səmimi münasibət sərgiləməklə seçici İranın azərbaycanlılılar yaşayan hissələrinin daha çox səslərini qazansınlar.
Azərbaycan dövlətinin isə bu səfərdə öz maraqları var. Yəni Bakı Azərbaycanda keçirilən seçkidə ölkənin sabitliyinə müdaxilə etməmək barədə xahiş edir. Əslində isə yəqin ki, məsələ daha sadədir. Azərbaycan İranı, İran isə Azərbaycanı çox yaxşı başa düşür. Qardaş yalnız böyük söz deyil, həm də böyük statusdur. Hər iki ölkə öz məsuliyyətini və gücünü dərk edir. 60 milyonluq ölkə özü, 9 milyonluq ölkə isə özü qədər.