Sənətkarın və onun əsərlərinin taleyi qəribədir. Bəzən iki, bəzən dörd misra, bəzən bir şeriylə yadda qalanlar olur, bəziləri isə bütün külliyyatı ilə tarixə düşürlər. Elələri də var ki, heç ümumiyyətlə yaddaşa yazılmırlar. Məsələn İmadəddin Nəsiminin qardaşı Şahi Xəndan dövrünün böyük şairi olub. Amma ondan bir misra da dövrümüzə qədər də gəlib çıxmayıb. Amma çox qəribə də olsa Şamaxının mərkəzindəki və Seyid Əzim Şirvaninin basdırıldığı Şah Xəndan qəbiristanlığının adında qalıb adı. Atam “Nəsimi” dastanıyla fəxr edirdi. On ilə yazmışdı onu. İlk şöhrətini, fəxri adını da onda qazanmışdı. Deyirdi ki, mən tarixdə qalsam, bəlkə bu əsərimlə qaldım. Mən isə dilimi dinc qoymayaraq, “Yox. Sənin yaradıcılıq taleyin “Səhv düşəndə yerimiz” şeridir” deyirdim.
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
80 faiz razılaşırdı da. Çünki 1969-cu ildə yazılan bu şeir zaman keçdikcə müasirləşirdi. Nəsillər dəyişdikcə bu gün də cavanlaşmaqda davam edir. Siz də şahidi olmaq istəyirsinizsə, sadəcə “Google”da “Səhv düşəndə yerimiz” başlığını axtarışa verin.
Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.
Muğan həsrət yağışa,
Buludlar xəsis...
Yağış tökür Talışa
Hey-hey gərəksiz...
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Şairi bu şeiri yazmağa məcbur edən qəhrəmanı isə bir müddətdən sonra ümumiyyətlə şeirdən çıxarılıb. Bir müqayisə edim. Təsəvvür edin ki, toydur. Çalğıçılar, tamada, yeyib-içmək, amma bəylə-gəlin yoxdur. Şeir məşhurlaşdıqca bu qəhrəmanın yeri nəinki səhv düşüb, hətta bənddən, misralardan silinib. Bəlkə də zaman keçdikcə Qabilin adı da bu şeirdən silinəcək. Amma “Qeyrətsiz oluruq biz, Səhv düşəndə yerimiz” beyti atalar sözü, kəlam kimi yaşayacaq.
Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb...
Heyf... korşalırıq biz,
Səhv düşəndə yerimiz.
Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.
Soruşacaqsınız ki, niyə axı, çox yerdə misal çəkəndə “müsibət..., dözümsüz..., gərəksiz oluruq..., xaric səslənirik..., heyf... korşalırıq biz, səhv düşəndə yerimiz” beytləri yox, məhz “qeyrətsiz oluruq biz, səhv düşəndə yerimiz” misralarını səsləndirirlər. Əlbəttə ki, bu, düzgün seçimdir. Şeir bu misraların üstündə yazılıb.
Qızmar yay günlərinin birində atam Sovetski küçəsindən piyada üzü aşağı Hüsü Hacıyev küçəsinə, evinə tərəf düşürmüş. Yolda susayır. Su satılan “budka”ya yaxınlaşır. Soyuq limonad alır, içə-içə gözünü zilləyir yekəpər, balaca budkaya güclə yerləşən, şişman satıcı kişiyə. Butulkaları açmaq üçün nəzərdə tutulan və ucuna ip salıb xaç kimi boynundan asdığı qapaq açana. Nəsə ilişir bu kişiyə ki, çıxart boynundan “otkrıvalkanı”. Kişi də çox nəzakətlə cavab verir ki, bu mənim alətimdir, tez-tez itirirəm. Ona görə də bonumdan asmışam ki, lazım olan kimi tapım. Atam isə dediyində durur. Kişi bu dəfə “ay oğlan, limonadın pulu-zadı lazım deyil çıx get. Xatanı uzaq elə məndən. Qoy pulumuzu qazanaq”,-deyir. Atam ayağını bir başmağa dirəyir ki, yox e çıxartmalısan “otkrıvalka”nı boynundan. Nəhayət yekəpər limonad satan görür ki, dillə mümkün olmayacaq... qolunun gücünü göstərmək üçün budkadan çıxmağa məcbur olur. Və atam tez oradan uzaqlaşır, daha dəqiq desək aradan çıxır. Bu səhnə onu rahat buraxmır. Axı niyə bu bədənlə, vücudla zavodda, fabrikdə işləməli olduğu halda, bu kişi limonad satmalıdır? Axı, bu kişi işi yox, qadın işidir. Məhz bu səhnə də “Səhv düşəndə yerimiz” şerini dünyaya gətirir. Beşinci bəndi isə limonad satana həsr olunur:
Ağ biləklər, gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Limonad satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.
Bir müddətdən sonra isə “limonad satar” kəlməsi ümumiyyətlə şerdən çıxarılır, “qızılgül satar”la əvəz olunur. “Səhv düşəndə yerimiz” mövzusuna Qabil yaradıcılığında bir dəfə də qayıdır. 2001-ci ildə - “Qoşayarpaqlar”ında:
İnnən belə min bir il gəlib keçsə də əgər...
Eh... nə yeri səhv düşən, nə rüşvətxor əksilər.