Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Şıxəli Qurbanovun adı Musiqili Komediya Teatrından götürülüb. Teatrın adı da dəyişdirilib. Bundan sonra mədəniyyət ocağı Musiqili Teatr adı altında fəaliyyət göstərəcək. Aprelin 18-də təmirdən çıxan teatr binasının qırmızı lentini prezident İlham Əliyev kəsib.
“Yeni Müsavat”ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyevadan aldığı xəbərə görə isə teatrın adının dəyişdirilməsi onun spektrinin genişlənməsi ilə bağlıdır: “Şıxəli Qurbanov Azərbaycanın layiqli övladlarındandır. 1969-cu ildə dünyasını dəyişən şəxslə bağlı hansı qərəzdən söhbət gedə bilər? Bu məsələ Şıxəli Qurbanovun şəxsiyyəti ilə bağlı deyil. Rəhbərlik belə qərara gəldi ki, bundan sonra teatr təkcə komediya janrındakı əsərləri deyil, ümumiyyətlə, musiqi əsərlərini səhnələşdirəcək. Teatrların həyatında, ümumiyyətlə, mədəniyyət sahəsində islahatlar aparılır. Musiqili Komediya Teatrının da adı bu islahatlar çərçivəsində dəyişdirilir. Mirzə Fətəli Axundovun da adı bir neçə il öncə Oprea və Balet Teatrından götürülüb. İndi kimsə deyə bilərmi ki, bu, Mirzə Fətəlinin şəxsiyyətinə qərəzli münasibətlə bağlıdır? Bütün bunlar teatrların həyatına müsbət təsir edir”.
Zöhrə Əliyevanın sözlərinə görə, Şıxəli Qurbanovun adının teatrdan götürülməsi heç bir halda onun əsərlərinin repertuardan çıxarılması və ya Şıxəli Qurbanovun musiqili komediya janrındakı yaradıcılığının arxa plana keçməsi anlamına gəlmir.
Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova isə atasının adının teatrdan götürülməsi ilə bağlı etirazlarını “Yeni Müsavat”a bildirib. Onun fikrincə, bu məsələyə qərəzlə yanaşılıb:
- 1969-cu ildən bu teatrın vaxtı ilə ən fəal dramaturqunun əsərlərinin səhnədə qoyulması qadağan olunub. 1969-cu il təsadüfi tarix deyil. O zamanın yüksək vəzifəli funksionerlərinin sözlərinə görə, onlara bu tapşırıq birinci şəxs tərəfindən verilirdi. Ötən 46 ildə dəfələrlə Şıxəli Qurbanovun adının teatrın üzərindən götürülməsinə cəhd edilib. Lakin rəhmətlik anam - Xavər xanımın səsinə xalqın haray verməsindən ehtiyat edib, hər dəfə bu işdən geri çəkiliblər. Bu gün gözümüzün önündə olan olay onilliklərlə aparılan işin nəticəsidir.
- Siz bu haqda öncədən xəbərdar idinizmi?
- Hələ Polad Bülbüloğlunun respublikanın mədəniyyət naziri olduğu dövrdə o, atamın xatirəsinə hörmətsizlik göstərərək teatrın yeni binasının inşası bitdikdən sonra Şıxəli Qurbanovun adını Azərbaycan Dövlət Musiqili Komediya teatrının əsas qapısındaki lövhədən, afişalardan və bukletlərdən sildirmişdi. Adını daşıdığı teatrın sadəcə xidməti girişində vurulan lövhədə “Ş.Qurbanov” adını görmək olardı. 2006-cı ildə Əbülfəs Qarayev mədəniyyət naziri olduqdan sonra mən onun yanında olub xahiş etdim ki, Polad Bülbüloğlunun mənfi təcrübəsini davam etdirməsin. Onun atamla bağlı səhvlərini düzəltsin. Bildirdim ki, xalq rəssamı Böyükağa Mirzəzadənin dövlət sifarişiylə, Şıxəli Qurbanovun yağlı boya ilə yazılan və uzun illər teatrın foyesini bəzəyən portreti yoxa çıxıb. Ə.Qarayev dedi ki, “nə ad, indi ad - filan artıq yoxdur”. Mən ona bildirdim ki, birincisi, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlı, Abdulla Şaiq, Səməd Vurğun və s. adına teatrlar respublikamızda fəaliyyət göstərir və bu, təqdirə layiqdir. Onu da dedim ki, bu teatra Şıxəli Qurbanovun adını hökumətin qərarıyla veriblər və bu qərarı əsaslı təkzib edən sənəd olmayana qədər siz nə cürətlə bu sözləri mənə deyirsiniz? Ə.Qarayev həmin dəqiqədə sözünü dəyişdi və dedi ki, mən də elə onu deyirəm. Təmir bitənə yaxın teatrın müdirinə sərəncam verəcəyəm ki, dünya təcrübəsinə uyğun olaraq, teatrın binasında Şıxəli Qurbanovun memorial otağı təşkil edilsin və beləliklə teatra gələn tamaşaçılar dramaturqun həyatına aid əşyalar və sənədlərlə də tanış ola bilsinlər. Təbii ki, mən buna sevindim və memorial otağın təşkili üçün lazım olan əşya və sənədləri teatra təqdim etməyi boyun oldum. O zamandan keçən müddət ərzində ailəmiz səbirsizliklə teatrın təmirinin bitməsini gözləyirdi.
- Sonra nə baş verdi?
- Bir neçə ay bundan əvvəl qardaşım İlqar Qurbanov Əbülfəs Qarayevə məktubla müraciət etdi və bildirdi ki, ailəmiz təmir bitmək üzrə olduğu üçün bir daha onun yadına salır ki, adı çəkilən otağı ayırmağı unutmasınlar. Bizə nazirliyin şöbə müdirinin imzası ilə savadsız bir cavab gəldi. Cavabda göstərilirdi ki, həqiqətən dünya təcrübəsində belə memorial otaqların təşkil edilməsi nəzərdə tutulur, lakin bunun üçün bir səbəb olmalıdır. Bu gülünc cavabı oxuduqdan sonra artıq mən öz imzamla Əbülfəs Qarayevə məktub ünvanladım. Həmin yazıda bildirdim ki, Şıxəli Qurbanov Azərbaycan Dövlət Musiqili Komediya Teatrının ən fəal dramaturqu və Üzeyir Hacıbəyov adına Dövlət mükafatının ilk laureatlarından olduğu üçün - onun hər il bir əsərinin bu teatrın səhnəsində premyerası oynanılırdı və bu əsərlərin hər biri yüzlərlə anşlaq toplayırdı - teatra onun faciəli ölümündən sonra, daha dəqiqi 24 may 1967-ci ildə öldürüldükdən sonra Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin və Azərbaycan SSR Nazirlər Sovetinin 2 iyun 1967-ci il tarixli birgə qərarına əsasən onun adı verilib. Bu teatr artıq 46 ildir ki, Şıxəli Qurbanovun adını daşıyır. Bundan kəsərli hansı səbəb olmalıdır? Həmin məktubu nazirə bildirişlə göndərdim. Evimizə məktubun ünvanlanılan şəxs tərəfindən alındığı barədə bildiriş gəldi, lakin mənə hələ də cavab verilməyib. Artıq şöbə müdirinin kələyinin üstü dünən AR Prezidentinin iştirakı ilə teatrın təmirdən sonra baxışında açıldı.
- Sizcə, bütün bunlar həm də ziyalıların, ictimai xadimlərin - Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetindən, Üzeyir bəy Hacıbəyovun adının Konservatoriyadan götürülməsindən qaynaqlanmırmı?
- Bu, eyni kampaniyadır. Bu gün tanınmış və el içində böyük nüfuza malik ziyalılarımızdan biri telefon söhbətində mənə bildirdi ki, Məhəmməd Əmin Rəsulzadədən başlayanda biz elə o zaman düşündük ki, bu, Şıxəli Qurbanovun adının teatrdan götürülməsinə gedən yoldur. Bildiyiniz kimi, Üzeyir Hacıbəyovun adını Azərbaycan Dövlət Konservatoriyasının üzərindən necə götürdülərsə, elə də özlərini hörmətsiz edərək bərpa etdilər. Bu aqibət Məhəmməd Əmin Rəsulzadə ilə Şıxəli Qurbanovu da gözləyir. Mən buna əminəm. O ki qaldı, məsələn, Mirzə Fətəli Axundovun adının Opera və Balet Teatrının üzərindən götürülməsinə, bu ad həmin mədəniyyət ocağına səhvən verilmişdi, çünki M.F.Axundovun nə opera, nə də ki balet sənətinə heç bir aidiyyəti yoxdur. Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundovun adı Milli Dram Teatrına verilməlidir. Bu olar məntiqə uyğun bir addım. Əminəm ki, vaxt gələcək, bu, belə də olacaq. Üzümü mənim məktubuma cavab verməkdən imtina edən mədəniyyət nazirinə və onun havadarlarına tutub deyirəm ki, Azərbaycan xalqı sizdən Rəsulzadələr və Qurbanovların adları ilə müharibə aparmağı yox, işğal olunmuş Azərbaycan torpaqlarının qaytarılmasını gözləyir. Üzümü özünü ziyalı sayan kəslərə tuturam: Siz əsl Vətən oğullarının pak adlarına xələl gətirə bilməzsiniz. Bu hərəkətlərinizlə siz onların adlarını bir daha qədirbilən Azərbaycan xalqının ürəyində əbədiləşdirirsiniz.