Moldovanın Kişinyov şəhərində keçirilən budo döyüş növləri üzrə Avropa çempionatı başa çatıb. Fri-kontakt, full-kontakt və semi-kontakt versiyaları üzrə keçirilmiş yarışda Azərbaycanı milli komandası da mübarizə aparırdı.
Çempionatın sonuncu günü budo döyüş növlərinin fri-kontakt versiyası üzrə yarışlarda milli komandamızın təmsilçiləri Rahib Əhmədov (70 kq), Mərdan Əliyev (75 kq), Xəyal Quliyev (80 kq), Həsən Əliyev (90 kq) və Elvin Əhmədov (95 kq) fəxri kürsünün ən yüksək pilləsinə sahib olub. 62 kq çəki dərəcəsində mübarizə aparan Fəxrəddin İsgəndərov isə gümüş medalla kifayətlənməli olub.
Semi-kontakt versiyası üzrə yarışlarda Səxavət Əliyev (100 kq-dan yuxarı) qızıl, Rüstəm Rüstəmov (70 kq) və Fariz Nəbiyev (80 kq) gümüş medallara sahib olublar.
Veteranların mübarizəsində isə Nail Məmmədli (100 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək çempion adını qazanıb.
Ümumilikdə 39 ölkədən idmançıların iştirak etdiyi Avropa çempionatında komanda hesabında Azərbaycan yığması birinci pilləni sahiblənib.
Moldova ikinci, Latviya milli komandası isə üçüncü yerləri tutub. Komanda kuboku Avropa Budo Döyüş Növləri Federasiyası tərəfindən Yerli Federasiyasının prezidenti doktor Faiq Rəfiyevə təqdim edilib. Məlumat üçün bildirək ki, Faiq Rəfiyev həmçinin baş məşqçi, onuncu Dan Qara Kəmər ustası, qrandmasterdir.
Full-kontakt versiyası üzrə yarışlarda Elgün Xanoğlanlı (60 kq), Elmar Nağıyev (70 kq), Musa Abdullayev (85 kq) və Elman İmanov (100 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə sahib olub, Arzu Babayev (75 kq) və İlqar Rəfiyev (80 kq) isə çempionatın gümüş medalı ilə kifayətləniblər.