Tədbirin açılışında iştirak edən Azərbaycan - Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Məsut Kurnaz ötən il X Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan cəmi 25 medal olmaqla 12 qızıl, 11 gümüş, 3 bürünc medal qazandığını qeyd edib. “Bu nəticələrə əsasən Azərbaycan komandası 135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə, olimpiada tarixində Azərbaycan cəmi 103 medal olmaqla 34 qızıl, 50 gümüş, 20 bürünc medal qazanıb. Bu il isə “Bəşəri barışığa doğru” adı altında keçiriləcək olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcək. Türkiyənin 55 şəhərində 99 səhnə proqramı təşkil ediləcək”.
Sonra isə ölkə olimpiadasının finalı qiraət, inşa, mahnı, dialektika, şeir, səs, oxuma, mədəni irs, təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları (rəqs), yaradıcı inşa müsabiqəsi (universitet tələbələri arasında) olmaqla 13 kateqoriya üzrə keçirilib. Azərbaycan finalında qalib olan şagirdlər medal, sertifikatlar, hədiyyə ilə mükafatlandırılıblar. Bundan əlavə, qaliblər Türkiyədə yay tətili və Türkiyədə keçiriləcək XI Beynəlxalq Türk dili Olimpiadasında Azərbaycan komandasını təmsil etmək imkanı qazanıb.
Qeyd edək ki, 24-26 may tarixlərində Türkiyənin İzmir şəhərində mədəniyyət festivalı keçiriləcək. 1 iyun tarixində isə “Bəşəri barışığa doğru” adı altında təşkil olunacaq XI Beynəlxalq Türk dili Olimpiadasının açılış mərasimi keçiriləcək.