Kimin hansı zövqə qulluq etdiyi fərdi xüsusiyyətdir. “Pulu var, zövqü yoxdur” ölçülü tiplər saysızdır. Amma di gəl ki, televiziyada geyim-keçimə gələndə artıq bunun müzakirəsindən qaçmaq olmaz.
“Milli telekanallar bizə nə öyrədir ki, geyimi də öyrətsin”, deyib mövzunu başından eləyənlər var. Hardasa haqlıdırlar. Amma TV-də geyim bir nümunədir. Bu, hər zaman belə olub. İstər xəbər, istərsə də əyləncəli proqram aparıcısının geyiminə nəzarət edən şəxslər olmalıdır. İmicmeykerlər, modelyerlər bəs nə üçündür? Bizdə isə ekrana çıxanlar özünün zövqsüz geyimi ilə fəxr edir, heç kəsin ağlı ilə işləmədiyindən öyünür. Başqasının sözü ilə oturub duran da ara-sıra Elza Seyidcahan müsibətini yaşayar. Nə qədər maraqlı ideyalı geyim kombinasiyası olsa belə, bədəninə uyğun deyilsə, bu yalnız tamaşaçı üçün qınaq obyekti olar. Misal üçün ötən gün Ans TV-də böyük sənətkarımız Flora xanım Kərimovanın geyimi sosial şəbəkədə qızğın müzakirəyə səbəb oldu. 73 yaşlı sənətkarımızın ilk dəfə açıq rəngli kifayət qədər dar olan şalvarının bəlkə də təqsiri yox idi. Bir də nəzərə almaq lazımdır ki, çoxunun kreditlə aldığı plazma televizor ekranında vizual görüntülər deformasiyaya uğrayır. Ekrana çıxan insanlar normaldan kiçik, uzun və ya əksinə görünə bilərlər. Flora xanımın geyimində tək nöqsan koftasının qısalığı idi.
Başqa sözlə, tamaçaşının qınaq və tənqidindən qurtulmaq üçün koftanın 30-40 sm uzun olması lazım idi. Ekrana çıxan hər kəs bu nizama diqqət yetirməlidir.
Bizim aparıcıların ən rüsvayçı halı paltarları əyninə geyinmək yox, çox halda bədənlərinə keçirtmələridir. Bildiyimə görə, hər TV kanalın öz zəngin qarderobu olmalıdır, bu geyim dəstləri vaxtaşırı dəbə və ya görkəminə görə dəyişməlidir. Dəfələrlə müşahidə etmişəm ki, bir aparıcının geyindiyi pencəyi başqası əyninə keçirib. Məhz keçirib, çünki o pencəyin güclə bağlanan düyməsi vizual görüntüdə elə bərbad mənzərə yaradıb ki... Misal üçün, Ans TV aparıcılarının geyimi çox halda zövqsüzlüyü, demoda olması ilə fərqlənir. Geyimin estetik keyfiyyəti tamaşaçıya da ötürüləndə, aparıcının duruşu də yerli-yerində olur. Aparıcılar arasında Xoşqədəm Hidayətqızının zövqlü, sadə geyimləri xoşagələndir. Amma təəssüf ki, bu tip sosial layihələrdə ekrana çıxarılan sadə vətəndaş, xanım şikayətçlərə əl gəzdirilmir. Demirəm ki, həmin qadına yeni imic yaradılsın, saçına boya vurulsun, hər halda saçının, başının səliqəli daranmasına xidmət etmək olar. Studiya çəkilişində xalatla oturan qadınlara kirayə geyim də vermək mümkündür. Yaşasın estetika!
Space TV və ya ATV kanalında da çox halda aparıcıların açıq-saçıq, dar geyimi diqqətdən qaçmır. Xüsusən, əyləncəli, şou proqramda ekrana çıxanların qabaqcadan güzgü qarşısına keçməsi məsləhətdir. Bəzən tamaşaçıya elə gəlir ki, bu kanallarda ümumiyyətlə güzgü və ya güzgünü əvəz edən dürüst insanlar yoxdur. Bir daha vurğulayıram, ekrana çıxan, hər xoşuna gələni, istədiyi geyimi əyninə pərçimləyə bilməz. Bu bir TV mədəniyyəti, etikasıdır. Bizim hava proqnozu deyən qızlarımız ekrana elə soyunub çıxırlar ki, tamaşaçılar havadan çox aparıcının bədən konturlarını müzakirə edirlər. Rusiyanın hava proqnozunu təqdim edən aparıcı qızlar bizimkilərdən qat-qat abırlıdırlar.
Açıq-saçıqlığı ilə fərqlənən rus qızlarının belə təqdimatda dar şalvar, qısa, dekolte geyimini görə bilməzsiz. Çünki bu, bir televiziya etika və estetikasıdır. Çoxumuzun yaxşı tanıdığı Rusiya teleməkanının peşəkar xəbər aparıcısı 53 yaşlı Yekaterina Andreyeva illərdir, yalnız sadə saç düzümü və səliqəli geyimi ilə adamı heyran edir. Aparıcının uzun saçlarını (bu şərt olmasa belə) insanlar yalnız işindən kənar vəziyyətdə görüb.
Bəli, bu, aparıcının tamaşaçısına hörmətinin təzahürüdür. Söhbəti ora-bura sürüməyin də mənası yoxdur. TV tamaşaçını saymalıdır, vəssalam.