Mayın 10-da İranın futbol üzrə ölkə çempionatının 34-cü həftəsində Təbrizin “Traktor” komandası doğma divarlar arasında Tehranın “Persepolis” klubunu qəbul edib. APA-nın məlumatına görə, yerli vaxtla saat 17:45-də (Bakı vaxtı ilə 18:15-də) Təbrizin “Səhənd” stadionunda keçirilən qarşılaşmada Təbriz komandası İranın əvvəllər “Piruzi” (“Qələbə”) adı ilə tanınan köklü klubunu böyük hesabla məğlubiyyətə uğradıb. Belə ki, “Traktor” rəqib qapısından 3 top keçirməyə müvəffəq olub, “Persepolis” isə bunlardan yalnız birinin əvəzini çıxa bilib. Qolları Təbriz komandasından Mehdi Salehi (32), Mehdi Kərimian (54) və Suares de Karvalyo Geils (90), Tehran klubunda isə Rza Həqiqi (69) vurublar. Bununla da “Trakror” “Persepolis”i 3:1 hesabı ilə məğlub edərək 65 xalla gümüş medalların sahibi olub. Bu isə növbəti mövsüm yenə də Təbriz komandasının Asiya Çempionlar Liqasında mübarizə aparması deməkdir.
Qarşılaşma bitdikdən sonra Təbriz meydanları, küçələrinə axışan azərbaycanlılar “Traktor”un qələbəsini böyük coşğu ilə qeyd ediblər.