Rəsulzadənin tarixdəki yerini əlahəzrət tarix müəyyən edib
Mənim və mənə elə gəlir ki, əksər ölkə vətəndaşlarının atası, anası, eləcə də baba və nənələri məlumdur. Bizim valideynlərimizi seçmək hüququmuz olmadığı kimi, baba və nənələri də özümüz müəyyən etmək səlahiyyətlərinə malik deyilik. Bu, təbiətin qanunudur, heç kim bunu dəyişə bilməz. Təkcə bəzi istisnalar mövcuddur ki, o da valideynini itirən, bu və ya digər səbəbdən valideynin iştirakı olmadan dünyaya gələnlərdir. Onların seçim etməsi həm müvafiq dövlət qurumundan, bəzi hallarda-həddi-buluğa çatmışlarsa, özlərindən asılıdır.
Şərq ölkələrində, xüsusilə də diktaturaya meylli rejimlərdə siyasi xadimlərin bütləşdirilməsi artıq heç kimi təəcübləndirmir. Bu tip dövlətlərdə mütləq dövlətin memarı hansısa lider olmalıdır. Kütlələr həmin lideri ilahiləşdirməli, rəsmi təbliğat onun keçmişdə atdığı hər bir addımı vəsf etməlidir. Ona şeirlər həsr edilməli, həyatından bəhs edən filmlər çəkilməlidir. Və ən başlıcası da bağçalarda, orta məktəblərdə bütün uşaqlar Onu öz babaları kimi sevməli, BABA adlandırmalıdır.
Əslində fikrimiz o deyil ki, həmin şəxslərin kütləvi ehtirama layiq olub-olmamasını müzakirə mövzusuna çevirək. Məsələn, Mustafa Kamal Atatürk Türkiyə dövlətinin yaranmasında, qorunmasında və inkişafında oynadığı mühüm rola görə mütləq ehtirama layiq siyasətçi, hərbçi və dövlət adamıdır. Ona nəinki Türkiyə cümhuriyyətinin, həm də bütün türk dünyasının ehtiram borcu var ki, türk dövlətləri tarixə çevriləndə türk dövlətçiliyini ən azından bir dövlətin timsalında qoruya bilib. Bir sözlə, söhbət ehtiramdan deyil, onun şit, qaba, xalq dilində ifadə etsək, düşük formasından gedir.
Xalq Cəbhəsi 1993-cü ildə iqtidarını qoruya bilsəydi, bu günlərimizdə Məhəmməd Əmin Rəsulzadə mövzusu və rəsmi təbliğatın hansı özəlliklərə malik olacağını demək çox çətindir. Amma ehtimal etmək mümkündür ki, Şərq mentaliteti yenə güclü çıxacaq, bağçalarda, məktəblərdə “baba” kampaniyasına start veriləcəkdi. Tarixdəki mühüm və əvəzolunmaz roluna rəğmən bütləşdirmə istənilən şəxsiyyətin layiq olduğu səviyyədə dərk edilməsinə imkan vermir. Cəmiyyət ona qarşı sevgini rəsmiləşdirir, bu sevgi qəlbdən olan, səmimi xarakterə malik obrazdan məcburiyyətə çevrilir.
Tarixi şəxsiyyətlərin tarixdəki yerini əlahəzrət tarix özü müəyyənləşdirir. Kimlərinsə qarayaxmaları, ya da əksinə süni subyekti canlılıqdan çıxarıb fetişləşdirmələri heç nəyi dəyişmir. Həmin zaman kəsiyində gerçək şəxsiyyətin üzərinə qara pərdə endirilə bilər, amma onun nuru mütləq şəkildə qara pərdələri belə işıqlandıracaq, tarixi ədalət öz yerini tapacaqdır. Əksinə, mahiyyəti heçlik olan, özündən sonra irs, ideologiya, ya da təkzibi qeyri-mümkün əməli fakt qoya bilməyən birinin bütləşdirilməsi, tarixiləşdirilməsi, mühüm hadisələrin adına bağlanması son nəticədə heç nəyi dəyişməyəcək!
Məncə, təvazödən uzaq olsa da, bu yazını Məmmədəmin Rəsulzadənin 130 illik yubileyinə kiçik bir töhfə kimi qəbul etmək olar. Bəlkə böyük lider, Azərbaycanın və azərbaycanlıların XX əsrin əvvəllərindəki dövlətçiliyinin yaranmasında müstəsna rolu olan bu şəxsiyyət özü də indi yaşasaydı, ifrat və mənasız təbliğatı yersiz hesab edər, ondan əvvəl, onunla bərabər müqəddəs müstəqillik mucadiləsində öndə olan digər böyük şəxsiyyətlərə də diqqət yetirməyi vacib sayardı.
Bütün yuxarıda qeyd olunan və milli mentalitetlə, bəlkə də daha dəqiq desək, şərq mentaliteti ilə bağlı olan məsələlərə rəğmən yazının gerçək məqsədinə qayıdaq. Arzu edək ki, 31 yanvar Böyük Məmmədəmin Rəsulzadənin doğum günü ilə əlaqədar heç olmazsa gələn il, yəni yubileydən bir il sonra xalqımız öz böyük oğlunun məzarını Bakıda ziyarət etmək imkanı əldə etsin və Məmmədəmin bəy də uzun illərin ayrılığından sonra canı qədər sevdiyi vətəninin torpağını qoxulaya bilsin...