“Azəri-Türk” Qadınlar Birliyinin sədri, Dünya Azərbaycanlıları Konqresi sədrinin Türk Dünyası üzrə müşaviri Tənzilə xanım Rüstəmxanlının
Moderator.az - a müsahibəsinin ikinci-sonuncu hissəsini təqdim edirik:
- Bu yaxınlarda Alparslan Türkeşin gözəl bir ifadəsini misal gətirmişdiniz: “Biz politikaçı deyilik, biz dava adamıyıq”. Bundan sonra davanızı necə davam etdirəcəksiniz?
- Bəli, Alparslan Türkeş deyirdi ki, o qutudan bizə bir səs çıxmasa belə, biz bu davadan vaz keçmərik. Mən də eynən o cür düşünürəm, biz dava adamıyıq, məfkurə adamıyıq, fikir adamıyıq. Nəyimizə lazımdır ki, bu seçki oldu və ya olmadı. İnsana ağır gələn odur ki, o bayrağı yüksəldən insanları təhqir edənlər, Azərbaycanın müstəqilliyini istəməyənlər, küçələrə toplaşan, “Azərbaycan müstəqil olsun”, “Qarabağ uğrunda müstəqillik” deyənləri təhqir edənlərin çoxusu bu gün vəzifələrdədir. Olsunlar! Məmləkət pisiylə də, yaxşısıyla da bizimdir. Mən ölkə daxilində sözümü deyərəm, mübarizəmi apararam, ancaq heç vaxt ölkəmin mənafeyini, çıxarlarını heç kimə satmaram, hələ xaricə, hələ ikiüzlü Avropaya heç etmərəm bunu. İndi mənə haqsızlıq olub deyə ölkəmin əleyhinə çıxanlardan deyiləm. Bunu çox istədilər, çox müraciətlər oldu, ancaq heç nə danışmadım. Qısa bir açıqlama yazaraq bitirdim, heç danışmayacaqdım da. Bir daha da o mövzuya qayıtmayacağam.
- Həmin açıqlamanızda qeyd etmişdiniz ki, mən Heydər Əliyevin yanında, Qarabağda olanda sizlər hardaydınız və həmin illər barədə kitab yazacağınızı da bildirmişdiniz.
- Mütləq yazacağam o kitabı. Mən inanıram ki, prezidentimizin bunlardan xəbəri yoxdur. Baxın, bir zamanlar Heydər Əliyevi ən çox təhqir edən adamların çoxusunun indi ya özləri, ya da övladları vəzifədədir. O vaxt bir müğənni qadın var idi və rəhmətlik Elçibəyin dövründə qadınlar konqresi yığılanda o qadın məni təhqir edirdi və qışqırırdı ki, bunu bura buraxmayın, bu Heydər Əliyevin adamıdır. Məni ona görə o qədər təhqir ediblər, o qədər sözlə döyüblər ki, indiki mənə olan bu münasibəti heç anlamadım. Mən Heydər Əliyevə hər zaman böyük siyasi xadim kimi sayqı duymuşam, hörmət etmişəm. Elçibəyi milli məfkurə adamı, fikir adamı, Azərbaycanın müstəqilliyində əlahiddə xidməti olan bir şəxs kimi tanımışam. Kim nə istəyir desin, bunları etiraf etmək mənim vətəndaş olaraq borcumdur. Həmin hadisələrə nəzər yetirdikdə vicdan tərəzimi itirə bilmərəm. Hər kəsin öz haqqı var, bəli, Heydər Əliyev çox böyük dövlət adamı idi, mən axı bunları görmüşəm. Heydər Əliyev parlamentə daxil olarkən hər kəs ona salam verməkdən qaçanda Sabir Rüstəmxanlı Heydər Əliyevin qoluna girdi ki, Heydər bəy, sizinlə şəkil çəkdirmək istəyirəm burda. Və elə həmin məqamı da Heydər Əliyev özü evimizə zəng vuranda etiraf etmişdi. Uzağa getməyin, elə Heydər Əliyevin yazıçıların qurultayındakı çıxışına baxın, kitaba da salıblar o çıxışı, baxın görün Sabir Rüstəmxanlı haqqında nələr deyir. Deməyim odur ki, biz dar gündə yoldaş olmuşuq, insanların zor günlərində yanlarında olmuşuq. İndi bu qədər də olmaz!!! Mən Türk milliyyətçisiyəm, başa düşürəm ki, Azərbaycanda nə qədər Türk düşmənləri varsa yığılıb mənə mane oldular. Türk milliyyətçisinin parlamentdə olmasını istəmədilər. Ancaq istədilər, istəmədilər mənimçün önəmli deyil. Türkiyədən, dünyanın hər yerindən mənə o qədər xoş sözlər yazırdılar ki, çox xoşbəxt oldum. Dedim ki, İlahi, bu mənə yetər!!! Türk dünyasından gördüyüm sayqı yüz millət vəkilliyinə dəyər. O mandat həmin sevgi qədər üzümü güldürməzdi, ürəyimi bu qədər sevindirməzdi. Parlamentdə əyləşəcək hər kəsə də uğurlar arzu edirəm, Allah hər birinin yolunu açıq etsin, Azərbaycanımıza xidmət etsinlər! Mən onlara yalnız xoş günlər arzulayıram və haqqımı yeyənləri də Allaha həvalə etmişəm. Qul haqqına giriblər və mən çox inanclı adamam, ilahi ədalətə də çox inanıram. Bu gün Azərbaycanda gedən proseslərdə də bir daha inandım. O nazirlikdən çox savadlı, peşəkar kadrları uzaqlaşdırdılar zamanında. Hansı ki, ora elit təşkilat sayılırdı, çox yüksək səviyyəli, heç bir məsələdə qara ləkəsi olmayan təbəqə yığılırdı. İndi görün ki, ortaya nələr çıxır, hansı işlərlə məşğul olublar. Hələ çox hadisələr baş verəsək, bu hələ harasıdır ki. Bizdə az qala nazirliklərin çoxunun özünün güc strukturları var və bu da istənilən anda dövlət çevrilişi deməkdir.
- Həmin ərəfədə Türkiyədə də seçki keçirilirdi və siz Türkiyəyə getdiniz. O zaman çox kövrək bir not yazmışdınız ki, “incidilmiş körpə kimi anama sığındım”...
- Türkiyə elə mənim Anamdır, Atamdır, Vətənimdir, ən böyük Vətənimdir Türkiyə. Mənim sülaləm ora bağlıdır, çox böyük acılar çəkiblər. Türkiyə bir başqa sevdadır mənim üçün. Gerçəkdən də boyük mənada Vətən deyəndə Türkiyə gəlir gözümün qarşısına. Vətən mənimçün Türk dünyasıdır. Əlbəttə ki, Azərbaycanda yaşayıram, Azərbaycanın haqlarını müdafiə etməliyəm, bu mənim borcumdur. Doğulduğum, böyüdüym evim erməni işğalı altındadır, ikinci vətən olaraq Azərbaycana sığınmışıq.Türkiyənin hüququ, haqqı harada tapdalanırsa ən az Azərbaycan qədər müdafiə etmişəm, edəcəyəm də. Çünki mən Türkiyənin bölgədəki əhəmiyyətini anlayıram. Türkiyə nə qədər güclü olsa, Türkiyənin masa arxasında əli nə qədər güclü olsa, nə qədər çox söz sahibi olsa hamısı bizim lehimizədir. Bununla biz güvəndə oluruq və bunu demək üçün vətəndaş məsuliyyətim var, türk olaraq, türk milliyyətçisi olaraq bunu anlayıram. Leksikonumda Türkiyə türkcəsində sözlər çoxdur və mən bunu sevə-sevə işlədirəm. Çünki biz ortaq türkcəmizin formalaşmasını istəyirik və onun üçün də çalışmaq lazımdır. Mənə yazırlar ki, siz niyə Türkiyə türkəcində danışırsınız, niyə türk sözlərindən istifadə edirsiniz. Azərbaycanda bir çox yerə girsək görərik ki, gənc nəsil də rus dilində böyüyür. Mənim türkcə danışmağım isə bunları narahat edir, guya danışmağım, yazmağım dilimizi korlayırmış. Həmin adamlara sual edirəm, Qarabağı işğal edən erməninin arxasında duran kimdir görəsən, Xocalı soyqırımını törədən, 366-cı batalyon rusların deyilmi, qız-gəlinimizi bu günə qədər əsirlikdə saxlayan erməniyə dəstək verən, 20 yanvar hadisələrini törədən ruslar deyilmi?! Mən demirəm ki, dövlətə qarşı çıxaq, düzdür biz ruslarla qonşuyuq və məcburuq ki, qonşuluq münasibətlərinə riaəyət edək. Aramızda rus qonşularımız var və onlarla çox normal münasibətlərdə yaşayırıq. Uşağımın həkimi rus olub neçə illər, heç bir problemim yoxdur və bu günə qədər də sayqım var. Amma bütün bu faciələrin nədəni olan bir dövlət axı öz baxış bucağından deyir ki, Qafqaz ömrü boyu Çar Rusiyasının arxa bağçası olub və bu gün də Rusiyanın tərkibində olmalıdır. Rusiya bölgədə olan maraqlarını qorumaq üçün qan belə tökdü. Bu gün Qarabağı işğal altında saxlayan belə Rusiyadır, çünki bunda marağı var. Ermənistan əlinin altındadır, Gürcüstanın da başına açdığı oyunlar gözümüzün qabağındadır. Biz demirik ki, dövlət xarici siyasətində radikallığa yol versin. Əlbəttə ki, Rusiya ilə siyasi, iqtisadi əlaqələrimiz də olacaq. Üç milyondan artıq həmvətənimiz orada işləyir. Bunların heç birinə sözüm yoxdur, amma sən qalxıb Türkiyə türkcəsində danışanları, Türkiyə türkcəsinin sözlərindən leksikonunda işlədənləri günahlandırasan, evinin içində isə övladınla rus dilində danışasan. Və sənin milli məfkurən olmaz ki, bütün bunları sənə yaşadan rus milllətidir. Ruslara müəyyən bir məsafəni qoymaqdansa durub deyəsən ki, bunlar Türkiyə yanlısıdrlar, Türkiyə türkcəsində danışırlar. Bax o zaman mən səndən soruşaram ki, Türkiyə Azərbaycana görə Ermənistanla sərhədlərini bağlayıb, Ermənistanın müstəqilliyini tanımasına baxmayaraq səbəbini açıq şəkildə göstərərək sərhədlərini bu günə qədər də bağlı tutur. Əlbəttə ki, mən onun dilinə sayğı duyacağam. Mənim dilim Azərbaycan türkcəsidir, rus dilini bilməyənlərə köhnə qayda ilə “çuşka” kimi baxırlar “ruskiyazıçnı”lar. Türk dilli məktəblər bağlanır, əvəzində isə nə qədər rusdilli məktəblər açılıb. Bütün bunların hamısı bir vətəndaş kimi məni narahat edir. Torpağımı işğal edənin arxasında duran birinin dilində danışmaq zorunda deyiləm. İnsanda milli mənafe, milli təsübkeşlik lazımdır bunun üçün. Hələ bir qalxıb bizi ayıblayırlar da, rus dilində çıxartdıqları qəzetlərdə bizləri söyürlər. Bir vaxtlar da deyirdilər ki, bunlar Osmanlı türkcəsində danışırdılar, bizə lağ edirdilər. Unutmaq olmaz ki,Türkiyə bizim özümüzdür, canımızdır.
- Ana vətəniniz Türkiyədə son seçimdən sonrakı vəziyyəti necə dəyərləndirirsiniz?
- Türkiyədə baş verən hadisələrə nəzər yetirəndə görürük ki, Ərdoğan hakimiyyəti, AKP bir müddət Türk millətindən, Türk bayrağından uzaq dururdu. Bu seçimləri qazanmasının səbəbi isə qıpqırmızı bayrağa sarılmaları oldu, Atatürkə sarıldılar, Türk millətinə sarıldılar, Türklüyə sarılaraq bu seçkilərdən qalib partiya olaraq çıxdılar, təkbaşına iqtidar oldular. Anladılar ki, Türk millətini aşağılamaq olmaz, Türk millətini yox saya bilməzlər, Türk bayrağını əsgərin üstündən endirənlərə səsini çıxartmaya bilməzsən. AKP iqtidardır deyə mən MHP-dəki dostlarımdan dünya dağılsa belə vaz keçmərəm. MHP-ni, Bahçelini təmiz, dürüst, namuslu, şərəfli bir adam kimi tanıyırıam. İstəyir 10 faiz səs alsa belə o, Bahçelinin ayıbı deyil, Türkiyədə Türk milliyyətçilərini bu günə gətirən solçu, marksist, kommunist, beyni hələ də 50 il geridə qalanlardadır günah. Türkiyənin çıxışı Türk millətidir, Türkiyənin var olma səbəbi Türk millətidir. Türkiyə siyasətinə kim gəlirsə gəlsin üç məsələdə mütləq ehtiyatlı olmalıdır, birincisi din, o biri Atatürk, bir də Türk milləti. Bu üç məsələni yox saymaq olmaz, həmin andan səni bitirərlər. Baxın, yenə də Türklük qalib gəldi. İzlədiklərim deməyə əsas verir ki, Türkiyədə Atatürk qalib çıxdı. Gördülər ki, Atatürksüz olmur, Türksüz olmur, şəhidlərin qanı hopmuş bayraqsız olmur. Ərdoğanın Atatürkü anım günüdəki çıxışında dedi ki, “kimsənin rejim qayğısı olmasın, rejim tartışmaları bitmişdir”. Bu o deməkdir ki, cumhuriyyət əbədi yaşayacaqdır! 70 ildir çalışsalar da Atatürkü qazıya bilmədilər, Atatürk məfkurəsi möhtəşəmdir! Heykəlləri yıxmaqla deyil ki, ürəklərdə qurulmuş heykəlləri necə dağıdacaqsınız?! Atatürklə bağlı bir yazımda qeyd etmişdim ki, “Siz sadəcə Atatürkün bürüncdən olan heykəlini yakıb yıka bilirsiniz, 80 milyonun neçə milyonu türkdürsə onların və bir də Türk dünyasının ürəyindəki Atatürk heykəlini necə yıkacaqsınız, buna gücünüz çatmaz!”.
- Tənzilə xanım, indi istərdim siyasəti kənara qoyaq. Sizin bütün bu missiyalarınızdan əlavə bir xanımlıq missiyanız da var axı. Həm də siz, adi bir kişinin xanımı da deyilsiniz. Nazir xanımı, millət vəkili xanımı, indi də xalq şairinin xanımı, eyni zamanda ölkədə kifayət qədər nüfuza malik olan siyasi partiya liderinin xanımısınız. Özünü xalqına, millətinə, işinə həsr etmiş bir bəyin xanımı olmaq sizin üçün çətinlik törətmədi ki?
- Yox, qətiyyən. Hər bir ailədə yaşanan problemlər bizdə də olurdu. Bir məsələni qeyd edim ki, biz eyni fikrin adamlarıyıq, eyni yolun yolçusuyuq, ikimiz də bir Türklük davasının sevdalısıyıq. Belə olduğumuza görə bizim üçün yerdə qalan məişət problemləri gözə görünməyib. Heç bilməmişik bu illər necə gəlib keçdi, elə bilirəm ki, hələ dünən ailə qurmuşuq. Çünki gerçəkdən bizim ailə həyatımız çox maraqlı olub, bərabər konfranslara getmişik. Düzdür, bəzi hallar olub ki, mən güzəştə getmişəm. Axı bizim qadınlar hər zaman fədakar olub. Qadın kim olursa olsun, lap prezident olsa belə evdə analıq, xanımlıq missiyası var. Mən bunları unudan qadınları qadınlıqdan çıxmış hesab edirəm. Mən həyat yoldaşımın xanımı olmaqdan da çox xoşbəxt olmuşam, uşaqlarımın anası olmaq da mənə çox böyük mutluluq verib, həm də ana olmaq axı nəsil yetişdirməkdir, millətin gələcəyini yetişdirməkdir. Övladlarım məni heç utandırmadılar, adları pis işlərdə çəkilmədi, ancaq yardımçı oldular və bu xoşbəxtlik də mənə yetər. Oğlum 16 yaşında yanımda əsgərlik edib sanki. Qonaqlarımız gəlib Cəmil mənimlə bərabər sabahlara qədər yatmayıb, yanımda olub, konfranslarımızda gələn qonaqlarımı qarşılayıb, gedəni yola salıb. O cümlədən də qızım, universiteti bitirdi, indi magistraturada oxuyur. Bütün ailələrin çətinliyi olur, ancaq ailənin möhkəm təməllər üzərində durmasında qadın çox önəmli faktordur. Bəzi hallar var ki, görməməzlikdən gəlmək lazımdır, hər xırda şeyi boyütmək olmaz. Əlbəttə ki, maddi sıxıntılar da olur, indiki dönəmdə isə daha çoxdur, ancaq maddiyyat hər şey demək deyil. Dədələrimizdən qalma bir misal var: “Neynirəm qızıl ləyəni ki, içində qan qusacağam”. Yani elə şeylər var ki, onlar xoşbəxtlik gətirmir axı. İnsanın bəzən elə xoşbəx anları olur ki, onu milyonlara belə dəyişmək mümkünsüzdür. Sabir bəyin çox ağır xasiyyəti var, yazardır, bəzən elə olur ki, hansısa kitabı yazmağa başlayanda günlərlə, həftələrlə evdə heç kimi görmür. Buna əlbəttə ki, səbrlə yanaşmaq lazımdır. Mən onu çox gözəl anlayıram, bilirəm ki, onun bağlandığı həmin kitab bu millətin tarixində, mənəviyyatında qalacaq. Onun üçün mən də millətimə bu məsələlərdə ailəmizə lazım olan qayğılardan sevə-sevə imtina edirəm. Və bilirəm ki, sonunda “Şair və Şər” kimi gözəl əsərlər ortaya çıxacaq.
- Övladlarınızdan qürurla danışdınız. Ancaq sizin bir balaca Mələyiniz də var axı. Nənəlik missiyasını necə yerinə yetirirsiniz? Modern nənələrdənsinizmi?
- Mən çox yaxşı nənələrdənəm. Düzdür, çox tez-tez görüşəmmirik, ancaq həftədə azı üç dəfə görürəm nəvəmi. Ya o gəlir bizə, ya mən gedirəm. Məni də çox gözəl tanıyır, görəndə də buraxmaq istəmir. Aparıb çantamı gizlədir, getmə deyir. Bu şox gözəl, ağıllı, zəkalı, xanım baladır. Allah atasının, anasının gözünə nur eləsin, layiqli, bizi sevindirəcək övlad olsun. Elə gözəl nənə deyişi var ki, adamın ürəyi titrəyir. Anası da ədəbiyyatçıdır, özü indidən məşğul olur onunla.
- Övladlarınızdan da əlavə onlar qədər sevdiyiniz iki balanız daha var. Bacınız Könülün yadigarları Sevinclə, Tengiz. Könülsüz həyat necədir indi, onun yadigarlarını ovuda bilirsinizmi?
- Heç Könülsüz olmadıq ki... Sözümüzün əvvəli də, axırı da odur. Sevincin də, Tengizin də dörd gün fərqiylə doğum günləriydi və ilk dəfə idi ki, həmin günlərində anaları yanlarında olmayacaqdı. Hər ikisi Türkiyədə oxuyur, Sabir bəylə ora gedib anasız keçən ilk doğum günlərində yanlarında olduq, ataları Şahbaz bəy də ordaydı. O yoxluğu əlbəttə ki, duydum, yazılarında gördüm, gözlərindəki hüzndə hiss elədim. Başqa cür də mümkün deyil axı. Ancaq hər halda onlara mənən dəstəyik, onlar bizim övladımızdı, ürəyimizin bir parçasıdır. Ancaq analarının yerini doldura bilmərik. Bilirəm ki, analarını çox sevirlər, analarının necə bir ana olduğunun fərqindədirlər. Könül çox müdhiş bir anaydı, övladlarının üz cizgilərindən belə onları anlaya bilirdi, qəribə bir hissiyatı vardı balalarına qarşı. Bu il bizimçün çox ağır keçdi, Allaha sığındım ancaq, bu acını bizə unutduracaq başqa dərd verməsin deyə dua etdim. Çox bacılar, qardaşlar gedib bu dünyadan və hamının da acısına sayqı duyuram. Amma Könülü itirməyim ağlıma ən son gələcək hadisə idi, onu itirəcəyimi heç düşünməmişdim. Hər kəs pərişan oldu bu vaxtsız ölümdən. Tanrı kimsəyə vaxtsız ölüm qismət etməsin!
- Bilərəkdən və ya bilməyərəkdən kədərləndirdim sizi. O üzdən dərhal başqa suala keçmək istəyirəm. Bilirəm ki, Sabir bəy sizi çox sayda şeirlərlə vəsf edib. Onların arasında ürəyinizi daha çox hansı oxşayıb?
- Noyabrda mənim doğum günümdür. Sabir bəy mənim qırx yaşım tamam olanda bir şeir yazmışdı, “Yaşını demə”. Əhmət Şəfəq də o şeirə çox gözəl musiqi bəstələmişdi. O şeiri çox sevirəm və o mahnını dinləyəndə hər zaman kövrəlirəm.
- Nə zamansa siz də Sabir bəyə sözlə hədiyyə etmək istəmisinizmi?
- Sabir bəyə hər doğum günündə deyirəm ki, Allah səni bizim başımızdan əskik etməsin, Böyük Türk! O, təbrikləri sevmir, ancaq bilir ki, mən onun haqqında çox sözlər yazmışam. İnşaallah, 70 illiyində yəqin ki, ən gözəl yazını mən hədiyyə edəcəyəm ona.
- Masanızın üzərində, rəflərinizdə çoxlu sayda kitablar var. Dərhal bəlli olur ki, mütaliə sevənsiniz. Kimləri oxuyursunuz?
- Hazırda Oktay Tiryakioğlunun “Çaldıran” əsərini oxuyuram, bundan əvvəl də dörd müəllifdən oxumuşam Çaldıran döyüşü ilə bağlı. Türk ədəbiyyatını, tarixi romanları çox oxuyuram. Hər dəfə Türkiyəyə gedəndə mütləq yeni kitablar alırıq. Ayşe Kulinin demək olar ki, bütün əsərlərini oxumuşam. Turqut Özakmanın cumhuriyyətlə bağlı yazdığı “Şu çılğın türklər” əsərini oxuyanda arzulayırdım ki, heç bitməsin...