-Sabir bəy, istilərlə neçə keçinirsiniz?
-Son günlərdə bir havanın, bir də Avropa Oyunlarının istisi vardı. Oyunlardan sonra havanın hərarəti bir az düşüb və Bakının küləyi başlayıb. Bu arada 3 günlüyə getdim Yardımlıya, qalxdım dağa, köhnə dədə-baba yaylaq yerlərimizə. Birdən - birə hiss elədim ki, biz bəlkə də bütün ömrümüzü səhv yaşayırıq. Yəni sənin kökün, ruhun orda, mayan ordan götürülüb və o suyu içirsən, axşamın - səhərin sərin küləkləri əsir, gün ərzində istilik hiss etmirsən, tərləmirsən. Fikirləşirsən ki, bu yerlərdə yaşayıb 100 yaşı adlayıblar, beyinləri işləyib, fikirləri aydın, ruhları təmiz olub. Adamın kökdən ayrı düşməsi faciədir əslində. Düzdür, Bakı ilə oranın 4 - 5 saatlıq yolu var, nə vaxt istəsən gedə bilərsən, amma gedə bilmirsən. Bir daha atalarımıza, babalarımıza rəhmət oxudum ki, nə yaxşı orada yaşayıblar, bizi o torpaqda dünyaya gətiriblər; mayamız orda tutulub və bu gün dünyadakı bütün bu xaosun, qarışıqlığın, hərc - mərcliyin içində insan özünü, öz təmizliyini, mənəvi kamilliyini qoruyub saxlaya bilibsə görünür o kökə, ordan gələn o qan yaddaşına borcludur.
-Təbiətin bürküsü daha çox cansıxıcıdır, yoxsa cəmiyyətin bürküsü?
-Təbiət bürküsünə dözmək çətin deyil. Yəni bir - iki günə alışarsan. Amma cəmiyyətin bürküsü fəlakətdir. Cəmiyyətin bürküsü keçici olsa, yaxşı istiqamətə getsə, yəni cəmiyyət də fəsil kimi dəyişə bilsə, yaydan sonra payız, payızdan sonra qış, qışdan sonra bahar gəlsə ona dözmək çətin olmaz. Amma ümumiyyətlə dünya siyasətində davamlı olaraq xaosa doğru bir sürüklənmə var, getdikcə bir qorxulu isinmə var. Sanki hansısa güclü əllər, dünyanı zorla savaşa, oda, atəşə çəkir. Əslində bu gün o savaş gedir, yəni müsəlman ölkələrinin bu gün çoxunda siyasi hərarət olduqca yüksəkdir. Buna dünya müharibəsi deməsələr də əslində bu gün dünya müharibəsi gedir. Bu savaşa Amerika da qarışıb, Avropa da.
-Çox maraqlı bir məqama toxundunuz. Dünya demokratiyasının beşiyində - ABŞ-da deyirlər ki, insanlar pozulmamaq üçün 4 ildən bir seçilməli və ya vəzifə dəyişikliyi 4 ildən bir baş verməlidir. Amma sən demə, Allahın təbiətdəki demokratiyası bunu 4 il yox, 3 ayla məhdudlaşdırır və fəsillərin 3 aydan bir dəyişilməsi əslində dünyaya, bəşəriyyətə bir mesajdır ki, ən geci 3 aydan sonra dəyişilməlisən, yenilənməlisən. Amma nə yazıq ki, bizdə on illiklər keçsə də dəyişiklik və dəyişmək istəyən yoxdur...
-Təsəvvür edin ki, təbiətin bir unikal mesajı, ismarıcı da var. Tutaq ki, ekvator ətarfında 4 fəsil yoxdur, yəni həmişə ağaclar yaşıldır və təbiət sanki dəyişməzdir. Amma orada da iki fəsil var, yağmur və quraqlıq fəsli. Yəni bir neçə ay ardıcıl yağış yağır, yer - göy sulanaraq doyur, sonra bir müddət quraqlıq olur. Dəyişiklik vacibdir, həyatın davam etməsinin şərtidir və haqlısan, bu mesaj Aləmlərin Rəbbindən gəlir. Mənim bir şeirim var ki, “Bu mənim xalqım deyil”. Ətrafdakı adamları, çevrəmizdə baş verənləri, insanların mənəvi - əxlaqi keyfiyyətlərini itirməsini, az qala hamının bir - birinə düşmənə çevrilməsini, hamının ac qurd kimi ağız - ağıza yatmasını görəndə yazmışdım o şeiri. Mən hər halda Azərbaycanı kifayət qədər tanıyıram və birdən - birə elə adamlar, elə kadrlar çıxır ortaya, vəzifələrdə elə adamlar peyda olur ki, adamın matı - mutu quruyur. Bir dəfə stadiona getdim, mərkəzi bölmələrin birində oturaraq futbola baxırdım, çevrəmi görəndə heyrətləndim. Vaxtı ilə mən İsmayıl Şıxlı ilə, Hüseyn Abbaszadə ilə, futbol həvəskarları olan digər ziyalılarla yanaşı otutardıq. İndi onların oturduqları yerdə tanımadığım, qəribə görkəmli və sifətli adamları gördüm. İnanın ki, fizonomiya da dəyişib, Azərbaycanda yeni bir nəsil gəlir, qarın yekə, baş yöndəmsiz. Bəlkə mən bu cür görürəm. Bəlkə adam yaşa dolduqca daha tənqidi yanaşır hər şeyə. Əlbəttə, gözəl gəncliyimiz də var. Birinci Avropa oyunlarında həmin gənclik ürəyimi dağa döndərdi. Amma gəlin görək həmin gənclik hansı yerlərə, hansı mərtəbələrə çıxa biləcək? Nə cür ələnəcəklər? Yaxşıları qalacaq, təəssüf ki, pisləri gəlib çıxacaqlar ortaya. Yəni məhz bu duyğulara köklənib yazmışdım ki, bu mənim xalqım deyil. Bir vaxtlar bir publisistika kitabım çıxmışdı ki, “Bu sənin xalqındı”- adlı. Yəni hər adamlar sənindir, səninkidir, onlara sayğı ilə yanaş. Amma çevrədə baş verənlərə baxanda, boz üzləri, boz sifətləri görəndə heyrətlənirsən. 40 ildir Azərbaycanda kitablar çap olunur, televiziya, Milli Məclis, adamların gözünü yara edirik, amma birisini gətirib ciddi bir yerdə oturdurlar, qapısında cangüdən, polis postları, amma dünyadan xəbərsiz. Azərbaycanda məni, aşağı-yuxarı, hamı tanıyır, mənim bu sarıdan şikayətim yoxdur. Amma görürsən elə bir nəsil gəlir ki, nə kitabdan xəbəri var, nə Milli Məclisdən, nə mətbuatda, bunun dünyası tamam başqa dəyərlər üzərində qurulub. Onda fikirləşirəm ki, hə, bax bunlar mənim xalqım deyil, bu tamam ayrı bir zümrədir. Amma o şeirdə də bir ümid vardı ki, mənim xalqım bir ruh ağacıdır, sanki bir çinar ağacıdır. Ola bilsin bu il yarpaqları saralıb, xəstəlik vurub, yaxud quraqlıq olub, amma təzədən bir fəsil gələcək ki, o yenidən yarpaqlayacaq. Yəni o ağac özü qurumur, onun yarpaqları tökülür. Ona görə də bədgüman olmaq ki, hər şey korlandı demək olmaz. İnsanlar da bir yarpaq kimidir, qulluq edərsən, o ağac daha da böyüyər, pöhrələnər. Onun dibində ocaq çatıb yandırmasan, quraqlığa da dözər. Bu baxımdan tərbiyyə millətin gələcəyi üçün son dərəcə önəmlidir. On ildə millətin gələcək nəslini bir dərslik proqramı ilə manqurd kimi kökündən, tarixindən, özündən xəbərsiz kimi də böyütmək olar, əksinə, onun ruhunu tamam ayrı bir yerə də gətirmək olar. Bunun da nümunələri var. Birinci dünya savaşından sonra əzilmiş, pərişan halda olan almanları Hitler xristian demokratik ideyasıyla toparlayıb 30 - cu illərdə dünyaya meydan oxuyan bir xalqa çevirə bildi. Sonuc yanlış oldu və alman xalqı üçün faciə ilə bitdi. Amma fakt odur ki, bir adam əzilmiş, məhv olmuş bir xalqın ruhunu cəmisi 13 - 15 il ərzində dəyişə bilir. Əgər o adamın əlində səlahiyyət varsa. Bir də var ki, o səlahiyyət millətin əleyhinə işləyə. O da böyük faciə olar. Mən yenə qayıdıram Birinci Avropa Oyunlarında millətimizin davranışına. Yəni bəlli oldu ki, çox az şey lazımdır ki, birdən - birə bu milləti toparlayaraq bir nizama salmaq, hamını vətənpərvər ovqata kökləmək mümkün olsun. Bir idman qələbəsi böyük iş gördü. Gərək iqtisadiyyatında da böyük qələbəyə imza atasan, sənayendə, siyasətdə, demokratik islahatlarda və bir də savaşda qələbəyə köklənəsən, bunların hamısı şərtdir.
-Siz 4-5 saatlıq yolu aylarla gedə bilmədiyinizdən gileylənirsiniz. Amma biz burnumuzun ucunda olan və burnumuzun ucunu göynədən, əl uzatsan sanki çatacaq Kəlbəcərə 23 ildir gedə bilmirik...
-Səni başa düşürəm, ağırdır, müvəqqəti olaraq, Kəlbəcərə gedə bilmirsənsə təsəllini Yardımlı dağlarında axtar. Əlbəttə, bu bir zarafatdır. Kəlbəcər əvəzolunmaz yerdir. Və mütləq qayıtmalıyıq ora . Mən hər yay Məmməd Aslanı Yardımlıya aparırdım. Məmməd Aslan deyirdi ki, Kəlbəcər dağları Mildə - Muğanda batıb Yardımlıda üzə çıxıb...
-Bəxtiyar Vahabzadə da deyirdi ki, mən dərd üçün ölürəm. Dərd sizin də köməyinizə gəlirmi tez - tez?
-Yadıma gəlir ki, lap cavan yaşlarımda, təzə-təzə sevgi şeirləri yazırdım. Sevginin obyekti bir gün mənə dedi ki, mən çıxıb gedəndən sonra sən şeirləri kimə yazacaqsan? Zarafatla dedim ki, sən gedəndən sonra dərdə şeir yazacam. Əslində şair, dərdi oldu – olmadı, bəzən onu özü tapır. Yaxud sevgisi oldu - olmadı bəzən o sevgini də özü uydurur. Uydurma o mənada deyil. Bu bir az fəlsəfi yanaşmadır. Qələmin və sözün işi insan ömrünün abidəsini yaratmaq, insan ömrünün şəklini çəkmək, insanın düşüncə kodlarını, ruh kodlarını gələcək nəsillərə ötürməkdir. Bu baxımdan insan ömrünün nə qədər ötəri, vəfasız olduğunu, ordakı bütün xoşbəxtliklərin keçici olduğunu görəndə dərdə sığınmaqdan başqa yol qalmır. Bütün gözəlliklərin və bütün xoşbəxtliklərin arxasında bir dərd var və dərd daha əbədi, daha uzunömürlüdür. Dərdin dilini dünya asanlıqla başa düşür. Bəlkə də sənin sevincini o qədər də başa düşməzlər, amma dərd dili hamı tərəfindən asanlıqla başa düşülür. Mənim şeirlər kitabımda “İçimdəki dərd ağacı” adlı şeir də var:
Yazımda da, qışımda da yaşıl libas geyinməyilə
Fəsillərə acıq verən, hər budağı pöhrələnən, hər rişəsi saçaq verən,
Nəğməsi yad, sözü acı-
İçimdəki dərd ağacı...
Aman Allah, nə qəribə ağacdı bu,
Əzabından şirə əmən,
Fəryadından küləklənən,
Mən qısılıb çəkildikcə,
Ürəyimdə ürəklənən,
Dönük qardaş, soyuq bacı-
İçimdəki dərd ağacı...
Yəni bu dərd ağacı əslində hər bir şairin içində var və bəzən təkcə yadlar deyil, öz yaxınların, çevrəndəkilər də o ağacı sulandırır, o ağaca qida verirlər. Bir sözlə, dərd bizim əbədi yol yoldaşımızdır. Bəxtiyar da bunu rəmzi mənada deyib. Amma türk dünyasının ən böyük dərd, qəm şairi Füzulidir. Biz hamımız Fizuli dərdlərinin varisiyik. Ancaq insan elə görə insandır ki, o dərdə əyinmir. Buna görə son publisitika kitabımın adını “ Dərdə əyilmə” qoymuşdum.
-Sağlamlığınız necədir, canınızda ağrıyan yeriniz varmı, olanda həkimə müraciət edirsinizmi?
-Şükür, elə bir ciddi şikayətim yoxdur.
-Yəni həkimə müraciət etmirsiniz...
-Qızım da həkimdir, ona zəng vururam, məsləhətləşirəm.
-Bəs cəmiyyətin ağrıyan yerləri barədə nə düşünürsünüz? Professor Rafiq Əliyev deyir ki, ziyalının missiyası cəmiyyətin ağrıyan yerini göstərməkdir. Sizcə Azərbaycan cəmiyyətinin ağrıyan yeri çoxdurmu?
-Cəmiyyətin sağlamlığı ayrı-ayrı şəxslərin sağlamlığından asılı olduğu kimi, ayrı-ayrı şəxslərin də sağlamlığı cəmiyyətin sağlıq durumundan asılıdır. Bütün xəstəliklərin sağalmasının birinci yolu onun diaqnozunun düzgün müəyyənləşdirilməsi. Bütün cəmiyyətlərin də sağlam olmasının birinci şərti onun xəstəliklərinin vaxtında aşkarlanıb ortaya çıxarılması, deyilməsidir. Mən bir qələm adamı kimi, eyni zamanda bir müxalifət partiyasının başçısı kimi deyirəm, ziyalılar cəmiyyətin sağlamlığını istəyirlər, sağlam bir cəmiyyətin qurulması üçün orda mövcud olan irili, xırdalı, ciddi, sağalan, sağalmayan xəstəlikləri əvvəldən nişan verirlər. Ona görə də cəmiyyəti idarə edən insanlar həmin xəstəliyi nişan verən adamlara sayğı ilə yanaşmalıdırlar. O həkim pis həkimdir ki, xəstəliyi görə-görə demir və uzadır, beləliklə də vaxt keçir, əslində bununla xəstəsinə qəsd edir. Amma o həkim ki, vaxtında xəbərdarlıq edir, hətta müalicə yollarını da göstərir, o vicdanlı həkimdir. Mən bütün ziyalıları və bütün normal müxalifəti bu cür görürəm. Şəxsən özüm bu cür yaşamışam. Yəni o şeyləri deyirik ki, onun həlli cəmiyyətin sağlamlaşmasına, millətimizin yüksəlişinə, ədalətə, haqqa xidmət edir.
-Bəlkə həkimin özü peşəkar deyil, ona görə diaqnozu düzgün təyin edib doğru müalicə apara bilmir...
-Çox haqlı sualdır. Şübhəsiz, mən tənqid edənlərin hamısını eyni gözlə görmürəm. Çünki düşmənçiliklə yalan sözlər deyənlər də var. Sağlam cəmiyyətə “sən xəstəsən” deyərək onun ürəyini üzən, psixoloji cəhətdən narahatlıq yaradanlar da, ürəyindən keçən pislikləri zorla cəmiyyətə sırımaq istəyənlər də var. Mən ruhuyla millətinə, Vətəninə, torpağına bağlı olan adamların tənqidindən, müxalifliyindən, fərqli fikirliliyindən danışıram.
-Başqa bir məqam da var. Tutaq ki, bu millətə ruhuyla bağlı olan Sabir Rüstəmxanlı bu cəmiyyətin filan xəstəliyini göstərir. Qarşı tərəfdə o xəstəlikləri müalicə etməli olan həkim məhz səriştəsizliyindən, naşılığından o xəstəni öldürə də bilər.
-Bəzən səriştəsizliyindən, bəzən istəməyərəkdən, öz çevrəsini düşünürək milləti unutmasından, bəzən də məsələlərə tamam ayrı mövqedən yanaşmasından belə hallar ola bilər. Ümumiyyətlə, gedən prosesləri izləməmək böyük səhvdir. Bütün tarix boyu belə olub. Cəmiyyətin çökməsi əxlaqın pozulmasından başlayır. Əxlaqın pozulmasının bir əlaməti də yalandır. Yəni məsuliyyət sənin boynundadır və sən bu xəstəliyi sağaltmalısan, amma çevrəndəkilərin hamısı sənə deyir ki, cəmiyyət sağlamdır, hər şey gözəldir və hamı səndən çox razıdır, elə dərman verirsən ki, bir gündə cəmiyyətin bütün xəstəliklərini yox edir. Mən burada konkret olaraq Azərbaycanı bir örnək olaraq gətirmək istəmirəm, amma bütün cəmiyyətlərin, bütün imperatorluqların, böyük dövlətlərin dağılması ondan başlayır ki, ordakı xəstəliklərə göz yumulur və hər şeyin açıq ortaya qoyulmasının əvəzinə mədhiyyə, tərif, hakimin, ölkəni idarə edənin başının altına yastıq qoymaq, onu Allah səviyyəsinə qaldırmaq həvəsində olanlar meydan sulayır. Ona görə də qədim diktatorlar həmişə deyiblər ki, qanun mənəm, mən nə deyirəm, odur. Yəni hakim özünü din yerinə, Allah yerinə qoyur, onda da hər şeyin nizamı pozulur. Məncə Azərbaycan inşallah o xəstəliklərdən uzaq olar. Nə qədər çətinliklə olsa da real vəziyyət müzakirə edilir, mətbuatla iqtidar arasında daimi bir dialoq var. Bəzən hətta əxlaq sərhədlərini aşan, insanların şəxsiyyətinə, heysiyyatına toxunan bir səviyyədə də yazılar gedir. Ona görə də nə qədər ört - basdır cəhdləri olsa da hər şey görünür və görsənir...
-Bayaq maraqlı bir məqama toxundunuz ki, bircə aylıq idman tədbiri bu millətin ruhən xəstə olmadığını, ən azı bədxassəli xəstəliyə mübtəla olmadığını ortaya qoydu. Yəni bu millətə qarşı səmimi istək olsa onu qısa müddətdə tamam fərqli keyfiyyətlə dünyaya təqdim etmək olar.
-Mən o cür düşünürəm. Bax, Birinci Avropa Oyunlarındakı könüllülər tamam yeni bir gənclikdir. Sevinirəm ki, nə yaxşı bunlar var. Qayğılandım ki, kaş bu gənclik qorunsun.
-Yəni çobanın istəyi olsa təkədən də pendir tutar...
-Bəli. Nə oldu? Orda, stadionda iqtidarlı-müxalifətli, hamı bir yerdəydi, kimin üzüyünün qaşı düşdü? Orada kim hansısa vəzifə sahibinə yaxınlaşıb dedi ki, sən mənim filan işimi niyə düzəltmədin? Kimsənin yadına da düşməzdi o şeylər. Hamı zövqlə seyr etdi açılış və bağlanış mərasimlərini. Ona görə də haqlı sual yaranır ki, niyə məmurla vətəndaş arasındakı bu sədlər aradan qaldırılmır? Millətin bir-birinə yaxınlaşması, milli həmrəyliyin güclənməısi istiqamətində niyə addımlar atılmır? Ona görə də mənə elə gəlir ki, bu idman yarışı özünün bütün idman qələbələriylə yanaşı həm də bir örnək göstərdi ki, bu barədə də müəyyən nəticələr çıxarılsın.
-Bayaq cəmiyyətin ağrıyan yerindən danışdıq. Əslində sizin, bizim az qala hər gün müxtəlif səviyyələrdə haray çəkdiyimiz məsələlər elə prezidentin dediyi ictimai nəzarətin özüdür. Amma nə deyilənə baxan var, nə yazılana, sanki çax-çax baş aparır, korrupsiya və harınlıq dəyirmanı isə öz işində...
-Çox acı bir həqiqətə toxunursan. Milli Məclisin hər iclasında cari məsələlər yarım saatlıq müzakirə olunur. 10 - 15 nəfər millət vəkili söz alıb fikir bildirir, hər dəfə hansısa ağrılı bir məqama toxunurlar. Amma orda deyilən söz elə orda da qalır. Halbuki həmin təkliflər Milli Məclisin müvafiq şöbələri tərəfindən qeydə alınmaılıdır, onlar lazım olan ünvanlara göndərilməlidir, cavablar alınmalıdır. Milli Məclisin bu dəfəki sessiyası başlayanda Məclisin sədri, hörmətlı Oqtay Əsədov özü məlumat verirdi ki, bax bu şeylərlə bağlı müraciətlər oldu, nəticəsi də budur. Amma sonra bu ənənəyə çevrilmədi.. Mətbuatda deyilənlər, yazılanlar əslində elə ictimai nəzarətin bir hissəsidir. Hakimiyyət bunu göydə qapmalıdır, o problemi anındaca həll etməlidir. Bəlkə bəziləri həll olunubsa cavab da verilməlidir ki, filan yerdə belə məsələ qaldırılıb, ya həll olunub, ya da həll olunması mümkünsüzdür. Yəni cəmiyyətə mesaj verilməlidir ki, sizin qaldırdığınız filan məsələni hökumət həll elədi. Mən hesab edirəm ki, televiziyalar tez-tez nazirlərin xalqla geniş salonlarda görüşlərini təşkil etməlidir və nazirlər üzbəüz toplaşanların suallarını cavablandırmalıdır. Camaat da qulaq asar. Mən olsam o görüşlərə məmnuniyyətlə gedərəm.
-Axı nazirlər onlara veriləcək suallardan qorxurlar, heç özlərinin ifşa tamaşasına könüllü qatılarlarmı?
-Niyə ki? Qoy lap bəzi suallara cavab verə bilməsinlər. Amma tam əminəm ki, nazirə gedib çatmayan çoxsaylı problemlər də həllini tapar. Prezidentin özü də belə görüşlər keçirə bilər. Doğrudur, prezident rayonlarda görüşlərə gedir, amma o görüşlərə hər adam yaxın düşə bilmir. Prezident kifayət qədər hazırlıqlı adamdır, hər şeyə cavab verməyə də sözü var. Mən cəmiyyətin normal inkişafı üçün bunları çox əhəmiyyətli hesab edirəm. İctimai rəyə fikir verilmir. Sizin qəzetinizin, saytınızın populyarlığı öz yerində, mən millət vəkili kimi Milli Məclisin tribunasından deyirəm ki, Məmməd Əmin Rəsulzadə bu ölkənin qurucularından, tarix boyu Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətlərindən biridir. Dahidir, yazıb və onu həyata keçirib. Yazdıqları da bu gün belə nəzəri baxımdan dünya demokratik fikrinin ön sıralarındadır. Axı bunun nə günahı var ki, Gəncədəki büstünün başına çuval keçirilir? Mən keçən dəfə dedim, bunun İraqda türk əsgərinin başına çuval keçirilməsindən heç bir fərqi yoxdur. Bu, millətə sataşmaqdır, bu, millətin böyüyünə sataşmaqdır, dədəsinə sataşmaqdır. Bu, dövləti quran adama sataşmaqdır, halbuki bu dövlətin məmuru ona sitayiş etməlidir, hər gün onun büstünün ayaqları altına gül qoymalıdır. Sən hansı haqla millətin böyüyünün başına çuval keçirirsən? Milli Məclis də bunu deyir, sən buna heç bir reaksiya vermirsən, əksinə, Gəncənin deputatını qızışdırıb salırsan ortaya . Axı nə fərqi var həmin büst olan ərazi kimə məxsusdur, hansı qurumun tabeçiliyindədir? İki gün o çuvalı çıxardılar, iki gündən sonra yenidən büstün başına keçirdilər. Bununla işarə verdilər və mesaj da göndərdilər ki, biz nə qədər burdayıq, bu çuval da o kişinin başında olacaq. Bu qədər özbaşınalıq, qudurğanlıq, millətə və onun böyüyünə belə sayğısızlıq olarmı? Ona görə də cəmiyyəti bilərəkdən, ya bilməyərəkdən radikallaşdırırlar, insanlarda qəzəb hissi artır. Gəncədən gündə mənə gənclər zəng vurular ki, neynəyək, biz gedib o çuvalı çıxaraqmı? Gedib özümüzü orda yandıraq, axı neynəyək? Cəmiyyətə bu qədər sayğısızlıq olmaz!
-Bayaq biz dedik ki, prezidentin yaxın çevrəsi qəsdən onu informasiya blokadasında saxlayırlar ki, özlərinin ifşasını mümkün qədər əngəlləsinlər. Amma prezident çıxışlarında etiraf edir ki, mənə başqa kanallardan filan - filan xəbərlər gəlir, amma bunu dilə gətirsə belə yenə nəticəsizlik hökm sürür...
-Mənə elə gəlir ki, bir adam bu boyda böyük şəbəkənin içərisində hər şeyi həll edə bilməz. Bir dəfə mən demişdim ki, icra başçıları rayonlara rüşvətlə göndərilir və gedib orda at oynadırlar. Onda rəhmətlik Heydər Əliyev mənə dedi ki, sən belə bir şey demisən. Zarafatla qayıtdım ki, hələ az demişəm. O açıq söhbət etməyi sevərdi. O da güldü və dedi ki, bəlkə də dediyində müəyyən həqiqət var. Amma Qarabağ məsələsi mənim başımı o qədər qarışdırıb ki, daxili işlərlə ürəyimcə, yetərincə vaxt ayıra bilmirəm. O haqq dünyasındadır və mən söhbətimizin kəlməsini də dəyişmərəm.Hörmətli Prezident İlham Əliyev də əslində xaraktercə cəmiyyətə, cəsarətli söhbətə, ünsiyyətə açıq adamdır. Təbii ki, mənim hakimiyyətə tərif deməyimə ehtiyac yoxdur, onların da əslində buna ehtiyacı yoxdur. Yəni president ağıllı təklifləri dinləməyi, dəyərləndirməyi və onun tətbiqi üçün imkan yaratmağı bacaran adamdır. Özü də müsair informasiya texnologiyalarını kifayət qədər bilir və istifadə edir. Deməli, arada müəyyən bir sədd var. Ola bilsin ki, vaxt məhdudluğu da birda rol oynayır. Məsələn, mən hər gün evdən çıxanda gündəlik iş planı tərtib edirəm ki, hamıyla görüşməyə vaxt qalsın. Yəni bir deputat və partiya sədri kimi mənim də əlimdə 24 saat var, prezidentin də. Mən gəlirəm partiya qərargahına,və görürəm ki,neçə adam gözləyir , neçə əlavə iş çıxıb. Beləcə vaxt imkan vermir ki, zəruri olan məsələlərin hamısı ilə məşğul olasan. Mən özüm də vaxtilə nazir işləmişəm və bilirəm ki, bu işlər necədir. Yəni bəzən adam söz verir, unudur, görmək istədiyin işi görə bilmirsən. Ona görə də dövlətin çox ciddi, etbarli, ədalətli, obyektiv bir mexanizmi olmalı və gecə-gündüz işləməlidir, qanuna və milli mənafeyə sədaqətli və məsuliyyətli komanda olmalıdır ki, İlham Əliyevə deyilən xahişlərin çoxu heç özünün xəbəri olmadan həll olunsun.