Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Slovan" aparıcı futbolçularından biri ilə vidalaşa bilər.
Milli.Az xəbər verir ki, söhbət 22 yaşlı yarımmüdafiəçi Yan Sikoradan gedir.
"Qarabağ"la Bakıdakı görüşün (2:2) 11-ci saniyəsində fərqlənərək, Avroliqanın tarixində ən erkən qola imza atan Sikoranın müştəriləri artıb. Belə ki, Çexiyanın 2 klubu - "Viktoriya" və "Slaviya" onun xidmətində maraqlıdır.
"Qarabağ"ı bu il Çempionlar Liqasından kənarlaşdıran "Viktoriya" Sikoranı heyətinə qatmaqda daha israrlıdır. Plzen təmsilçisi qarşı tərəfə ilk olaraq, 35 milyon kronluq (1 milyon 295 min avro) təklif göndərib.
Bu təklif qarşı tərəfi qane etməsə, "Viktoriya" rəhbərliyi məbləği yüksəltməyə hazırdır. Plzenlilər Sikoranın qarşılığında iki futbolçuları - Eqon Vuk və Mixal Dyurişi qarşı tərəfə verməyə də razıdırlar.
"Slovan"la 2018-ci ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçi ilə "Slaviya" da danışıq aparır. Bu klubun da qış "transfer pəncərəsi"ndə heyətinə qatmaq istədiyi oyunçuların siyahısına məhz Sikora başçılıq edir. Çexiya mətbuatı "Qarabağ"ın rəqibinin Sikoranı heyətində saxlaya biləcəyini inandırıcı saymır.
Qeyd edək ki, 2015-ci ildən "Slovan"ın formasını geyinən Yan Sikora bu ildən Çexiya yığmasına da dəvət alır.