Məşhur müğənni, şair və bəstəkar Leonard Kohenin ölüm səbəbi açıqlanıb.
Axşam.az bildirir ki, keçən həftə 82 yaşında vəfat edən sənətçinin meneceri Robert Kori bu haqda danışıb. O: "Leonard Kohen noyabrın 7-də yuxuda olduğu zaman yatdığı yerdən yıxılaraq dünyasını dəyişib", - deyib.
R.Kori ifaçının ölümünü "Ani, gözlənilməz və sakit" adlandırıb. Menecerin bu açıqlaması ilə Kohenin vəfatının ictimaiyyətə 3 gün sonra açıqlandığı üzə çıxıb.
L.Kohen noyabrın 10-da, yəni ölümünün açıqlandığı gün Kanadanın Monreal şəhərində təşkil edilən kiçik cənazə mərasimi ilə dəfn edilmişdi. Məşhur sənətçi üçün Los-Ancelesdə böyük bir anım tədbirinin keçiriləcəyi planlaşdırılır.