Artıq bir neçə ildir ki, Aztelekom İB-nin özəlləşdirilməsi barəsində ictimaiyyət arasında məlumatlar dolaşır. Lakin, bu məlumatlar söz-söhbət olaraq qalmaqdadır. Bəs görəsən, neçə ildir özəlləşməyə hazır olan bu birlik hansı səbəblərə görə özəlləşdirilmir? Sualın cavabı primitiv kimi görünsə də, əslində xeyli qəliz və düşündürücüdür. “Aztelekom” İB-i nazirliyin boğazında tıxanıb qalmış tikəni xatırladır. Müəyyən səbəblər ucbatından Əli Abbasov özü də bu Birliyin özəlləşməsini ləngidir.İş burasındadır ki, nazir hələ illər öncə Aztelekomu Beytulla Hüseynova vəd edib. Hüseynov isə vaxtında Əli Abbasovun adını MTN-nin qara siyahısından çıxarmağa müvəffəq olmuşdu. Göstərdiyi xidmətə görə, Aztelekomu istədikdə nazir xeyli çıxılmaz vəziyyətdə qaldı. Bir tərəfdən üzərinə götürdüyü öhdəlik , digər tərəfdən isə heç də zəif fiqur olmayan Məhəmməd Məhəmmədovun personası onu təlaşdırırdı. Gərgin vəziyyəti səngitmək missiyası nazirliyin aparat rəhbəri Vidadi Zeynalova həvalə olundu. Hər zaman diplomatik yanaşması və siyasi manevrləri ilə seçilən Zeynalov Aztelekomu digər orqanın əli ilə yoxlatdırmağı nazirə məsləhət gördü, əslində plan bundan ibarət idi ki, yoxlamalar nəticəsində Məhəmməd Məhəmmədovun “torbası tikilsin”. Aparat rəhbəri müvəqqəti olaraq onun yerinə şampun kimi yumşaq və sürüşkən olan Akif Əsgərovu nəzərdə tutmuşdu. Akifdən hətta “nəmər” də alınsa da, əslində bu şəxs istehsalat birliyini ələ keçirmək istəyənin əllərini yumaq üçün sabun rolu oynamalı idi. Lakin, Məhəmməd Məhəmmədovun qəfil və kəskin addımları Zeynalovun planlarını alt-üst etdi. Belə ki, Məhəmmədov respublikanın ən yüksək dairələrində əyləşən himayədarıma üz tutdu və aldığı “xeyr-duadan” sonra Əli Abbasovun da kürsüsünü sirkələməyə başladı. Bir tərəfdən də “sabun köpüyü”də Vidadi Zeynalovun zəhləsini tökməyə başladı. Aldığımız məlumatlara görə, tərəflər arasında vəziyyəti stabilləşdirmək üçün müəyyən şərtlərlə razılaşma əldə olunmuşdur. Bir də qeyd olunur ki, M.Məhəmmədovun Ukraynanın Truskavets vilayətində və Türkiyənin kurort şəhərlərində inşa etdirdiyi istirahət mərkəzləri nazir Əli Abbasovun əlində şantaj kartına çevrilmişdir. Bir tərəfdən düşünmək olar ki, Məhəmmədov tədricən öz qaranlıq biznesini yığcamlaşdıracaq. Lakin reallıq gözləntilərin tam əksini ortaya qoyur. Aztelekom istehsalat Birliyində yüksək məbləğlərin mənimsənilməsi faktları artır və Məhəmməd müəllimin biznes şəbəkəsi günbəgün genişlənir və çiçəklənir. Bəzi mənbələr bunun səbəbini Məhəmmədovun yuxarıdakı himayədarının xəstələnməsi ilə izah edirlər. Belə ki, uzaqgörənliyi ilə seçilən Məhəmməd müəllim “olmadı belə-oldu elə” prinsipini də göz ardında saxlayır. Hal-hazırda isə nazirliklə Aztelekom arasındakı vəziyyət soyuq müharibəni xatırladır. Akif Əsgərov kimiləri isə partizanların içinə atılmış karantinini xatırladırlar. Məqaləmiz hazırlanarkən redaksiyamıza Hesablama Palatasının “Aztelekom”da keçirdiyi yoxlamalar və bu yoxlamaların ictimaiyyətdən gizlətdiyi barəsində ciddi məlumatlar daxil oldu. Əməkdaşlarımız tərəfindən araşdırma aparılır və növbəti məqaləmizdə “bomba partladacayıq”. Qarşı tərəfində münasibətini dinləməyə hazırıq.