Gündəm o qədər sürətlə dəyişir ki, vallah hirslənməyə, qışqırmağa kalori, enerji də çatdırmırıq. Ölkəni lərzəyə gətirən Lamiyə söhbətinin şarı partladı, köpüyü yatdı. Camaatın qınaq ünvanları saf çürük edilmədən “qəhrəman qadın”ı övladı ilə Şəmkirə postaladılar. Başqa sözlə, söhbət hardasa bağlandı. Başınızda suallar qalıbsa, onu nəqli cümləyə çevirməyiniz məsləhətdi.
Evdə əlinə keçən “yubka”nı əyninə geyib sosial şəbəkədə poz verən kişilərin fısı yatdı. Necə oldusa, Türkiyədəki tələbə qıza yas saxlamışkən azərbaycanlı qızlarımız ardı-ardına təcavüzə uğradı. Və bu xəbərləri yenə oxuyub, eşidib yüngülvarı hirslə yola verdik. Əlimizdən başqa da bir iş gəlmir. Qız ataları bir neçə gün övladlarının qeydinə daha çox qaldılar. Allah qorusun, indi başımıza nə zaman nə gələcəyini belə bilməz olduq. Unutmayın ki, hardasa bir yerdə alçaq, əxlaqsız istehsalı davam edir.
Neçə gündür, “qar, çovğun olacaq” xəbərlərinə lağlağı ilə yanaşa-yanaşa küçəyə çıxan hamımız eyni vaxtada palçıq qarda corabadək yaş olduq. İşıq, istilik bizi tərk etdi. Amma yuxarılara görə, hər şey normaldı. Sadəcə, bizi üşüdən manatın dollara uduzmasıdı.
Boz ay necə gəldisə, səhər o başdan bozaran çöhrələri xətri paralanmış manat da yaman günə qoydu. Milli Bank sədrinin keçəlinə belə söyüşlər eşitdik. Camaat Elman Rüstəmovu yad etdi. Tək Vahid Əhmədov adlı milət vəkilindən qeyrətli çıxiş eşitdik. İqtisadçıların əlinə manat-dollar şərhi üçün gözəl fürsət düşdü, hər kəs vaxtiylə qulaqardına vurduqları proqnozları daha çox gözlədi. Alış -veriş obyektləri üzümüzə bağlandı, hamı pul dərdində.
Son xəbərə bir xeyli “feysiyab” olduq. Sən demə, camaat olimpiya oyunları zamanı toy edə bilməz. Yəni, ailəmin xeyir işini belə dövlətimin məsləhəti lə etməliymişəm. Bir iki günə yeni qadağalar da çıxsa əsla təəccüblənməyin.
Olimpiya oyunları keçirilən günlərdə:
1.Asqirmaq, öskürmək, hətta körpə qazını çıxarmaq olmaz.
2.Hamı şəhərə çıxmamışdan mütləq cimməli, ətirlənməli, soğan, sarımsaq yeməməlidir. Satışı da müvəqqəti qadağan ediləcək.
3. İmkan olsa qadınlı kişili hamı şortik geysin, onsuzda yaydı. Qonaqlar da o abırda olacaq.
4. İngilis dilində ən azı 10 söz bilməyən evdə otursa yaxşıdır.
5. Hamilə qadınlar doğmaq istəsə, özünü saxlasın, qarnını şişirə şişirə gəzməklə şəhərdə xoş təsir bağışlamazlar. Evdə dincəlsələr yaxşıdı.
6. Hamı bacardığı qədər gülərüz olsun, imkan varsa “hollivud gülüşü” adlı dərslərə getsin. Yaxını ölsə belə, barmağını dişləyib, kirisin. Yastığını gəmirsin, beynəlxalq yarış qurtarandan sonra nə şüvən edir etsin, azaddır.
7. Təzə paltarı olmayan ortalıqda gəzməsin. Dollar düşmək arzusu ilə pul tapsaz qarderobu təzələyin.
8. Çimərlik mövsümü olduğundan camış kimi harda gəldi dənizə cummayın. Turistlərdən həya edin. Onların könlünü xoş edin.
9. Uşağına tərbiyə verməyən, çərənləyənin şəhərin mərkəzində işi olmasın.
10. Dilənçilər üçün xüsusi “kurort” açıq elan olunacaq. Olimpiyanı yola verən kimi hamı azadlığa buraxılacaq.
Qadağa siyahısını kefiniz istəyən kimi davam etdirə bilərsiz. Hər şeyə hazır olun. Dözün, amma nəbadə çatlamayın. Başqaları üçün gözəl görünməyimiz qanımızda var. Deməyin ki, doğru deyil. Doğrularımız da bizim deyil ki..