Bilmirəm haradan gəlib yadıma düşdü, amma düşdü. Çox heyf ki, keçən il Bərdədə baş vermiş bu dəvə əhvalatının 1 illik yubileyini vaxtında və lazımınca qeyd edə bilmədik. Eybi yox, gec olsun, güc olsun.
Deməli, keçən il Novruz bayramı günü Bərdənin icra başçısı Vidadi İsayev yoldaş rayon mərkəzində şənlik qayırıbmış. Bir dəvəni də bəzəyib şənliyə gətiribmişlər. Elə ki icra başçısı vəzir-vəkili, əyan-əşrəfi ilə birgə şənlik keçirilən yerə yaxınlaşmışdı, dəvə o an üzünü onlara tərəf çevirib tüpürmüşdü. Hamısına birdən. Rayon padşahı və vəzir-vəkili pis vəziyyətdə qalmışdı. Camaat da uğunub getmiş, özünün eləyə bilmədiyini elədiyinə görə o müdrik dəvəyə ürəkdən gələn səmimi minnətdarlığını çatdırmışdı. Dəvəni öpən kim, “yaşa, yaşa” deyə şüar qışqıran kim, dəvəyə noğul verən kim...
Yenə deyirəm, bu hadisə bilmirəm haradan gəlib yadıma düşdü. Yox, dayan, bildim haradan gəlib yadıma düşdü. Dəvənin ovsarının eşşəyin quyruğuna bağlandığı ana yurdumuzda hamı oturub dəvənin quyruğunun yerə dəyməsini gözləyir axı. Ki, arzuları çin olsun.
Dəvə ilə başladıq, at-eşşəklə davam edək. At demişkən, atı atın yanında bağlayanda həmrəng olmasa da həmxasiyyət olur deyiblər. Mən futbol üzrə Azərbaycan yığmasının alman baş məşqçisi Berti Foqts yoldaşın timsalında buna bir daha əmin oldum. Adam təmizqanlı almandır, avropalıdır, yəni orada doğulub-böyüyüb, tərbiyə alıb, dünyagörüşü Avropanın fərqli mühitində formalaşıb. Amma ağzını açanda elə bilirsən YAP-çı danışır.
Əslində o yazıq Foqtsu qınamaq da olmur. Adam düz 5 ildir - 2008-ci ilin martından bəri yappilərin yanındadır, onlarla oturub-durur, xosunlaşır, pıçıldaşır, pul sayır. Görünür, bu üzdən yappilərin xasiyyətini tərtəmiz götürüb, onlarla həmrəng olmasa da həmxasiyyət olub. Yenə deyirəm, onu buna görə qəti qınamaq olmaz. Fağır neyləsin?! Yappilərlə oturub-durmaq adamın psixikasını da pozar, o yana da keçər. Camaata baxın. 20 ildir YAP-ın təsiri altında gör nə günə qalıb. Qətllər, intiharlar, qarətlər, dələduzluq, yolda dana kimi maşın sürmək, küçədə özünü heyvan kimi aparmaq...
Nə isə, mövzumuz bu deyil, futboldur. Millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsinin Lüksemburqla oyunundan Bakıya qayıdıb bu dəfə də Portuqaliya ilə oynadı. Və bu dəfə də böyük hesabla uddu - 7:0. Zarafat eləyirəm, adəti üzrə yenə quru hesabla, yəni qol vurmadan uduzduq (amma baş üstdə Allah var, gərək insaflı danışaq, bu dəfə yaxşı qurtardıq, cəmi 0:2 hesabı ilə).
İndi gör Berti müəllim buna nə izah verib. Deyib ki, futbolçuları Lüksemburqdan Bakıya gətirən təyyarə çox darısqal imiş deyə futbolçular yaxşı istirahət eləyə bilməyib. Dediyindən belə çıxıb ki, futbolçular yorğun olub, ona görə də uduzublar...
Əsl Siyavuş Novruzov sayağı ağıllı izahdır. Foqtsun bu fokusvari şərhini eşidəndə elə bil Mübariz Qurbanlının müxalifətin etiraz aksiyaları haqdakı müdrik analizini dinləyirsən. Məntiq aləmi cırıb dağıdır. Foqts haqlıdır, illər uzunu restoranlarda, gecə barlarında gərgin məşq edəndən sonra təyyarədə 3 saat dincəlməyin ayrı ləzzəti var...
Tənqid bu qədər. Gərək uğurlardan da danışaq. 2008-ci ilin martından Azərbaycan yığmasına böyük uğurla rəhbərlik eləyən Berti müəllim bircə həftəyə daha iki böyük və tarixi nailiyyətə imza atıb. Millimiz Lüksemburqla oyunda qapısından qol buraxmamaqla bütün dünyanı mat qoyub. Hazırda bütün dünya birliyi 0:0 bitən bu oyundan şok içində danışır.
AFFA-dan verilən son xəbər belədir ki, futbolun vətəni olan Braziliyada artıq 246 nəfər şokdan, 937 adam hirsindən, 1128 nəfər də xəcalətdən ölüb. Pelenin ağzı əyilib, Maradonanı gözü çəpləşib. AzərSAc bildirir ki, Braziliyada ölənlərin çoxunun ürəyi paxıllıqdan partlayıb.
Bir braziliyalı rəhmətliyin cibindən bu məzmunda vida məktubu çıxıb: “Braziliyanı hər oyunda 7:0, 8:0, 11:0 udan Lüksemburq yığmasının Azərbaycanın qapısına bircə qol da vura bilməməsi milli qüruruma toxundu. Heyətində çilingər, hamamda kisəçi, dəllək, kanalizasiya ustası, dülgər kimi ulduz futbolçular olan, Braziliyanı illərdir çurban eləyən Lüksemburq yığmasının Azərbaycana bata bilməməsindən özümü alçalmış, bədbəxt hiss elədim. FİFA-nın reytinq cədvəlini deyə bilmərəm, amma Azərbaycan millisi mənim gözümdə daha 48 pillə yüksəldi. Azərbaycan futbolunun ağsaqqalı Rövnəq Abdullayevə, AFFA-nın baş katibi Elxan Məmmədova təbrik və salamlarımı çatdırın. Onlara qibtə və paxıllıq hissi ilə köçürəm bu dünyadan.
Amma bir arzum, lap dəqiqi, vəsiyyətim var. İstəyirəm ki, dövlətimiz onu imkan daxilində yerinə yetirsin. Çox arzu edərdim ki, Braziliya dövləti Rövnəq ağanı nəyin bahasına olursa olsun Azərbaycandan alıb gətirsin, onu Braziliya Futbol Federasiyasının prezidenti qoysun. Amma mütləq Elxan Məmmədov da transfer edilsin. Məmmədov bizdə də baş katib olsun. Olmasa - batdıq. Rövnəqlə Elxanın Braziliyaya təntənəli gəlişinin şəklini başdaşıma vurarsınız ki, məzarda rahat yatım. Əlvida...”
Famil CƏFƏRLİ