Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Kimsə Sərdar Cəlaloğlunun arxasında dirijorluq edir” – MÜSAHİBƏ

“Kimsə Sərdar Cəlaloğlunun arxasında dirijorluq edir” – MÜSAHİBƏ


Yenimeydan.info Teleqraf.com-a istinadən media eksperti, professor Qulu Məhərrəmli ilə müsahibəni təqdim edir.



 



 



– Qulu müəllim, hər dəfə televiziyaları tənqid edirsiniz. Başqa ziyalılar da ciddi nöqsanları dilə gətirir. Amma heç bir nəticə yoxdur. Əksinə, proses get-gedə daha da dərinləşir. Maraqlıdır, bu məsələlərin köklü həllini nədə görürsünüz?



– Bilirsiniz, televiziya yaradıcılığı müəyyən standartlar  üzərində formalaşır, yayım bəlli qayda və ölçülərə əsaslanır. Amma dediyiniz kimi, çox qəribə mənzərə yaranıb, bizim televiziyalarda qaydalar çox rahatlıqla pozulur. Düzdür,  buna qarşı etirazlar  səslənir, amma nəticə olmur. Bu o deməkdir ki, həmin  ölçülər və standartlar Azərbaycan şəraitində dayanıqlı deyil. Əgər kəskin formada ifadə olunan  tənqid, ictimai qınaq, tamaşaçı reaksiyası  heç bir nəticə vermirsə, deməli,  tamaşaçı marağı ilə telekanallarımız arasında uçurum var. Belə çıxır ki, bizim televiziyalar verilişləri yalnız reytinq və reklam sifarişçiləri üçün yayımlayır, onların da zövqü, şükür Allaha ki, göz qabağındadır.



 



– Bəs axırı necə olacaq görəsən?



– Vatslav Qavel, hələ 1992-ci ildə Davos forumunda demişdi ki, bu gün dünyada narkomaniyadan, yoxsulluqdan, ekoloji problemlərdən daha qorxulu bir bəla var,  o da kommersiya televiziyalarının yaratdığı mədəniyyətdir. Bax, biz kommersiya televiziyalarının yaratdığı həmin mədəniyyətin əsarəti altındayıq. Buna görə  dayanıqsız dəyərlər dəbdədir, yalnız bu günə bağlı olan və sabah üçün heç bir qiyməti olmayan əxlaq qaydaları formalaşır. Normal cəmiyyətlərdə televiziyanın missiyası böyükdür, əhalini məlumatlandırır, cəmiyyəti təhlükələrdən xəbərdar edir, ictimai rəyə təsir göstərir, tamaşaçı zövqü formalaşdırır və s. Amma təəssüf ki, bizim televiziyalarımız xırda istisnalarla bu missiyadan uzaqdır, əksinə çox hallarda zərərli işlə məşğul olur: zövqləri korlayır, formalaşmış dəyərləri tapdalayır və bütövlükdə ictimai əxlaqa qarşı çıxır. Və nəticədə biz ziyanlı bir televiziya mühitində yaşamağa məhkum olmuşuq.



 



– Məsələn, ATV kanalının rəhbəri Vüqar Qaradağlıdır, SPACE-də Vaqif Mustafayev, ANS-də Vahid Mustafayev... Eyni zamanda digər televiziya rəhbərləri də cəmiyyətdə tanınan və öz simaları olan insanlardır. Necə düşünürsünüz, hər kanal öz rəhbərinin simasıdırmı?



– Mən deməzdim ki, TV rəhbərlərinin hamısı ləyaqətli və ziyalı adamlardır, belə olsaydı, bəxtəvərlik olardı və biz heç toxunduğunuz mənəvi problemlərdən danışmazdıq. Bəli, bütövlükdə toxunduğunuz çox ciddi məsələdir və şəxsiyyət məsələsi TV işində də vacib rol oynamalıdır, amma bizdə elə vəziyyət yaranıb ki, artıq konseptual mənada televiziya rəhbərlərinin şəxsiyyəti yayım və yaradıcılıq siyasətində həlledici rol oynamır. Hətta imam övladı olmuş olsalar belə, onlar formalaşmış sistemin içində heç nə edə bilmirlər. Yəni ümumi fikir belədir ki, nəyin bahasına olursa-olsun televiziyalar özlərini saxlamalıdır, buna görə də xüsusən özəl kanallarda reklamçını cəlb edən reytinqli verilişlər hazırlanmalıdır.



 



– Ola bilməz ki, reytinqli verilişlər faydalı, bir az maraqlı hazırlansın, cəmiyyət üçün əhəmiyyəti olsun?



– Əlbəttə, daha keyfiyyətli, əyləncəli proqramlar hazırlamaq mümkündür. Bunun üçün ağıllı yanaşma, peşəkarlar və bir də babat maliyyə lazımdır.



 



– İntellektual...



– Təbii, intellek də, intellektual oyunlar da vacibdir. Tutaq ki, Rusiya televiziyaları 90-cı illərin əvvəlində bu yolu seçmişdi. Verilişlərin əksəriyyətində maarifçilik havası, problemə, cəmiyyətə maarifçi baxış vardı, intellektual yanaşma qabarıq görünürdü, televiziyanın məktəb rolu vardı, öyrətmək istəyi öndə idi.



 



– Bir ara bizdə də belə cəhdlər oldu.



– Hə, bir vaxtlar dünya telekanallarında gedən məşhur “Milyonçu” verilişi yayımlanırdı. Lider TV bu proqramı yüksək səviyyədə təqdim etməyə çalışırdı, amma məlum oldu ki, bizdə bu tip verilişlərin tamaşaçısı  azdır, iştirakçıları da həddindən artıq savadsız və  bəsitdirlər. Bir məyusedici məqam da üzə çıxdı ki, bizim tamaşaçıların böyük əksəriyyəti intellektual təbəqəyə aid deyil. Ona görə də indi  bayağılıq, şitlik və bəsitlik meydan sulayır. Səviyyəli tamaşaçı başqa ölkələrin kanallarını izləyir. Kütlə isə ucuz və səviyyəsiz əyləncələrlə xoşbəxt olur, ağlayan aparıcılarla ağlayır, hırıldayanlarla gülür.



 



– Sizcə, bunlara qarşı dayanmaq olarmı?



– Əlbəttə, olar və lazımdır.



 



– Necə?



– Əvvəla, bunun üçün istək olmalı və bütövlükdə TV siyasətinə yenidən baxılmalıdır. Dövlət büdcəsindən maliyyələşən televiziyalarda ciddi islahatlar aparılmalıdır. Təsəvvür edin, dövlət hər il büdcədən AzTV və İctimai TV-yə üst-üstə götürəndə 60-70 milyon manata yaxın pul ayrılır. Bəs bunlar nə iş görür? Böyük auditoriya toplayan hansı populyar verilişləri var? Nə vaxta qədər bunlar özlərinin yaradıcılığı olmayan musiqi və idman translyasiyalarının arxasında gizlənəcəklər? Niyə bunların  aydın proqram siyasəti, o cümlədən düşünülmüş  diskussiya verilişləri, cazibədar şou proqramları yoxdur?  İntellektual oyunlar niyə qəhətə çıxıb? Az-cox olanlar da  bəsit və bəzən 6-7-ci sinif şagirdinin qəbul eləmədiyi səviyyədədir.  Dövlətdən vəsait alan  televiziyalar bu cür bəsitliyə qarşı dayanmalıdır. Mən siyasi mövzuları bir kənara qoyuram, axı bunlara kim mane olur ki, milli-mənəvi problemlər, elm, təhsil, mədəniyyət mövzularında ciddi müzakirələr təşkil etsinlər?



 



– Mümkündürsə, deyin, niyə eləmirlər?



– Ona görə ki, əvvəla bacarmırlar, ikincisi, dövlətin ayırdığı pulları bu işlərə sərf etmək istəmirlər, üçüncüsü peşəkarlara meydan vermirlər. Bu gün bizə peşəkar ssenarist, rejissor, peşəkar prodüser lazımdır. Çox təəssüf ki, büdcədən maliyyələşən televiziyalarda parlaq simalar, peşəkarlar təxminən 2000-ci ildən sonra “əriməyə” başlayıb. TV rəhbərləri müəyyən yaradıcılıq iddiaları olan bu adamları qəbul etmir, onlara müti icraçılar lazımdır.



 



– Hazırda zövqünüzə uyğun heç bir veriliş yoxdur?



– Tamamilə yoxdur desək, insafsızlıq olar, əlbəttə var. Bəzən adamın gözünə babat verilişlər, aparıcılar dəyir. Amma onlar da zir-zibilin içərisində batıb qalır. Bir neçə gün əvvəl internet TV-də çalışan bir xanım tanışlıq  üçün mənə öz verilişlərini göndərmişdi, baxdım, onun layihələrini də, yaradıcılıq diapozonunu da çox bəyəndim. Təəssüf ki, belələri çox deyil.



Fürsətim olanda xəbər proqramlarına baxıram. Sadəcə, baxmasam, mümkün deyil. Əvvəla, bilməlisən ki, ölkədə nə var, nə yox. İkincisi də, peşəmə uyğundur, görüm televiziyalar nə dərəcədə inkişaf edir, hansı proseslər gedir...



 



– Bəs daha hansı televiziya verilişinə baxırsınız?



– Xüsusi olaraq izlədiyim veriliş yoxdur. Bəzən kanalları çevirəndə epizodik olaraq baxıram. Hərdən ANS-də maraqlı müzakirələr görürəm, ATV-nin və Xəzər TV-nin proqramları cilalamaq cəhdini bəyənirəm.



 



– Həmid Herisçinin apardığı “Şəxsiyyət vəsiqəsi” verilişi necədir?



– Bu, mənim bəyənmədiyim verilişdir.



 



– Niyə?



– Bilirsiniz,  onsuz da tarixə baxış subyektivdir. Üstəgəl, ona yanaşmada  qərəzin barıtını çox edəndə  adam təəssüflənir. Bu növ verilişlərdə  bəzən əvvəlcədən düşünülmüş şəkildə tarixi şəxsiyyəti gözdən salmağa cəhdlər edilir. Bizim televiziyalarda da, bəzi mətbu orqanlarda da zərərli bir meyil var:  sanki hamı böyük ruh yüksəkliyi ilə Azərbaycan tarixini, onun parlaq şəxsiyyətlərini gözdən salmağa girişib. Bir də görürsən ki, heç bir ictimai çəkisi olmayan kimsə, məsələn, Səməd Vurğunu  yıxıb-sürüyür, tənqid cəhənnəm,  əməlli-başlı təhqir eləyir. Axı biz S.Vurğunu necə öz dövründən ayırıb bugünün meyarları ilə qiymətləndirə bilərik? Yaxud adını alim qoyan kimsə başqa bir tarixi şəxsiyyət haqqında  milyonlarla tamaşaçıya cəfəngiyyatlar danışırsa, özü də opponentsiz danışırsa, üstəgəl, yalan və subyektiv danışırsa, mən o verilişi necə qəbul eləyə bilərəm?



 



– Hikmət Hacızadəni yəqin, yaxşı tanıyırsınız.



– Yaxşı tanıyıram, demokratik düşüncəsinə də bələdəm.



 



– Sərdar Cəlaloğlu...



– Onu da yaxşı tanıyıram və Sərdar bəyin 10-15 il əvvəl daşıdığı parlaq dəyərlərdən xeyli uzaqlaşdığını da müşahidə edirəm.



 



– Səməd Vurğunu bu iki adam həmişə sərt tənqid edir. Hər ikisini savadlı insan kimi tanıyıram. Heç inanmıram da ki, kimsə onlara tapşıra ki, Səməd Vurğunu tənqid edin.



– Əvvəla savadlı, məlumatlı olmaq hələ vicdanlı və obyektiv olmaq anlamına gəlmir. İkincisi, mənim düşüncəmə görə, Hikmət Hacızadə filosof Con  Miltonu  anladığı qədər Səməd Vurğunu duya bilmir, bəlkə heç bu, ona da lazım deyil. Hikmət bəyin intellektinə, ağlına,  ədəbi zövqünə şübhəm yoxdur, amma böyük şairə  yanaşması subyektivdir. Mən bolşeviklər kimi qətiyyən o fikirdə deyiləm ki, hamı S.Vurğun haqqında mənim kimi düşünsün. Sadəcə,  tarixi şəxsiyyətlərə qiymət verəndə bir az ehtiyatl, insaflı və obyektiv olmaq vacibdir. Kimisə xoşlamamaq, sevməmək başqa şeydir, ona qərəzli hücum etmək başqa bir şey. Məsələn, Fransada Volteri çox adam xoşlamır, amma heç kimin ağlına gəlmir ki, onu ləkələyib gözdən salsın, əleyhinə kampaniya aparsın.



 



– Bəs Sərdar Cəlaloğlu?



– Təəssüf ki, Sərdar Cəlaloğlunun Səməd Vurğuna hücumu qərəzlidir, tarixi reallığa söykənmir, məqsədlidir.  Baxın, hüquqçu vicdanı heç kimdə şübhə doğurmayan keçmiş baş prokuror İlyas İsmayilov deyir ki, 37-ci ilin istintaq sənədlərini araşdırıb və orada S.Vurğunun şəxsiyyətinə kölgə salan heç bir detala rast gəlməyib, amma siyasətçi Sərdar bəy əcaib bəyanatlar verir. Sizdən fərqli olaraq belə qəzəbli bəyanatlardan sonra mənə elə gəlir ki, kifayət qədər rasional düşünə bilən, ağıllı və intellektual, amma siyasətdə çox da uğur qazanmayan Sərdar bəyin arxasında hansısa görünməz dirijor dayanır. Əlbəttə, S.Vurğun ideal və toxunulmaz şəxsiyyət deyil, amma bu tarixi şəxsiyyəti tənqid eləmək üçün adamın mənəvi haqqı olmalıdır. Bizdə çox ciddi ictimai məsuliyyətsizlik var: istək və ölçülərimizə uyğun olmayanı  ictimai tribunadan “uf” demədən top atəşinə tuturuq.



 



– Bəs sizin bu fikirləriniz demokratik prinsiplərə zidd deyil? Axı fikir müxtəlifliyi normaldır.



– Fikir müxtəlifliyi həqiqətin ortaya çıxması üçün vacibdir, amma hər fikrin  (indiki halda ittihamın)  arxasında ciddi dəlillər durmalıdır . Fikir müxtəlifliyi adı altında heç bir tarixi şəxsiyyəti bilərəkdən gözdən salmaq, onu təhqir etmək, ruhunu incitmək  olmaz. Digər tərəfdən, elmi-nəzəri fikir, gerçək araşdırma metodu həmişə şəxsiyyəti yaşadığı tarixin  ab-havasında götürüb qiymətləndirməyi tələb edir. Məncə,  dostumuz Sərdar Cəlaloğlu bu məqamı bilərəkdən unudur. Buna görə mən hesab edirəm ki,  tək Səməd Vurğuna deyil, bizim bütün tarixi şəxsiyyətlərə, o cümlədən cümhuriyyət qurucularına hücumlar və onları gözdən salmaq cəhdləri  məqsədli və planlı xarakter daşıyır.



 



– Sizcə, nədir məqsəd?



– Aydın məsələdir, xalqda, xüsusən yeni nəsildə milli əskiklik kompleksi yaratmağa çalışırlar. Bu addımlar belə bir təsəvvür yaratmağa xidmət edir ki, Azərbaycan tarixində heç bir parlaq şəxsiyyət olmayıb, hamısının bir “əmma”sı var.  Hətta bu gün ədəbi şəxsiyyətləri - Elçini, Anarı, Ramiz Rövşəni, Əkrəm Əylislini tənqid eləyənlər də o düşüncəni təlqin etməyə çalışır ki, Azərbaycan tarixində işıqlı heç nə olmayıb və tarixi şəxsiyyətlərimiz də bu gündədir...



 



– Tarixi inkar eləmək qəti olmaz?



– Söhbət inkardan deyil, tarixi və tarixi şəxsiyyətləri təhrifsiz  təqdim etməkdən gedir.  Bunu isə bir alim qüdrəti  ilə, vicdanla, real faktlarla eləmək lazımdır. Bu gün bizim obyektiv, dürüst güclü tarixçilərimiz yox dərəcəsindədir. Ona görə də...



 



– Yoxdur?



– Yoxdur deyəndə ki, obyektiv və vicdanlı olanlar ortaya çıxarılmır. Bu gün bizi dünya elmində və incəsənətində təmsil edən çox layiqli nümayəndələrimiz, az da olsa var, amma söhbət onlara münasibətdən gedəndə ürək dolusu danışmaq olmur. Onların yeri boş qalanda meydanda diletantlar at oynadır, cəmiyyətdə millət, tarix və şəxsiyyətlər barədə yanlış fikir yaratmağa çalışırlar.



 



– Alimlər, şair və yazıçılar ortaya çıxmır, əvəzində İlhamə Quliyeva və Nazpəri Dostəliyeva cəmiyyətin gözünün qabağında – televiziyalarda, mətbuatda bir-birlərinə nota verir. Belə?



– Bir şey deyim. Amerikada millətin ruhunu hüquqşünaslar,vəkillər ifadə eləyir,  çünki namuslu və vicdanlıdırlar. Bizim millətin ruhunu da hələlik  şair və yazıçılar ifadə edir. Çünki həmişə buna mənəvi haqları çatıb. Amma indi söz, sənət adamı, şəxsiyyətlər  öndə deyil, sıradan çıxarılıblar – bax dediyim o şəxsiyyətsizləşmə sindromuna  görə. Bəs önə kim çıxmalıdır? Şou əhli,  TV ekranlarındakı bambılılar, düşük şoumenlər, dediyiniz adamlar.   İndi bizim cəmiyyət, media, xüsusən,  sosial şəbəkələr, televiziyalar bunları qəhrəman eləyir. Bu dırnaqarası qəhrəmanlar hansı dəyəri ifadə edir? Cəmiyyət sabaha hansı mənəvi yüklə gedir?  Bax, bunun üzərində ciddi düşünmək lazımdır.



 



– Sizcə, Xalq yazıçısı Anar bu cəmiyyət üçün nə eləyə bilər?



– Yazıçı nə eləyə bilərsə, onunla, təbii ki, ilk növbədə  əsərləri və ictimai davranışı  ilə.



 



– Yazır, amma oxumurlar. Anar müəllim nə eləsin?



– İndi heç kim oxunmur, nəinki Anar müəllim. Halbuki bir yazıçı kimi o, son əsərlərində Azərbaycanın taleyi və ictimai-milli düşüncəsi  ilə bağlı çox ciddi problemlərə toxunub.



 



– Niyə oxumurlar?



– Çünki kitab, elm, alim, ədəbiyyat, yazıçı, mənəvi irs, dəyərlər  təbliğ olunmur. Ictimai psixologiya belədir ki, kim təbliğ olunursa, ona da maraq yaranır. İndi ekranda təbliğ olunanlar sabun köpüyüdür, bu gün var, sabah yoxdur. İstər-istəməz düşünürsən ki, niyə cəmiyyətin önündə alimlər, şairlər, yazıçılar deyil, bəsit şou əhli gedir?  Yenə də təəssüf ki, bugün cəmiyyətdə əhval-ruhiyyəni,  əsasən səviyyəsiz  şou əhli yaradır, telekanallarda hər gün əxlaqsızlıq, ailə davaları, intriqa, zorakılıq, qətl hadisələri təbliğ olunur. Bəs biz sabah üçün hansı nəsli yetişdiririk?



 



– Qətl demişkən, görəsən, niyə bizim cəmiyyətdə ağır cinayətlər əsasən, namus üstündə baş verir? Bunun səbəbi nədir?



– Bu namus-qeyrət məsələsinin önə çəkilməsi çox düşündürücüdür. Bəzi insanlar üçün namus məsələsi ancaq bir vasitədir, çox vaxt da yaramazlığa bəraət qazandırmaq üçündür. Əgər əyalətdə yaşayan bir adam öz arvadının intim video səhnəsini çəkib televiziyaya göndərirsə, burda hansı namusdan danışmaq olar? Yəni bu gün təkcə cəmiyyətdə yox, ailə və insan münasibətlərində də çox ciddi çatlar yaranıb. 



 



– Bu aşınma kütləvidir? Yoxsa...



– Mən deməzdim ki, kütləvidir, amma proses ona doğru gedir. Bir soruşan yoxdur ki, nəyə görə evlərin, ailələrin qapısı ekranlara açılır? Nəyə görə ailələrin sirri çölə çıxır? Bütün bunlar kimlərə lazımdır?



 



– Nəyə görə?



– Deməli, çox şey möhkəm, əsaslı deyil. Olanların da dayaqları sarsıdılır. Bəziləri belə düşünür ki, yaramazlıq eləmək olar, amma bunu heç kim bilməsə yaxşıdır.



 



– Qulu müəllim, heç bəraət qazandırdığınız ölüm olub?



– Niyə belə amansız sual verirsən (gülür). Mən heç cürə insan ölümünə bəraət qazandıra bilmərəm.  Düşüncəmə görə, bu gün cəmiyyətə, millətə ləkə olan və bu səbəbdən də ölməli  çox adam var,  amma Allah verdiyi canı nə vaxt almağı Özü bilir, bəndənin bu işə qarışması böyük günahdır.


Teqlər:
Bu xəbər cəmi 3845 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR