“Siyasətçi Rüstəmxanlı şair Rüstəmxanlıya 25 ildir problem yaradır” – VİDEOMÜSAHİBƏ
“Məni meydana şair kimi çağırmışdılar, oradan siyasətçi kimi çıxdım”
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı son illər daha çox siyasətçi kimi danışır. Onu danışdıranlar da əsasən siyasətçi kimliyini qabartmağa çalışırlar. Bu günlərdə də siyasətçi kimi bəzi məmurlarla polemakalara girdi. “A24.az” isə Sabir Rüstəmxanlı ilə videomüsahibəsində oxuculara və onun özünə də şair olduğunu xatırladıb. Əməkdaşımız sevimli şairimizlə bir qədər də siyasətdənkənar söhbət etməyə çalışıb…
“Qazandığım hər şeyə görə qələmə borcluyam…”
- Sabir Rüstəmxanlı daha çox kimdir: şair, yoxsa siyasətçi?
– Mən ilk növbədə qələm adamıyam: şair, nasir, puplisist. Sonradan qazandığım hər şeyə görə -siyasətə, millət vəkilliyinə görə də şübhəsiz, qələmə borcluyam.
Nə qədər mistik olsa da, sizə bir hadisəni danışım. Mən beşinçi sinifdə oxuyanda, bizim kəndə bir falçı gəlmişdi. Anam məni də yanına salıb ora getmişdi. Nəyə baxdırırdı, nədən narahat idi, deyə bilmərəm, falabaxan diqqətlə mənə baxıb dedi ki, bu uşağın gözünü qoruyun, bunun çörəyi qələmdən çıxacaq. İllər keçəndən sonra düşündüm ki, bəlkə elə o sözə görə məndə şüuraltı bir güc olub ki, məni qələmə bağlayıb. Birinci əsas idi, yoxsa sonrakı, deyə bilmərəm, yəni o, məndə nəyisə görüb o sözü demişdi, ya mən bu sözü eşitdiyimə görə bu yolu seçmişdim, deyə bilmərəm, hər halda mənim sonrakı həyatım qələmlə bağlıdır.
- Siyasətlə şairliyin arasındakı məsafə nə qədərdir?
– İkisinə də millətə xidmət işi kimi baxanlar üçün çox yaxın. Amma hansındansa o birini doğrultmaq və yaxud onları bir-birinin müdafiəsi üçün istifadə edənlər üçün çox uzaq. Mənimçün o qədər fərqi yoxdur. Mən yazı stolumun arxasında oturanda nə düşünürəmsə, nə etmək istəyirəmsə, Milli Məclisin içlas salonunda oturanda da təxminən eyni şeyləri düşünürəm. Amma vasitələr ayrıdır.
Qələmin siyasəti əbədidir. Mənim “Şairlərin siyasəti” şeirim də var. Şairlərin siyasəti inamdı, etibardı, düzgünlükdü, halallıqdı, mənəviyyatdı, ruhdu.
- Bəs siyasətin?
– Bilirsiz də “siyasət” sözünün kökü ərəbcədən tərçümədə “hiylə” sözündən gəlir. Yəni, siyasət bir az hiylədir. Avropada isə başqadır. “Politika”sözü “şəhər” sözündəndir. Yəni şəhəri, dövləti idarəetmə deməkdir. Yəni, siyasət bir az ayrıdır. Düzdür, bu gün onların hər ikisi təxminən eyniləşib. Mən bunları bir az məcazi mənada deyirəm. Amma bugünkü anlamda siyasət ayrı şeylərə xidmət edir. Bu gün siyasət daha çox dünyanı pul-parayla, zorla, güclə, seçkilərlə idarəetmə sənətidir. Qazanmaq, başa keçmək sənətidir.
Amma ədəbiyyat daha çox insanı kamilləşdirməyə xidmət edir, tək ailəni, tək adamı, tək sülaləni, məsələn, Romanovlar sülaləsi kimi, gətirib ölkə başında 200-300 il oturtmağa xidmət eləmir. Ədəbiyyat bütün insanları ucaltmağa xidmət edir. Nəsimini göz önünə gətirək. Onun dövründə insanlar ayaq altında əzilirdi. Belə bir vaxrda o deyirdi “mənəm haqq”. Yəni, insanı Allah səviyyəsinə qaldırır, böyütməyə çalışırdı.
Ədəbiyyat heç nə ummadan insanlığı böyütmək sənətidir. İnsanın ruhunu, mənəvi dünyasını kamilləşdirmək, bu yolla onu mənəvi rahatlığa qovuşdurmaqdır.
Amma siyasətdə insanlığa xidmət etmək varsa, bu da gözəldir. Amma təəssüf ki, indiyə qədər dünyanın tarixində belə bir ideal şərait olmayıb. Hansı üzündən baxırsan bax, bütün dövlətlərin tarixi qanlı tarixdir. Amma ədəbiyyatın tarixi şanlı tarixdir. Bu tarix həmişə qanın qabağını kəsməyə, qanı durdurmağa, barışa xidmət edib.
- Şairlər ruh adamı olurlar. Siyasətçilər isə fərqlidir. Deyirlər siyasət bataqlıqdır. Razısınız?
– Mən vaxtikən yazmışam ki, hər bir şeir, bədii əsər ruh abidəsidir. Yəni, onu yazanın görmək istədiyinin, ruhunun, arzularının şəklidir. Onun konturları, cizgiləri var orda.
Siyasəti siz dediyiniz kimi, qaralamaq istəmirəm. Məncə, uğurlu və uğursuz siyasət var. Əgər ideal bir siyasət olsa, onda şairlərin eləmək istədikləri ilə dövlət başçılarının eləmək istədikləri paralelləşər, bir-birinə yaxınlaşar və bunlar bir-birinə yardım edərlər. Kiminsə sözüdür: şairlər bir az daha artıq siyasətçi, siyasətçilər bir az daha artıq şair olsalar, dünyanın işi düzələr.
Siyasətçilər daha çox praqmatik olurlar, daha çox sabahı düşünürlər: bu seçkidən o seçkiyə, bu beş ildən o beş ilə, bu layihədən o layihəyə və s. Onlar bunu düşünürlər.
Qələm adamları isə millət, xalq adamlarıdır. Onlar konkret olaraq gələn ili, o biri ili düşünməzlər, onlar millətin gələcəyini düşünər, o gələcəyin xoşbəxt olmasını istəyərlər. Amma ideal cəmiyyət o zaman olar ki, şairlərin istədiklərini siyasətçilər də istəsinlər. Onlar özlərini yox, milləti düşünsünlər. Onların da atdıqları addımlar millətin taleyinə köklənsin. Təəssüf ki, dünya bu gün buna imkan vermir. Mən inanıram ki, bəzi ölkələrdə belə siyasətçilər var. Amma bu gün dünyanı böyük güclər idarə edir. Elə güclər ki, onların qarşısında prezidentlər, ölkələr, sərhədlər mənasız şeyə çevrilir. Bu gün dünyanı böyük maliyyə şirkətləri, böyük sərmayələr idarə edir. O sərmayə kimin əlindədirsə, dünya da onun əlindədir və dünyanı, sərhədləri mənasız etdirib. Dünyada məsələn, bi-pi kimi şirkətlər hara istəyir, maya, sərmayə qoyur və hansı sərhədi desən, aşıb keçir və bundan da öz mənafeyi üçün istifadə etməyi bacarır. Bu cür böyük şirkətlər üçün xırda dövlətlər, onların prezidentləri heç bir əhəmiyyət kəsb etmir. Onlar kimə neçə istəyirlərsə, təzyiq göstərə bilirlər. Öz qürurunu, millətinin mənafeyini düşünənləri şantaj edirlər. Başıuca yaşamaq istəyən dövlətləri savaş meydanına çevirirlər. Hansı yerdə ki, onların marağı var, o maraq xatirinə hüququ, qanunları tapdalayıb keçirlər. Ona görə də, bu gün, əslində, hüquqdan, hüquqi dövlətdən danışan XXI yüz il dünyası son dərəcə hüquqsuz, insan haqlarına çox sayğısız bir dönəmdir. Yüzillərin cəhalət dövründə insanlara sayğı daha çox idi. Biz öz folklorumuza -Molla Nəsrəddinin lətifələrinə, nağıllara baxaq. Orta əsrlər dövlətində qazılar var idi və onlar hüquq təmsilçisi idi. Qazıların sözündən dövlət başçısı belə çıxa bilməzdi. Onlar bəzən dövlət başçısının əleyhinə hökm çıxarırdı. Bu gün hansı dövlətdə onun dediyi sözə qarşı hökm çıxarıla bilər. Ona görə bu gün hüquqdan danışan dünya son dərəcə hüquqsuzdur.
Ədəbiyyatın xöşbəxtliyi bundadır ki, o, bu hüquqların üstündədir. Onun öz mənəvi hüquqları var. Onun min illər boyu formalaşdırdığı insan səadətinə, insan xoşbəxtliyinə, insan mənəviyyatına xidmət edən hüquq sistemi var. Mən daha çox ona bağlıyam.
“O bombalar bəzən şeirlərimdə, bəzən ürəyimdə, bəzən qohumların, bəzən dostların başında partlayır…”
- Sabir Rüstəmxanlının daxili dünyasında siyasət və şairlik nə zaman toqquşur və bu toqquşma zamanı hansı qalib gəlir?
– Bir ara namizədliyimi vermişdim, prezident olmaq istəyirdim. Real idi, ya real deyildi, bu, ayrı məsələ. Hər halda, mən hesab edirdim ki, ən azı öz imkanlarım daxilində -dediyim böyük güclər buna imkan verərdi, ya verməzdi, bu da ayrı məsələ, -tam ədalətli, millətin istəklərinə köklənmiş bir sistem quracağam.
Mənim şairliyimin diqtə elədiyi kimi yaşasam, yəqin ki, çoxdan bu dünyada yox idim. Şairliyim istədiyi kimi yaşasam, dəfələrlə intihar edərdim. Şairliyimin dediyi kimi, hər şeyi axıra kimi qorumaq mümkün olsaydı, sözün aliliyini, müqəddəsliyini, bütün vicdani ölçüləri, millətin taleyi ilə bağlı istəkləri, yəni, bunların hamısını qorumaq mümkün olsaydı, onda gərək mən müəyyən toplantılara bomba kimi gedəydim və orada partlayaydım. Orada hər sözüm bir gülləyə çevriləydi. Təəssüf ki, bu, mümkün deyil. Ona görə də o bombalar bəzən şeirlərimdə, bəzən ürəyimdə, bəzən qohumların, bəzən dostların başında partlayır. Gərəksiz gərginlik bəzən ailəyə daşınır. Bəzən sənin bütün həyatını dəyişdirir. Bu qaçılmazdır və son dərəcə çətindir. Ona görə də bəzən reallıqla barışmağa məcbur olursan. Belə zamanda mənim şairliyimlə siyasi düşüncələrim toqquşur. Mən siyasəti fikrimdə formalaşdırdığım ideallara doğru dartmağa çalışsam da, siyasətin reallığı məni daim oradan uzaqlaşdırır.
- Siz bir zamanlar deyirdiz ki, ”dünyaya gəlmişik xatirə üçün”. Xatirə üçün dünyaya gələn şair niyə siyasətə qoşuldu?
– Siyasətin də xatirəsi var, şübhəsiz… Amma şeirin xatirəsi qədər uzunömürlü deyil. Şeirdə istədiyin bir çox şeylər var ki, sən onu siyasətçi kimi daha asanlıqla həll edə bilərsən. Məsələn, mən şeirimlə Azərbaycanın müstəqillik aktına qol çəkə bilməzdim, şeirimlə “Azərbaycan” qəzetini buraxa bilməzdim, şeirimlə mətbuat və informasiya naziri olarkən latın qrafikası istəyimizi həyata keçirə bilməzdim, qəzetlərə azadlıq verib onların sayını bir ildə 525-ə çatdıra bilməzdim və s. Bunların hamısı mənim mətbuat naziri kimi gördüyüm işlər idi…
Məni meydana şair kimi çağırmışdılar, oradan siyasətçi kimi çıxdım. Ona görə deyirəm ki, siyasətin qazandırdıqları üstünlüklərlə çox iş görmək olar. Hər halda, siyasət ədəbiyyat üçün möhtəşəm təməl hazırlaya bilər. Ona görə də mən siyasətlə məşğul olmağıma peşman deyiləm. Azərbaycan siyasətində barışdırıcı, həmrəylik tərəfdarı, radikallıqdan, düşmən qütbçülükdən uzaq Sabir Rüstəmxanlı obrazı var. Mən özümü elə görürəm. Başqaları neçə görür, bilmirəm…
- Siyasətdə bir dönüklük var, onunla bu gün məşğul olmursansa, unudulursan. Şairliksə əbədidir…
– Siyasət gündəlik, şairlik uzunömürlü işdir. Siyasət pambıq kimidir: yazda əkirsən, payızda bəhrəsini görürsən. Şairlik isə elədir ki, elə bil palıd ağacı, zeytun ağacı əkirsən, üç min il yaşayır və bəhrəsini verir. Normal siyasət həm də ədəbiyyatın yardımçısı ola bilər. Əgər siyasətimiz normal olsaydı, Azərbaycan bu qədər məğlubiyyət, sıxıntılar görməzdi. Bir-birinə möhtacdır bu iki anlayış. Məncə, siyasətçilər gərək şairləri qorusunlar. Yazıçı sözünü dinləməyən cəmiyyət qısır cəmiyyətdir.
İdarəçilik sistemi gözlərini, qulaqlarını geniş açmalıdır ki, görsünlər cəmiyyətdən hansı səslər gəlir.
Bir şeyi xatırladım. Orta məktəbdə oxuyanda, triqonometriya, astronomiya ilə maraqlanırdım. Kitablar əsasında gəmilər, təyyarə düzəldirdim. Sadəcə qamışdan, rezindən, kağızdan, ağacdan… O vaxtlarda uşaqların fantaziyası həddindən artıq yüksək, məhsuldar olur. Qeyri-adi şeylər düşünürlər. Mən çox istəyərdim ki, valideynlər uşaqlara tapşıra ki, o illərdəki düşüncələrini, ideyalarını yaza və onu cəmiyyətdən gizlətməyə. Bu mənada böyüklər uşaqların geniş fantaziyasını boğmalı yox, qanadlandırmalıdırlar. Mən ədəbiyyata da təxminən bu çür baxıram. Çəmiyyətin idarəçilik sistemi yazıçıdan, söz adamından, elm adamından öyrənməlidir, ən azı öz taleyi üçün. Bu, onların ömrünü uzadar. Amma onlara etinasızlıq yuxarı təbəqənin ömrünü qısaldar.
Siyasətçilər şairləri özləri üçün qorumalıdırlar. Onlar tamam ayrı ölçülərdi, tamam ayrı müstəvilərdir. Mən onları yan-yana qoymaq istəməzdim. Bir məsələyə toxunum. Rəhmətlik Vaqif Səmədoğlunun “Azərbayçan” jurnalında bir yazısını oxudum: “Bir heykəlin tək deyimi” monoloqu. 1991-ci ildə yazıb. Mən, ümumiyyətlə, heykəllərin uçurulmasının tərəfdarı deyiləm. Çünki onu bir sənət adamı qurur. Mən demirəm ki, Kirovun, yaxud Leninin heykəli qalsın. O heykəli qoyulanların əksəriyyəti vaxtilə müəyyən ideoloji sistemin başında dayanıblar. Amma bax, məsələn, Marks həm də bir filosofdu. Onun heykəli qoyulmuşdu. Niyə onun heykəli götürülsün? Bu heykəllər üçün bir heykəl parkı salıb onları ora yığmaq olar. Lap Leninin, Kirovun heykəlləri də ora qoyula bilər. Bu, həm də gələcək üçün bir görkdür ki, gör bu milləti nəyə məcbur ediblər? Bu gün də qurtarmayan Qarabağ faciəsinin başında Kirov dayanır, millət gör ona neçə böyük heykəl ucaldıb?! O da hər halda bir dərsdir, ibrətdir. Amma başqa heykəllərin dağıdılmasının tərəfdarı deyiləm. Düzdür, mövzudan uzaqlaşdıq, amma deməliyəm. Mənim şeirlərimin birində bir misra var: “Bakı meydanlarında şair heykəllərinin boynu bükülüb”.
O heykəllərin doğrudan da boynu bükülüdür, qəmlidir, tarixin dərdi çöküb üzlərinə. Bəxtiyar Vahabzadəyə yazdığım bir şeirdə belə bir misra var: “Dünyanın ən uzunömürlü heykəlləri şair heykəlləridir, qorxun olmasın”. Bax, şair heykəllərinə kimsə toxuna bilməz: nə Nizamiyə, nə Axundzadəyə, nə Füzuliyə, nə Sabirə…
Amma siyasət heykəlləri çox təəssüf ki, bu gün yapılır, sabah uçulur. Bu, acı bir şeydir. Ancaq tale belədir. Şairlərlə siyasətçiləri yanaşı qoyanda, ən azı bu tragik həqiqəti görmək olur.
- Siyasətçi Rüstəmxanlı şair Rüstəmxanlını neçə qoruyur?
– Yox, siyasətçi Sabir Rüstəmxanlı, şair Rüstəmxanlı üçün 25 ildir ki, problem yaradır. Bəlkə başqa siyasətçilər hansı yollarlasa nəsə qazanırlar, amma məndə elə deyil. Mənim özümü rahat hiss elədiyim dövr olan 1988-ci ildə yazdığım “Ömür” kitabından qazandığım Sabir Rüstəmxanlının iki-üç ilə qazandığından artıqdır.
O vaxt kitablarımın qızlara cehiz kimi verildiyini, millətin arasında adımın çəkilməsi ilə camaatın hansı duyğular yaşadığını bilirəm. O vaxtdan etibarən siyasət meydanında rəqiblər min dənə çirkab atdılar üzərimə. Şükür ki, o vaxt qazandığım hörməti itirməmişəm, camaatla görüşəndə bunu görürəm. Şair kimi qazandıqlarımı əlimdən almağa çalışırlar. Şair kimi qazandığım şöhrəti belə mənə çox görərək onu hər çür param-parça eləməyə çalışan nə qədər əllər, üzlər, siyasi dəllallar gördüm. Çoxu da mənim yan-yana gəldiyim, millət adamı hesab elədiyim, mübarizə yoldaşı hesab elədiyim adamlardır.
“Heydər Əliyev mənə bir çox illər ürək dostu hesab etdiklərimdən daha çox dəyər verirdi”
- Yəni, arxadan zərbə?..
– Bəli. Mərhum Heydər Əliyevin mənim haqqımda dedikləri bu gün qəzetlərdə qalır. O, mənə bir çox illər ürək dostu hesab etdiklərimdən daha çox dəyər verirdi. Amma çörək kəsdiyim, eyni cəbhədən gəldiyim, eyni ağrı-acılardan keçdiyimiz, güllə qabağında olduğumuz adamlar, görürəm ki, gülləni adamın beyninə sıxmağa hazırdır. Mən bununla hər şeyi birmənalı qiymətləndirmək istəmirəm. Vaxtilə mətbuatda da yazmışam ki, niyə belə olmalıdır? Kimə inanasan? Bunun arxasında həm siyasi mədəniyyətin yoxluğu, həm də mənəvi puçluq dayanır. Yel qayadan nə aparar?! Bir vaxt ünsiyyətdə olduğum adamlar, hətta onların törəmələri nəyisə qayçılaya bilər. Amma ən azı yazılanlar qalacaq.
- Demək, siyasətə etibar etmək olmaz…
– Ona görə deyirəm ki, siyasət milliləşməlidir, siyasət millətə yaxınlaşmalıdır. Hər halda, milli dövlət quruculuğuna xidmət edən siyasətə pis demək olmaz. Qüsurları olsa da, onu neçə pisləmək olar?
1918-ci ildə o dövləti quran adamlar ideal adamlardı. Hamısı Avropa təhsili alan, üç-dörd dil bilən böyük ziyalılardı. Onlar böyük bir məfkurə ortaya qoya bildilər. Təəssüf ki, biz o yolu davam etdirə bilmədik. 20-ci, 30-cu, 40-cı illərdəki repressiyalar Azərbaycanda köhnə ziyalı təbəqəsinin başını kəsdi, Sovet ideologiyasının cocuqlarını yetişdirdi. Onların çoxu neobolşevizmdən başqa heç nə bilmirdilər. Onlar arasında 80-ci illər, 90-91-ci illərdəki milli hərəkatda tam dağıdıçılığa xidmət edən, tam inkarçılığa köklənmiş adamlar da vardı. Biz bir yerdə olsaq da, onlar çalışırdılar ki, öz səviyyələrində olan adamlar üzdə olsun.
- “Ömür” kitabının adını çəkdiniz bayaq. Niyə sonradan belə bir kitab yazılmadı?
– O zaman o kitaba ehtiyaç vardı. Zamanın tələbi idi. Bu, o zamankı ab-hava ilə yazılmış əsər idi. Deməzdim ki, ondan sonra qələm dayandı, heç nə yazılmadı. “Bu sənin xalqındır” adlı publisistlik kitabım var. Başqa publisistik kitabım da yazılıb. Əslində, onlar “Ömür” kitabının davamıdır. O düşüncələrin davamıdır.
- Amma “Ömür” qədər yüksəkdə dayana bilmədilər…
– Yazı səviyyəsinə görə deyə bilmərəm. Bu cəhətdən bəlkə ondan da yüksək olan kitablarım- “Göy tanrı” və başqa kitablarım var. “Ömür” kitabında mən bu millətin mahiyyətində olan böyük gücü, kamilliyi, insani dəyərləri, tariximizin şərəfini, millət olaraq fəxr etməli olduğumuz qaynaqları və gözəllikləri göstərmişdim. Sonra bunun nəticəsi olaraq yeni bir nəsil yetişdi. Sonda o nəticələrin bizi xilas etmədiyini görəndə, xalq hər şeydən incidi. Yəqin “Ömür” kitabından da incidilər. Yəni ki, sən bizə gözəllikdən, böyüklüyümüzdən danışırsan, amma biz şərin əlində əsirik, dünya gücləri bizi burada əzir və biz torpağımızı itiririk…
Mən deyirəm ki, o mühitin yenidən formalaşması üçün bir çox məsələlər silahla həll olunmalıdır. Silahın həll etməli olduğu şeyi sözlə həll edəndə, əlbəttə, çətinlik yaranır və bu zaman bir az da Don Kixot vəziyyətinə düşürsən. Bu gün sözlə yanaşı silah danışmalıdır. Ona görə də mən sonradan millətin gücünün özünə qayıtmasını nəzərdə tutan silsilə tarixi romanlar yazdım.
Bir məsələyə toxunum. Bu gün bütün Türk Dünyası hədəfdədir. Haqlı, ya haqsız, İran da, Suriya da, Əfqanıstan da -bütün müsəlman ölkələri hədəfdədir. Səlib savaşına, xaçlı yürüşlərinə ehtiyaç yoxdur. Müsəlman müsəlmanı qırır. Min cür təriqət ayrı-seçkilikləri salıblar. Məqsəd bu ölkələri qanlı savaş meydanına çevirmək, qurulmuş bu dövlətləri param-parça eləmək, tanrının bu ölkələrə bəxş etdiyi sərvətə yiyələnməkdir. Ümumiyyətlə isə İslam tarixini yer üzündən silməkdir. Vatikanın da min il üçün planı budur. Baxmayaraq ki, islam yayılmaqdadır, amma qəribə bir oyun gedir. İslam dünyasında bilərəkdən terror layihələri çəkilir və terrorizmi gücləndirirlər. Bu, islam dünyasını qaralamaqdır. Bu “Burada sivil dövlətlər ola bilməz, İslam dünyası bəşəriyyətə heç nə vermir, bu, ancaq dağıdıcı bir güçdür” kimi obraz formalaşdırmaq planıdır. Belə bir oyun gedir. Biz də bu oyunun içərisindəyik. Bizim özümüzdə də radikallığın artması, dinin siyasiləşməsi meylləri çoxalır. Bu, eyni zamanda, tariximizə həqarət etmək, tariximizi gözdən salmaq, xalqın yetişdirdiyi böyük şəxsiyyətləri yenidən mühakimə eləməkdir. Qədim əlyazmalardan, qədim kitablardan xəbərsiz, qədim dünyanın fəlsəfi cərəyanlarından, dindən xəbərsiz insanlar bu gün deyək ki, Şah İsmayıl Xətaini, Babəki müzakirə edir. O vaxtkı fəlsəfi çərəyanları müzakirə edir. Heç bilmir sufiliyin mahiyyəti nədir, onu müzakirə edir. Bütün bunlar böyük layihələrin parçalarıdır.
Bu günkü ədəbiyyat həm də bu ağrıları içindən keçirdir. Ona görə də bu günün ədəbiyyatında bütün bunlardan yazılmalıdır.
“Xoşbəxt deyiləm…”
- Sabir müəllim, söhbəti sizin yaradıçılığınıza yönəltmək istəyirəm, sizsə ancaq siyasətə çəkirsiniz…
– Əslində, bütün bunların hamısı ədəbiyyat mövzularıdır.
- Sizin sevdiyim şeirlərinizdən birində deyilir:
Alatoran sevmirəm, ya səhər ol, ya axşam
Nə vaxt qayıdıb gəlsən, yolun üstə durmuşam…
Alatoranı niyə sevmirsiz?
– Qəribədir ki, əslində, mən alatoranı sevirəm. “Bir at haqqında iki əfsanə” şeirim var. Toran, sübh, dan ulduzu olanda, atam məni oyadırdı ki, dur apar atı otar. Bu, daha çox yazda olurdu. Yuxunun şirin vaxtında olurdu. Sübh tezdən, hər tərəf şeh, soyuq olurdu. Gedəndə çox dilxor, qayıdanda şən olurdum. Şən halda atın belində, atı bəzən çayda çimizdirirdim və s… Gedəndə ürəyimdə atama hirslənirdim, qayıdanda minnətdar olurdum. Alatoranla mənim özümün gənclik, uşaqlıq mücadiləm var ki, yuxusuz qalmışam… İndi səhər tezdən, alatoran mənim iş vaxtımdır. Türklərin tarixində sübh, alatoran özəl bir yer tutur. Tanrıçılıq dövründə onlar ilk növbədə əlləri sinələrində Günəşi salamlardılar.
Mən bu şeirdə fikirdəki, münasibətlərdəki alatoranı, sevgidəki alatoranı, birmənalı olmayan düşüncələrin alatoranını sevmədiyimi bildirmişəm.
- Bir şeirinizdə də deyirsiz ki:
Biz ki bu dünyanın bəxtiyarları, biz ki bu dünyanın bədbəxtləriyik…
İndi xoşbəxtsiniz, yoxsa bədbəxt?
– Hər halda, xoşbəxt deyiləm…
- Bilmək olar, niyə?
– Türkiyə televiziyasında bir veriliş var, təxminən adı belədir: “Xoşbəxtəm, niyə?”. Verilişdə bu suala cavab axtarırlar…
Bizə verilən ömrü təkçə özümüz, ailəmiz, uşaqlarımız üçün yaşamırıq ki… Müəyyən ideallarımız vardı. Bu gün Azərbaycan param-parçadır, torpaqlarımızın bir hissəsi işğal olunub, bir millət, dövlət olaraq böyük sıxıntılar içindəyik. İçimizdə milli şüur da kifayət qədər deyil. 25 ildir müstəqilik, amma Bakı küçələrində bir rus, xaric heyranlığı cövlan edir. Bu millət hələ də öz milli ləyaqətini sona qədər dərk etməyib. Hələ də başını dikəldib demir ki, mən Azərbaycan türküyəm, Azərbaycan ləzgisiyəm, Azərbaycan kürdüyəm. Azərbaycanlıyam. Azlıqda olan xalqlar da nədənsə, burda otura-otura, gedib rusun ətəyindən yapışır. Burda onların missionerləri yaşayırlar. Sən niyə bu xalqa hörmətsizlik edirsən? Biz yüz illər boyu qurban gedib bu dövləti saxlamışıq. Niyə bir-birimizə hörmət etmirik? Şübhəsiz, bütün bunlar ömrümüzün bir hissəsini də əlimizdən aldı və demək istədiyimizin bir qismini də deyə bilmədik.
Mən bilmirəm sabahkı Azərbaycanda mənim uşaqlarım neçə yaşayacaqlar? Ona görə də xoşbəxt olmaqdan danışmaq çox çətindir.
- “Sənsiz ömür sürüb xoşbəxt olmağa, dünyaya yenidən gələcəyəmmi?” Dünyaya yenidən gəlmək istəyərsiz?
– İnsanlığın bütün tarixi hər bir adamın yenidən dünyaya gəlmək istəyidir. Əslində, bəlkə də bu, o dünya haqqında düşüncələr, ikinci, üçüncü həyat düşüncələrindən irəli gəlir. Hər halda, ruh, ruhun ölməzliyi var. Amma bilmirəm o daimi ölməzdirmi, yoxsa, müəyyən dövrdən sonra o da ölür. Hər halda bir çox illuziyalar var ki, bunu insan dünyaya ikinci dəfə gəlmək arzusu ilə yaradıb. Hər kəs istəyər onu. O da maraqlıdır ki, nə qədər zillət içində yaşasa da, dünyaya ikinci dəfə gəlsə, yenidən o həyatı yaşamaq istəyir. Səbəbini başa düşmürəm. Allah dünyanı arı şanı kimi elə yaradıb ki, hərənin bir yuvası var və ikinci dəfə qayıtmaq istəyəndə, yenidən o yuvaya qayıtmaq istəyir. Görünür, hər kəs üçün o cür trayektoriya cızılıb.
Mən bu dünyaya 200-300-500 il sonra gəlmək istəyərəm. Ya bəlkə də bu əsrin sonunda. Xoşbəxt, bütöv Azərbayçanı, bütöv Türk Dünyasını görmək üçün. Dünyanı daha xoşbəxt görmək üçün. Məncə, hər kəs sərhədlərin, müharibələrin olmadığı bir dünyada yaşamaq üçün həyata gəlmək istər.
İlham pərisi sənin dalınca Milli Məclisə gələndə, görür ki, qapıda polis dayanıb…
- İndi şeir yazırsınız? Yoxsa başınız tam siyasətə qarışıb?
– Yox, yazıram. “Ədəbiyyat” qəzetinin son buraxılışında qoşa səhifə şeirlərim getmişdi. Onlar yazıb unutduğum şeirlərdi. Baxıram ki, nə vaxtsa yazmışam, unutmuşam. Siyasətin bir dərdi də budur. Onlardan bir qismini “Ədəbiyyat” qəzetinə göndərdim. Bəlkə əvvəlki illərdəki qədər deyil, amma yazıram. Ümumiyyətlə, mən heç vaxt ardıçıl şeir yazmamışam. Mən şeirə ən az vaxt saxlamışam. Gündə on-on beş dəqiqə. Kirayə qaldığım zamanda başım qarışıb ki, kirayə pulu vermək lazımdır, ona görə ora-bura yazıb qonorar alırdım. Həyatımı təmin etmək üçün gecə-gündüz çalışırdım. Onlardan vaxt qalanda, şeir yazmışam. Amma ildə bir dəfə məzuniyyətimi götürüb yaradıcılıq evlərinə gedərdim ki, yaradıcılıqla məşğul olum. İl ərzində yazıb qoyduğum şeir qırıntılarını bir yerə yığıb ətə-qana doldururdum. Çox vaxt belə işləmişəm. Sonra imkan yarananda, nəsr yaradıçılığım başladı. Bəzən elə gözəl şeir duyğularım gəlir ki, nəsrdən ayrılmamaq üçün onu qurban verirəm. Guya qayıdıb yenə yazacam, amma yaza bilmirəm. O gün Yardımlıda ürəyimə qeyri-adi şeir dolmuşdu, telefona qeyd elədim, amma necə oldusa, əlim dəyib, silinib. Neçə gündür, onu bərpa edə bilmirəm. Şeir elədi ki, uçdu getdi, qaytarmaq olmur…
Uzun fasilədən sonra şeir ovqatı qayıdıb. Məhəmməd Hadi haqqında “Şair və şər” adlı roman yazdım. Onu da vermişəm mətbəədədir. Yəqin on-on beş günə çıxar. Bu arada yeni bir əsərə keçid dövründəyəm. Fikrimdə bir neçə düşüncələrim, mövzularım var. Bu arada bir az şeirə vaxt ayırıram. Təəssüf ki, şeirə bu çür etibarsızlıq edirəm. Şeir də məni çəzalandırır son vaxtlar. Hər dəfə nəsr əsərindən sonra düşünürəm ki, daha nəsr əsəri, publisistika yazmayacam, şeir yazacam, amma həyatdakı bəzi şeyləri görürəm və istər-istəməz daimi gördüyün şeyləri yazmalıyam, bəzi məsələlərə münasibət bildirməliyəm. Vaxt tapa bilmirəm ki, “Facebook” və ya “Twitter”də bəzi şeylərə münasibət bildirim. Halbuki bu, çox önəmlidir.
Bir-iki dəfə demişəm, sizə də deyim: qarşıda bir çay var. Bu, bəlkə də tarix çayıdır. Körpü yoxdur. Onun üstündən ayağını daşlara qoya-qoya keçirsən. Mənim təsəvvürümdə Azərbaycanın 3-4 min illik tarixi axan çaydır, axıb gedir. Bu daşlar olmasa, keçmişlə bu gün arasında əlaqə itər. Mənimçün bu tarixi adlamaclar vaçibdir və bunu yazmalıyam. Kaş bütün bunların hamısını yazıb qurtara biləydim və bəlkə bundan sonra sakitləşib şeirlə məşğul olardım.
Baxıram istedadlı çavanlarımız gəlir. Söhbət bir adamın yazmasında deyil, bu ideyaların yaşamasıdır. Bunları görəndə, sevinirəm ki, ədəbiyyatımızda sağlam bir nəfəs var. Bunu da əlimizdən heç kim ala bilməz.
- Dediklərinizdən belə başa düşdüm ki, deyəsən, ilham pərisi sizə sadiq deyil. Ya da siz ona sadiq deyilsiniz…
– Nəyə əsasən bunu deyirsiniz?
- Son vaxtlar tez-tez şeir yazmadığınızı özünüz dediniz…
– İlham pərisi təkcə şeirdə lazım olmur ki?! Məsələn, mən dediyim o altı yüz səhifəlik romanı ilham pərisi olmadan yazmaq olmazdı…
- Söhbət şeirdən gedir…
– Şeirə ilham pərisi vacibdir. İlham pərisi sənin dalınca Milli Məclisə gələndə, görür ki, qapıda polis dayanıb və ağıllı telefonları belə içəri buraxmır, onda ağıllı ilham pərisi deyir ki, mənim orda nə işim var? Gedib elə çöllərdə başqa şair axtararam…
Biz ilham pərisinə nə qədər etibarsızlıq eləsək də, onlar çox etibarlıdır. O, müəyyən adlara bağlıdır, bizim sifətimizdir, xarakterimizdir, taleyimizdir. Mənim həyatımı yaşayan bir insandan ilham pərisi çoxdan küsüb getməliydi. O, səni həyatın hansı istiqamətinə çəkmək istəyir, sən hansı istiqamətə gedirsən?! Amma görürəm bir-iki gün küsüb getsə də, sonradan yenə qayıdır. Artıq tam əminəm ki, o, məni ömrümün axırına qədər tərk etməyəcək. Etibarlıdır.
- Bəlkə şəhərin bozluğu sizi yazmağa qoymur…
– Məni heç kim yazmamaqda ittiham edə bilməz, o çümlədən, siz. Şeir olmasa da, həmin gün ayrı bir şey yazıram. Çap etdirmədiyim çoxlu hekayələrim var. Povestim də var. Kifayət qədər yazı işi gedir. Amma şeirdən söhbət gedirsə, bəli, o bir az azalıb. Yardımlı və ya Bakının da buna dəxli yoxdur. Biz artıq çoxdan Bakıya öyrənmişik. Mənim Sumqayıtda Superfosfat Zavodunda işləyən qohumum var. O, bütün ömrünü Sumqayıtda yaşamışdı. 10 gün Yardımlıya gedəndə, öskürək boğurdu. Yəni, öyrəşmişdi Sumqayıtın havasına…
Siz dediyiniz Bakının o bozluğu da müəyyən mövzular verir. Təzə gələndə, mənim bir şeirim vardı: “Məni yad dillə dindirirsən, Bakı”. O vaxt hara baxırdınsa, rus dilində danışırdılar. Amma son vaxtlar yazdıgım “Bakı” şeiri də var: “Gözü oyun gəzir, eyş-işrət gəzir, qanımız batdıqca qan udur Bakı”. Qarabağla bağlı yazılmış şeirdi. O vaxtla indiki arasında o qədər də böyük fərq yoxdu. O da mövzu vermışdi, bu da mövzu verib. Şairlərin təbiət qoynunda, yaxud, gözəlləri görüb ilhama gəlməsi haqda fikirlər yalnışdır. Şair öz millətinin dərdidir. Mənim “Zaman məndən keçir” şeirim var: “Ürəyim bir qaçqın düşərgəsidir, keçir körpələrin göz yaşı məndən”… Mən Qarabağ savaşından sonra Azərbaycanı bir qaçqın düşərgəsi, içində şəraiti olmayan çadır hesab edirəm. Vaxt, zaman lazımdır ki, Bakının həqiqətlərini yazaq. Çünki Bakı pulun at oynatdığı, dünya güclərinin meydan suladığı, millətin həm müstəqillik uğrunda mübarizə apardığı, həm də bu mübarizəyə qarşı düşmən mövqedə dayananların üz-üzə dayandığı yerdir. Mənim Hüseyn Ərəblinski haqda “İşıq ömrü” adlı əsgərlikdə yazdığım poemam var. Orda yazmışdım: “Bakı qızıl üzükdü dünyanın barmağında. Onun qırmızı qaşı qızıl qan damlasıdır”. Bakı elə həmin Bakıdır…
- Milli Məclisdə ağlınıza şeir gəlir?
– Gəlir.
- Onda o misraları hara yazırsız?
– (Gülür) Qanunların qıraqlarına, arxa üzünə. Təsəvvür edin ki, vərəqin bir üzündə, məsələn, korrupsiyaya qarşı mübarizə haqqında qanun, digər üzündə tamam ayrı bir duyğu ilə yazılmış lirik şeir:
Sözlər çiçək-çiçəkdi, sözlər ləçək-ləçəkdi, gülümə nə qaldı ki?
Nə dərd gəldi, mən çəkdim, külümə nə qaldı ki?
Min zəhər var, bir çörək.
Min qəhər var, bir ürək.
Közü sovurdu külək, külümə nə qaldı ki?
Nə varım, nə dövlətim, təkcə ilk məhəbbətim,
Onu da qoydun yetim, əlimə nə qaldı ki?
Taç çürüyüb, baş qançır, zirvədəki şər saçır,
Bir Vətən, min talançı, elimə nə qaldı ki?
Bu da bir yoldu nəsə, boyu adından kəsə,
Daha sevilmirəmsə, ölümə nə qaldı ki?
Bu da Milli Məclisdə, həmin qanunların qıraqlarına yazılan şeirlərdən biridir. Siyasi mövzuda yazılan şeirlər də var:
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.