Son aylrda bundan məzəli əhvalat eşitməmişdim. Bu, məzəli olduğu qədər də unikal hadisədir, gerçəkdən də analoqu yoxdur, olmayıb, amma ola bilər ki, hüquqi-məişət presedenti olacaq.
Uzun sözün kəsəsi, bir Azərbaycan vətəndaşı toyuna gəlməyən 80 nəfəri məhkəməyə verib. O, məclisə gəlməyən 80 nəfərin toyuna vaxtilə yazdırdığı pulları geri tələb edir.
Hadisə rayonlardan birində olub. Təəssüf ki, xəbəri öz facebook səhifəsində yayan vəkil Anar Qasımlı rayonun və vətəndaşın adını yazmayıb. Ancaq Anar bəy ciddi adam olduğundan onun sözünün mötəbərliyi bişəkkdir.
Bu olay kefkökəldən, dodaqqaçıran janrda olsa da, əslində, vətəndaşlarımızın öz problemlərini hüquqi müstəviyə çıxarmaları baxımından sevindiricidir.
Hiss olunur ki, bu xüsusda biz yankilərə - hər şeyə görə adamı, hansısa dövlət qurumunu məhkəməyə verən amerikalılara yaxınlaşırıq.
Amerikalıların məhkəməyə müraciətlləri barədə məzəli əhvalatlardan yadıma düşən bir neçəsini qeyd edim, söhbət şirin olsun. Bir dəfə ştatların birində evi dəmiryol qırağında olan bir nəfər dəmiryol idarəsini məhkəməyə verib ki, bəs, o, gecə saat 1-də arvadına yaxınlaşıb “ay ləv yu, beybi” dediyi yerdə stansiyaya yaxınlaşan qatar fit səsi verib, bunun bütün konsentrasiyası pozulub və eşq-məhəbbət vaqiəsi baş tutmayıb, ona görə də dəmiryol idarəsi kompensasiya ödəməlidir. Ən maraqlısı odur ki, məhkəmə adamın xeyrinə qərar çıxarıb, qəradadda göstərib ki, qatar gecə saat 1-də fit verməməlidir, camaatın əlində işi-gücü var.
Bundan başqa, ütünün qızarkən adamın əlini yandıra biləcəyi barədə elektrik avadanlığının təlimatında müvafiq qeydin olmamasına görə də istehsalçı şirkəti məhkəməyə verənlər olub. Bundan başqa da, belə kuryoz hadisələr çoxdur. Ümumiyyətlə, amerikalılar məhkəmə manyakıdırlar. Avropalılar da getdikcə hər şey məhkəməyə çıxarmağa meylləniblər. Deyilənə görə, atası uşağın üstünə acıqlanırsa, yaxud hansısa arzusunu yerinə yetirmirsə, uşaq durub cumur məhkəməyə, valideynini cərimələtdirir.
Bəlkə də belə yaxşıdır. Bir var, hər konflikti məhkəmədə çözəsən, bir də var, küçədə, orda-burda bıçaqlaşasan. İkinci vaqiənin sonu onsuz da məhkəməyə gəlib çıxırsa, görünür, ən yaxşısı, məhkəməyə öncədən müraciət etməkdir.
Məsələn, rayonlardan birində məhkəməyə müraciət edən toy yiyəsi acıqlanaraq toyuna gəlməyənlərin bir neçəsi ilə rastlaşarkən “əclaf, toyuma niyə gəlməmişdin” deyə mübahisəyə girişsə, onunla söyüşsə, dalaşsa, qanqaraçılıq ola bilər.
Əslində, adam haqlıdır. O boyda xərc çəkib toy eləyib, onun toyuna qəsdən gəlməyən şəxslər isə onu maddi ziyana salıblar. Düzdür, araşdırılsa, məlum ola bilər ki, həmin şəxslər onun böyük qızının-oğlunun toyunda bir dəfə iştirak ediblər, onda vəziyyət bir qədər dəyişir.
Bundan başqa, həmin şəxs məhkəmədə sübut etməlidir ki, doğrudan da həmin 80 nəfərin toyunda iştirak edib və nəmər yazdırıb. Bundan ötrü məhkəməyə ən azı 80 toy kaseti və bir o qədər də nəmər dəftəri gəlməlidir. Əgər nəmər dəftəri itibsə, bu, artıq məhkəməyə verənin əleyhinə dəlil sayılmalıdır. Hətta ola bilər ki, nəmər dəftərindəki göstəricilərlə toy kasetindəki görüntülər düz gəlməsin, yəni aydın olsun ki, adamın adı siyahıda yoxdur, amma videokasetdə görünür. Bu da o anlama gəlir ki, məhkəməyə ən azı üç şahid dəvət edilməlidir.
Beləliklə, məhkəməyə müraciət edən toy yiyəsi öz haqlılığını sübut eləsə (böyük ehtimalla edə bilər), onda məhkəmə toya gəlməyənləri minimum toy nəmərinin 3 misli həcmində cərimələməlidir. Bu da ona görə ki, onlar öz hərəkətləri ilə toy yiyəsinə həm maddi, həm də mənəvi ziyan vurublar.
Xüləs, bu haqq-hesabın perspektivini görürəm. Yaxşı ideyadır. Yayılacaq. Toyuna dəvət etdiyi qonaqlarının yarısı gəlməyən bir dost var, gərək, ona deyim ki, nə qədər gec deyil, məhkəməyə iddia ərizəsi hazırlasın. Kim qabağa düşdü, udacaq. Sonra bütün işlər kimi, bu da absurd xarakter alacaq. Biri bu məsələdə beş manat qazanan kimi, başqaları ad gününə, nişana, 7-yə, 40-a gəlməyənləri da məhkəməyə verəcəklər
Samir Sarı