Gültəkin Hacıbəyliyə qarşı başlanan kampaniyanın məram və məqsədini izah etməyə heç bir ehtiyac yoxdur: adam uzun müddət müdafiə etdiyi və mövqeyini bölüşdüyü hakimiyyət haqqında həqiqətlərdən bir neçəsini (hamısını deməyə ömür çatmaz) dilə gətirəndən sonra iqtidar mənsublarının hədəfinə çevrilib, bütün vasitələrlə onu "sıradan çıxarmağa" çalışırlar - təbii ki, öz aləmlərində.
Bunların təsəvvürünə görə, Gültəkin Hacıbəylinin keçmiş əri M.M.-i (Mahmud Mehdiyevi) bu kampaniyanın alətinə çevirmək ən unikal vasitədir: hər necə olsa, Azərbaycan mentaliteti var və xanımın öz keçmiş həyat yoldaşına etdikləri ictimailəşərsə, keçmiş millət vəkili hazırkı millətin gözündən şappıltıyla düşməlidir.
Doğru hesablayıblar: G.Hacıbəyliyə qarşı kampaniyada sözün bütün mənalarında dəhşətli faktlar açıqlanır və milləti qıcıqlandırır.
Məsələn, bəlli olur ki, M.M.-ə (Mahmud Mehdiyev) qarşı Gültəkin xanım böyük ədalətsizliyə yol verib: məhkəmə həmin dövrdə hakimiyyətdə təmsil olunan deputatın lehinə qərar çıxarıb, M.M. heç bir günahı olmadan prokurorluqdakı vəzifəsini itirib, bu azmış kimi, keçmiş ərin Vergilər Nazirliyində çalışan qardaşı da işdən qovulub...
Hətta bu faktlara yüzdəyüz inam belə Hacıbəylini ifşa etmir, hakimiyyətin mahiyyətini ortaya qoyur: əgər iqtidarda təmsil olunan bir deputat bu yekəlikdə haqsızlıq etmək üçün dövlətin inzibati aparatından istifadə edə bilirsə, heç bir suçu olmayan prokuroru və vergi işçisini işdən qovdurursa, ölkədə hansı sistemin mövcudluğunu təsəvvür edirsinizmi?
Demək, bu ölkədə "hüquq" adına geydirilən bütün müddəalar boş şeydir, heç bir vətəndaşın haqqı qorunmur; hətta kiminsə qohumu olduğu "günahı" üzündən adamı - bu kontekstdə M.M.-in qardaşını - işdən qova bilirlər.
Sonra da M.M. qalxır və deyir ki, Gültəkin Hacıbəylinin əvvəlki mövqeyini 180 dərəcə dəyişdiyini görüb, "bir vicdanlı azərbaycanlı, vətənini, dövlətini, prezidentini sevən şəxs kimi" 9 il əvvəl başıma gələn "şəxsi məsələləri" ictimailəşdirməyə bilmədim.
Ey vicdanlı azərbaycanlı, G.Hacıbəyli əvvəlki mövqeyindən olarkən, hakimiyyətin zor aparatından istifadə etməklə sənin ananı ağladıb, anana aid olan mənzildən pay qopartmaq üçün məhkəmə hökmü çıxartdırıbsa, doğmaca balanı görməyə sənə fürsət verməyibsə, qardaşın da daxil olmaqla sülaləni vəzifədən qovdurubsa, kimdir günahkar? Sevdiyin prezident, sıralarından qovulduğun ədalətsiz sistem, yoxsa Gültəkin Hacıbəyli?
Ananın halal haqqı olan mənzilindən qərəzli məhkəmə qətnaməsi ilə Gültəkin Hacıbəyliyə pul ödədiyində, özün və qardaşın işdən qovulduğunda bu cür ədalətsizliyə uğradığına görə yenədəmi allahsız bir sistem quran prezidentini sevirdin?
Əminəm ki, o haqsızlıqlara uğrayarkən dilindən çıxmasa da, sadalanan "sevdiklərin" barədə ürəyinin ən dəruni guşəsində hirs və hikkəni ifadə edən bir neçə mərtəbəli "dağıdıcı söz vulkanı" püskürürdü. Yoxsa, səni keçmiş arvadının əlində əsir-yesir edən, "vicdanla xidmət etdiyin" işindən qovan rejimə sevgi və sayğını çatdırmaq üçün əlləşdiyinimi deyəcəksən?
M.M.-in açıqlamalarında başqa nüans da var: vaxtilə ona edilən ədalətsizliklərin başında duran sistemə sığınmaq, yarınmaqla itirdiklərini bərpa etmək arzusu!
Diqqət edirsinizmi insanın daxili istəklərinə? Bu adam fərqinə vararaq (!) növbəti ədalətsizlikdə özünü alətə çevirir, bu dəfə həmən zor aparatına, haqsız sistemə arxalanmaqla keçmiş həyat yoldaşına qarşı səngər seçir.
Bu, çox acınacaqlı psixoloji durumdur və əslində, rejimin yaşamasını, ömrünün uzanmasını saxlayan əsas faktdır: ədalətsizliklərə vərdiş etmiş insanlar bütün vasitələrlə zor aparatından bəhrələnməyə çalışır və ona öz töhfələrini verirlər: bu ədalətsiz maşının yenə də onların özünü və doğmalarını ayaqları altına ala biləcəyinə baxmayaraq (necə ki, 2004-cü ildə M.M. bu maşının tırtılları altında həyatının necə xıncım-xıncım olduğunu görüb), yenə də həmin sistemə qul sədaqəti göstərməkdə davam edirlər.
Şər - bu insanların içindədir, ədalətsiz sistemi də belələri öz canları və qanları ilə yemləyib böyüdürlər...
Anar Mahmudoğlu