90-cı illərin əvvəllərində mitinqlərdə çıxış edənlər tez- tez belə deyirdilər: "Musa peyğəmbər yəhudilərin canından köləliyi çıxarmaq üçün qırx il onları səhrada gəzdirdi".
Demə, işimiz varmış, mitinqlərdə çıxış edənlər də bizi uzun müddət ora-bura gəzdirməyə hazırlaşırmış. Amma tamam başqa məqsədlə. Canımızdan köləliyi çıxarmaq üçün yox, köləliyin ömrünü uzatmaq üçün. O vaxtdan təxminən aşağı-yuxarı 20 il keçib. Əgər dünyanın kiçilməyin, məsafələrin qısalmasın, mobil telefonların kütləvi yayılmasın, sosial şəbəkələri, sərhədlərin açılmasını və digər amilləri nəzərə alsaq, biz bu 20 rəqəminin yanına sıfır da əlavə etməliyik. Deməli, 90-cı illərdə çıxış edənlər hardasa 200 ildir bizi ora-bura gəzdirməklə məşğuldular.
Bu 20 ildə nə qədər adam sıradan çıxdı. Nə qədər adam satıldı. Nə qədər adam yoruldu. Nə qədər adam pərt oldu. Nə qədər adam övladlarına düz-əməlli valideynlik edə bilmədi. Nə qədər adam davamlı uğursuzluqlara görə öz qohumlarının, qonşularının gülüş obyektinə çevrildi. Amma biz bu 20 ildə nə Əli Kərimlinin, nə də İsa Qəmbərin bircə səhvini belə etiraf etməsini görmədik. Görmədik ki, desinlər bax, biz burda səhv etdik, gərək belə etməyəydik. Ona görə bu iki adamın adını çəkirəm ki, indi ortada qalan onlardı. Məsuliyyət də onların üzərindədi. İddiaları var və insanlar öz iddialarına görə mühakimə olunurlar. Çəkilsinlər kənara, bu yazı da yazılmasın. Əgər özlərini lider adlandırırlarsa, suallara cavab verməlidirlər. İllərlə biz jurnalistlər vəziyyəti nəzərə alıb, bu adamlara suallar vermədik. Təftiş etmədik, bu adamları. Nəticəsi lap pis oldu. Arxayınlaşdılar.
Gah Elçibəyin Kələkiyə qaçışını illərlə malalamalı olduq ki, guya qan töküləcəkdi, guya vətəndaş müharibəsi baş verəcəkdi. Halbuki ən qanlı vətəndaş müharibəsi belə, bu hakimiyyətin bizə 20 ildə vurduğu zərəri vura bilməzdi. Gah dedik seçki ilidi. Gah dedik vəziyyətləri ağırdı. Vaxtı deyil. Beləcə, bu adamlar dönüb oldular toxunulmaz. Necə ki, insan ən axmaq hərəkətlərini tale adlandırır, bizim müxalifət liderləri də ən adi səhvlərini, cəsarətsizliklərini, qorxaqlıqlarını siyasət kimi qələmə verdilər. Ətraflarındakı adamlar da onların hər bir hərəkətini siyasət kimi qəbul etdilər. Heç kim sual vermədi. Guya bunlar peyğəmbərdir. Heç bir səhv buraxa bilməzlər...
Açıram "Azadlıq" qəzetini, görürəm ki, Seymur Həzi Əli Kərimli haqqında bir səhifə yazı yazıb. Seymur bəy yazıda qeyd edir ki, o, tez-tez "niyə Əli Kərimlinin ardınca düşmüsən?" sualına məruz qalır. Seymur bəy bu suala belə cavab verir: "Əli Kərimlinin ardınca düşmək lazım deyil, onun yanında olmaq lazımdı".
Mən Seymur bəyi savadlı, intellektual insan kimi tanıyıram. Kifayət qədər mütaliəsi var. Seymur bəy Əli Kərimli haqqında bir səhifəlik tərifnamə yazmaq əvəzinə hansısa yazarın, fikir adamının diktatura əleyhinə yazısını, fikirlərini tirajlasaydı, ümumi işə daha çox töhfə vermiş olardı. Lap tutaq ki, Seymur bəy öz liderinə qarşı sədaqətini yazı formasında ifadə etmək istəyib. Bəs, Əli Kərimli niyə bu tərifli yazılara qadağa qoymur? Yox, əgər Əli bəy bu bütpərəstlikdən həzz alırsa, o zaman cəbhə üzvlərinə üzvlük bileti ilə yanaşı, özünün kiçik bütünü də bağışlasın və cəbhəçilər yola çıxmazdan, yemək yeməzdən əvvəl bu bütün qarşısında dualar oxusunlar. Belə tərifnamələr Əli bəyə reallığı görməyə imkan vermir.
Trotski deyirdi: "Reallığı dərk etmək qələbənin yarısı deməkdi". Reallıq isə bundan ibarətdir ki, ölkənin ən radikal qəzeti olan "Azadlıq"ın tirajı aşağıdı. Bu qəzetdə iş pirinsipi adamların Əli Kərimliyə münasibəti üzərində qurulub. Bu qəzet dövrün tələblərinə cavab vermir. Ona görə proseslərə adam cəlb edə bilmir.
"Alma" qəzeti qısa müddət fəaliyyətdə olmasına baxmayaraq, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərindən daha çox adamı prosesə cəlb etdi. Çünki orda yeni fikir vardı. Bizim müxalifət qəzetlərində çalışanların böyük çoxluğu fikircə köhnəliblər. Mədəniyyət baxımından onların hakimiyyətlə heç bir fərqi yoxdu.
"Snayperimiz erməni əsgərini gəbərtdi" başlığı ilə xəbər dərc edən "Yeni Müsavat" qəzeti hansı gənci proseslərə cəlb edə bilər? Mentalitetdən qorxurlar, polisdən qorxurlar, muğamdan qorxurlar, AzTV-dən qorxurlar, mollalardan qorxurlar, sovet dövründə tirajlanmış psevdoziyalılardan qorxurlar, azad adam deyillər. Onlar özləri də hakimiyyətə gələcəklərinə inanmırlar. Sözün enerjisini duyan adam kimi, mən Əli Kərimlinin, İsa Qəmbərin müsahibələrində, çıxışlarında bu inamı görmürəm. Sadəcə, istəyirlər ki, bu hakimiyyət sakitcə getsin, müxalifət də sakitcə gəlsin hakimiyyətə. Təəssüf ki, belə olmayacaq.
Müxalifətin ifşa mexanizmi yoxdu. Bu günə qədər hakimiyyətin bir dayağını da sıradan çıxara bilməyiblər. Çünki hakimiyyət məsələsindən başqa digər məsələlərdə hakimiyyətdə oturanlar kimi düşünürlər. Ona görə də Siyavuş Novruzovun əlində qalıblar. Faktiki olaraq belədi. Yaradıcı adam banal olmaqdan qorxdusa, evi yıxıldı. Siyasətçi də təxminən belədi. Bizim müxalifət liderləri banal görsənməkdən qorxurlar. Həyatda çox da ciddi olmayan bu adamlar siyasətdə banal görsənməkdən qorxduqlarına görə, problemlərə yaradıcı yanşma yoxdu.
Proseslərə, hakimiyyətin əməllərinə ad qoya bilmirlər. Niyə bizim müxalifət liderləri oliqarxlar haqqında danışmır, onların adını çəkmir? Amma Petrosyan çəkir və çıxışlarını çox adi, əslində, kütləyə işləyən misallar üzərində qurur. Deyir ki, Sərkisyanın qardaşı avtobus sürücüsü idi, indi Sevanın sahilində otuz milyona villa alıb...
Mən demirəm, bizim müxalifət liderləri Lenin, Trotski, Qandi olsun. Uzağa getməsinlər M.Ə.Rəsulzadədən örnək götürsünlər. Adam bir dəqiqə dayanmayıb. Orda jurnal buraxıb, burda qəzet dərc edib, danışıb, yazıb, adamlarla görüşüb... Bəs Əli Kərimli və İsa Qəmbər nə edir? Heç nə. Gözləyirlər ki, düşərgəyə yaxın jurnalist gəlib bunlardan müsahibə götürsün, bunlar da guya gah təmkinlə, gah da bir az əsəbləşərək suallara cavab versinlər.
Adamların kükrəyən vaxtı lider olmaq asandı. Nemət Pənahlı da bir milyon adamı Azadlıq Meydanında oturdub qaldırırdı. Meydana yığışmış kütlənin qarşısınada çıxış etməyi çilingər də bacarar. Siyasətçi üçün real vəziyyət indi yaranıb. Məlum olur ki, Əli Kərimli və İsa Qəmbər real vəziyyətin siyasətçiləri deyillər. Yəqin ki, xalq hərəkatı olmasaydı, İsa Qəmbər Elmlər Akademiyasında hansısa elmi iş yazmaqla məşğul olacaqdı, Əli Kərimli də Saatlının hansısa kəndində dərs deyəcəkdi. Hər şeylərini itirmiş bu adamlar yenə də cəsarətsizlik nümayiş etdirməkdədir. Səfirliklərdən, xarici fondlardan qorxurlar. Ən pisi də odur ki, bu adamlar bir-birlərinə inanmırlar.
Təsəvvür edin ki, iki adam yola çıxıb. Və bu adamların bir-birilərinə inamları yoxdu. Üz-üzə yatırlar. Qorxurlar ki, əlverişli məqamda biri digərinin kürəyinə bıçaq saplayacaq. Sizcə, bu adamlar yolu axıra qədər gedə bilərmi?
Cəbhəçilərin və müsavatçıların bir-birilərinə qarşı daxili nifrəti hakimiyyətə qarşı nifrətlərindən daha dərin və daha rəngarəngdi. Hakimiyyət mediası da bu nifrətdən zaman-zaman yaxşıca istifadə edir. Çünki cəbhəçilər və müsavatçılar bir-birilərinə inanmır, bir-birilərinin qarşılarında alnıaçıq deyillər.
Müsavat 2005-ci ildə parlamentdə lal deputatlarla təmsil olunmaqla müttəfiqlərinə xəyanət etdi. Cəbhənin tarixi isə belə xəyanətlərlə daha zəngindi. Sadalasaq çox uzun bir yazı alınar. Zatən o hadisələri və adamları xatırlamağa heç həvəs yoxdu. Təkcə Cəlal Əliyevin parlamentdə AXCP-çi deputat Əliməmməd Nuriyevə "Mandat vermişik, sakitcə otur yerində",- deməsini xatırlamaq kifayətdi. Bir balaca abrı olan adam bu sözdən sonra intihar etməli idi...
Faktiki olaraq, nə Əli Kərimli, nə də İsa Qəmbər həbsdə yatmağa, küçəyə çıxmağa hazır deyil. Mən elə bilirdim Arif Hacılı həbsdə yatmağa hazır siyasətçidi. Məlum oldu ki, Arif bəy də düşündüyümüz qədər bərk adam deyilmiş. Həbsə düşən kimi "Darıxıram" adlı şeir yazdı. İnsandı, hisləri var, ola bilsin doğrudan da darıxıb və hislərini şeirlə ifadə etməyə cəhd göstərib. Amma hakimiyyətə gəlməyə iddialı olan bir müxalifət partiyasının lideri kimi Arif Hacılının "Darıxıram" adlı şeir yazmağa mənəvi haqqı yox idi. Arif bəy əgər şeir yazırdısa, o şeirdə insanları azadlığa, inqilaba, mübarizəyə səsləməli idi. Darıxmaqdan şeir yazan adam çoxdu ölkədə. Vaqonladı. Boşaldan yoxdu, qalıb stansiyalarda xarab olur.
Əgər Arif bəy şair olmaq istəyirsə, o zaman gedib Yazıçılar Birliyinə üzv olsun, biz də işimizi bilək. Bəlkə orda ona "Darıxıram" şeirinə görə Prezident təqaüdü də verdilər. Çox güman ki, Anar Rzayev də Arif Hacılının şeirlər kitabına ön söz yazar...
Nə yaxşı ki, hakimiyyət vaxtında Arif Hacılını azadlığa buraxdı. Yoxsa, yəqin ki, "Darıxıram" adlı poema da oxumaq məcburiyyətində qalardıq...
Sözsüz ki, bu hakimiyyətin ömrünün uzanmasında mövcud müxalifətin müstəsna rolu var. Ona görə yox ki, pul alıb birbaşa hakimiyyətə işləyirlər. Bunu iddia etmək ədalətsizlik olardı. Mövcud müxalifət öz qorxaqlığı, cəsarətsizliyi, passivliyi ilə hakimiyyətin ömrünü uzatmaqdadı. Bizim müxalifət altıncı barmaq kimi bir şeydi. Kəsirsən ağrıyır, saxlayırsan mane olur...
(davamı mütləq olmalıdı)
Seymur Baycan