Yeni meydan.info 24saat.org-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, fövqəlnazir Sumqayıt çimərliyində, "Səma” İstirahət Mərkəzinin yaxınındakı boş torpaq sahəsində istirahət kompleksi tikmək qərarına gəlib. Bu məqsədlə əraziyə gətirilən ağır texnika sözügedən sahəni lazımsız tullantılardan təmizləyib, digər texnikaların rahat hərəkəti üçün yolu genişləndirib.
Mənbə yaxın günlərdə ərazinin hasarlanacağı və yeni üslubda, modern istirahət mərkəzinin tikintisinə başladılacağını bildirib.
K.Heydərovun Sumqayıt çimərliyinə "gəlişi” nəticəsində Sumqayıt Şəhər İcra Hakimiyyətininn başçısı Zakir Fərəcovla "qonşu olub”. Belə ki, K.Heydərovun sahib olduğu ərazi ilə Z.Fərəcova məxsus "Kalyon” İstirahət Mərkəzi arasında qısa bir məsafə mövcuddur.
Bu, K.Heydərovun çimərlik biznesi ilə bağlı həyata keçirdiyi ilk layihə deyil. Fövqəladə hallar naziri təxminən hələ 10 il bundan öncə Lənəranda, Göyşaban kəndinin dənizkənari hissəsində istirahət kompleksi inşa etdirmişdir.