İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay qafqazinfo-ya müsahibə verib.
- İstintaqdan görünür ki, "MTN hadisələri" 7-8 il davam etdikdən sonra qarşısı alınıb. Verilən sərəncamlar və keçirilən əməliyyatlar dövlət təhlükəsizliyinə olan təhlükənin qarşısını aldımı?
- Bizim ilk səhvimiz bu quruma "Milli Təhlükəsizlik" adını vermək olub. Çünki bu ifadə çox böyük məfhumdur, milli təhlükəsizlik dövlət rəhbərinin işidir. O nazirlik də bu addan və həmin adın verdiyi səlahiyyətlərdən istifadə edərək ölkənin bütün sahələrinə qarışdılar. Eldar Mahmudov və onun rəhbəri olduğu nazirlik dövlət iyerarxiyasında heç ilk 10-luqda da yox idi. Mahmudov nəinki digər nazirliklərə, hətta baş nazirə, Nazirlər Kabinetinə də qarışırdı. O elə hesab edirdi ki, ölkənin taleyi ona tapşırılıb. Əslində, isə adi bir nazirlik idi. Bu qurum dövlətin ona verdiyi səlahiyyət qədər də dövlətin özünə ziyan vurdu, yəni çox böyük miqyasda. Bu prosesin qarşısı alınmasaydı, MTN ləğv edilməsəydi, Azərbaycan dövləti çökə bilərdi. Artıq bıçaq sümüyə dirənəndə bunun qarşısı alındı. Yeni yaradılan struktur özünün konkret işləri ilə məşğuldur.
- Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun generalları cəmiyyətə "monstr" kimi təqdim olundular, lakin ittiham aktında gördük ki, hansısa taxta alverçisini həbslə qorxudub 50 min pul alıblar. Sizcə, istintaqdan kənar qalan hadisələr oldumu?
- Eldar Mahmudov harada əlinə imkan keçibsə, oranı dağıdıb. Orada çox məsələlər olub, hələ üzə çıxarılmayanlar var. İndi ölkənin iqtisadiyyatı pozulduğu üçün prokurorluq çalışır ki, həmin dəstənin vurduğu iqtisadi ziyanları aşkarlasın. Əsas araşdırma üçün də bu istiqamət seçilib.
- "MTN işi"nin uzantısı olan "Rabitə işi"ndə həbs olunan vəzifəli şəxslər ifadələrində deyirlər ki, belə lazım idi, belə də etdik, hər şey qaydasında və qanunauyğun idi. Sizcə, bu sahədə də həqiqətən təhlükə var idimi?
- Rabitə sistemi bütün dövlətlərdə təhlükəsizlik qurumu ilə ünsiyyətdə olaraq işləyir. O işdə bizim bilmədiyimiz hallar da var. MTN bundan istifadə edərək Rabitə Nazirliyini öz nəzarətinə götürdü. Rabitə ən varlı, ən çox gəlir gətirən nazirliklərdən biri idi. O nazirlikdə kadrlar da MTN-in razılığı ilə təyin olunurdu. Həmin nazirliyi ələ keçirəndən sonra adi insanları, özlərinə rəqib gördükləri başqa dövlət strukturlarındakı yüksək vəzifəli şəxsləri izləməyə başladılar. Dövlətin hansı səviyyəsində olan adamları izlədiklərini hələ demək istəmirəm. Eldar Mahmudov və dəstəsi özlərini dövlətin sahibi hesab edirdi. Bu dərəcədə azğınlaşmışdılar. MTN ən çox birgə işləməli olduğu digər güc strukturları ilə daha çox intriqada idi. Eldar Mahmudov özünü fövqəlgüc, fövqəlinsan hesab edirdi. Bütün güc strukturlarına nəzarət etmək istəyirdi. Bunlar ilk olaraq onun şəxsi psixoloji və mənəvi pozuntusundan irəli gəlirdi.
- Dövlət qurumlarımızda hələ də "çovdarovlar" qalırmı?
- Heç kəsin gözləmədiyi halda qüdrətli hesab olunan Eldar Mahmudovun vəzifədən çıxarılması və o nazirliyin ləğv edilməsindən sonra Çovdarov təbiətli insanlar varsa da, artıq özlərini yığışdırarlar. Mən Eldar Mahmudov və dəstəsinin kim olduğunu, hansı işlərlə məşğul olduğunu bilirdim. Hesab edirdim ki, ifşa olunsa, dövlət çökə bilər.
- Cəmiyyətdə "qüdrətli hesab olunan" Eldar Mahmudovun bu nüfuzunun səbəbi sizin kimi bilib susanlardır?
- Azərbaycan kiçik ölkədir, çox şey hamıya məlumdur. Mən Eldar Mahmudovu hələ tələbəlik vaxtlarından tanıyıram. O, Xalq Təsərrüfatı Universitetində oxuyurdu. Gənc vaxtlarındakı fəaliyyətini də bilirdik. Tələbəlikdən sakit adam olmayıb, "06"larla avtoşluq edirdi. Daxili İşlər Nazirliyində işləyəndə də onun əməllərini bilirdik. Qəfildən nazir təyin olunanda fikirləşdik ki, yəqin, bunun biz bilmədiyimiz hansısa tərəfləri var ki, dövlət rəhbərliyi belə məsləhət bilib. Ona görə susduq.
- Bu qədər hadisələrdən sonra Eldar Mahmudov niyə hər hansı statusla istintaqa cəlb olunmayıb?
- O, çoxdan həbs olunmalı idi, olmayıbsa, bu gün həbs olunmalıdır. Amma onun vəzifəsi həm də siyasi olduğu üçün Eldar Mahmudovun həbs olunmaması həbs olunmasından daha xeyirli hesab olunur. O, onsuz da faktiki həbsdədir, sadəcə rəsmi olaraq həbs olunmayıb. Yəqin ki, istintaqa da cəlb olunub, ifadəsi alınıb, istintaq sirri olduğu üçün açıqlanmır. Onun arxasında kimlərsə olsaydı, "MTN işi" bu qədər açılıb ortaya tökülməzdi. Açıq-aşkar bəllidir ki, Eldar Mahmudova heç bir güzəşt yoxdur.
- Əlində çoxlu informasiyalar və video kasetlər olması iddiası da inandırıcıdır?
- Mən dedim ki, həbs olunmaması məqsədə uyğun görünür. Nəyə görə məqsədə uyğun göründüyü səbəblər arasında, bu dedikləriniz də var, demədikləriniz də. Çox məsələlər var, detalları açıqlamaq istəmirəm.