Yeni il bayramı ərəfəsində Azərbaycan vətəndaşları Yeni ili harada və hansı qiymətə qarşılamaq barədə düşünürlər.
Fins.az-ın "Trend"-ə istinadən məlumatına görə, yerli turizm şirkətlərinin biri hazırda ən populyar istiqamətin Dubay olduğunu bildirir: "Dubayı görənlər isə Avropa və Tailandla (hazırda orada turizm mövsümüdür) maraqlanırlar. Turistlər arasında Türkiyə çox populyar istiqamətdir. Bu ölkədə hazırda Uludağ dağ-xizək ərazisində istirahət inkişaf edib. Yay mövsümünün başa çatmasına baxmayaraq, bir çoxları yay kurortlarında istirahət etməyə üstünlük verir, çünki orada mövsümdən kənar qiymətlər olduqca cəlbedicidir. İstanbul barədə də maraqlanırlar, bir çoxları ildən-ilə ora getməkdən yorulmur".
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda 2014-cü il dekabrın 31-dən 2015-ci il yanvarın 4-dək 5 qeyri-iş günü olacaq.
Sərbəst səyahət edənlər arasında isə əsasən Bakuriani, Praqa və Azərbaycanın dağ-xizək kurortlarına böyük tələbat var. Şirkətdən qeyd ediblər ki, digər istiqamətlərlə bağlı nadir hallarda sifarişlər daxil olur, lakin oradakı turistlərimizin sayı xeyli çoxdur: "Hazırda Azərbaycanda turizm inkişaf etməkdədir və bu, şübhəsiz ki, dövlət xəzinəsi və vətəndaşların özü üçün müsbət haldır. Axı tətili və ya istirahət günlərini keçirmək üçün ölkə hüdudlarına çıxmaq mütləq deyil".
Mənbənin sözlərinə əsasən, Yeni il turpaketlərinin alışı ilə əlaqədar bir neçə ay əvvəl canlanma müşahidə olunurdu: "İş orasındadır ki, müştəri vaxtından əvvəl turpaketi almaqla sanballı məbləğə qənaət etmiş olur. Lakin hazırda qiymətlər olduqca loyaldır və hər bir turist üçün onun büdcəsi üzrə turpaket əldə etmək olar".
Qeyd edilib ki, Azərbaycanın dağ-xizək kurortlarına (Şahdağ, Tufandağ) böyük tələbat olsa da, orada hələ yer tapmaq olar.
Azərbaycanda qış turizm mövsümü dekabrın 20-25-də açılacaq. Azərbaycanın dağ-xizək kurortlarına turların orta hesabla qiyməti istirahətin davamlılığından və hoteldən asılı olaraq dəyişir.
Şahdağ və ya Tufandağa birgünlük tur 23-24 manata (xizək dəstinin kirayəsi, nəqliyyat, dağ-xizək kompleksinə giriş, fotosessiya daxil), Şahdağa hoteldə qalmaqla birlikdə 4 günlük tur 410 manata başa gəlir. Quba (4 günlük tur 265 manatdan başlayır) və Şamaxı (beşulduzlu hoteldə qalmaqla 4 günlük tur 600 manata başa gələcək) turları da populyardır.
Əgər populyar istiqamətlərə müraciət etsək, Dubaya həftəlik turların qiyməti bir nəfər üçün 700 manatdan (uçuşla birlikdə 999 manatdan), İstanbula 550 manatdan (uçuşla 739 manatdan), Uludağa 800 manatdan (uçuşla), Bakurianiyə isə altı günlük tur bir nəfər üçün 460 manatdan (qalmaq və gündə üç dəfə yeməklə) başlayır.
Avropaya Yeni il turlarının qiyməti isə istiqamətdən asılı olaraq dəyişir. Məsələn, Azərbaycan turistləri arasında populyar olan Praqaya 8 günlük tur 960 manatdan (aviauçuşla 1232 manat), Barselonaya altı günlük tur 590 manatdan (ikiotaqlı nömrədə qalmaq, səhər yeməyi, bələdçi ilə ekskursiya, muzeylərə giriş bileti, Yeni il şam yeməyi ilə), Romaya beşgünlük tur isə 450 manatdan başlayır. Parisə turlar aviauçuş da daxil olmaqla 1100 manatdan başlayır. Onlara nisbətdə İsveçrənin dağ-xizək kurortları (uçuşsuz 1200 manatdan) və London (2000 manatdan) daha bahalıdır.
Yeni ili isti havada və dəniz sahlində qarşılamağı sevənlərə Baliyə (beşulduzlu hoteldə qalmaq, səhər yeməyi və viza dəstəyi daxil olmaqla 1100 manatdan), Tailanda (850 manatdan), Misirə (615 manatdan, hoteldə yerləşdirmə və səhər yeməyi) ekzotik Yeni il turları, Sinqapur və Malayziyaya həftəlik qrup turları (aviauçuşun qiyməti, beşulduzlu hoteldə yerləşdirmə, Sinqapurdan Kuala-Lumpura keçid daxil olmaqla bir nəfər üçün 1780 manatdan) təqdim edilir.