Xalq artisti Rasim Balayevin səhhətində problemin yaranması haqda məlumat vermişdik. Ehtiyyatsızlıq üzündən qolunu sındıran sənətkar 18 gündür ki, yataq xəstəsidir.
Bu səbəbdən də sıxıldığını, darıxdığını deyən aktyor ailə üzvlərindən savayı dərdini bölüşməyə bir kəs tapmır.
AzNews.az-a dərdini açan R.Balayev dedi ki, onu nə sənət yoldaşları maraqlandırır, nə də ömrünü xərclədiyi sənət: "Mənim sənət dostum yoxdur, vəssalam. Sənət dostlarım vardı, amma indi yoxdular, hamısı getdi. Adamı elə yandıran da budur. Məni bu saat özümdən savayı nə bir sənətkar, nə də bir dost maraqlandırır. Darıxıram. Bilmirəm, mənə nə oldu?. Ötən yay qıçım sındı, indi də qolum. Fikirli də deyildim, elə bil məni götürüb yerə cırpdılar. Qalmışam həkimlərdə. Ətrafda nələrin baş verməsindən də xəbərsizim. Nə yaxşı ki, televizor var. İndi məni yada salan ancaq jurnalistlərdir. Zəng edib deyirlər ki, filankəs prezident olmaq istəyir. Deyirəm ki, kim nə olur, olsun, mənə nə. Adamın canı ağrıyanda heç özü də yada düşmür".