Xalq artisti Brilyant Dadaşova hələ də Haqqın.az və Virtualaz.org saytlarının rəhbəri jurnalist Eynulla Fətullayevə qarşı əsəbindən vaz keçməyib.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, Brilyant Dadaşova Eynulla Fətullayevə qarşı Səbail rayon Məhkəməsinin qətnaməsindən şikayət verib. Xalq artistinin şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə baxışa qəbul olunub: "Xalq artisti Eynulla Fətullayevdən saytında gedən materialın təkzib edilməsini və mənəvi təzminat tələb edir. Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsindən bəhs edən şikayət üzrə yanvarın 21-də iclas keçiriləcək”.
Xatırladaq ki, ötən il xalq artisti "Fəaliyyəti boyu Dünya musiqisinə töhfələrinə” görə "Big Apple Awards” musiqi mükafatını alıb. Mükafatlandırılma mərasimində sənətçiyə 30 min dollar pul və "Mercedes” markalı avtomobil hədiyyə edilib.
ABŞ-da keçirilən tədbir haqqında məlumat verən Haqqın.az saytı xalq artistinin iştirak etdiyi yarışmanın münsiflər heyətində 3 erməninin təmsil olunmasını yazıb. B.Dadaşova bu xəbərdən sonra saytın və şəxsən Eynulla Fətullayevin ünvanına Facebook-dakı səhifəsində təhqiramiz fikirlər səsləndirib.