Deyəsən, “Azərsu” ASC-nin fəaliyyətində yer almış çoxsaylı korrupsiya hallarına dair redaksiyamıza məlumat təqdim edən mənbələr bizim operativliyimizi sınağa çəkirlər. Əgər belə olmasaydı qəzetimizdə bu mövzuda dərc etdiyimiz materiallar arasında müəyyən bir fasilə olardı. Amma faktlar vəziyyətin tam əksinə olduğundan xəbər verir. Əməkdaşlarımız bir materialı hazırlayıb çapa təqdim etməyə macal tapmamış, redaksiyamıza artıq yeni məlumat daxil olur. Ötən saylarımızda birində dərc olunmuş materiallarda bu qurumun fəaliyyətində yer almış müxtəlif qanun pozuntularından bəhs olunurdu. Bir müddət bundan əvvəl isə “Azərsu” ASC-nin fəaliyyətində müşahidə olunan ciddi korrupsiya hallarına dair qəzetimizdə dərc olunmuş tənqidi materiallardan birində bu qurumun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlanıldığı bildirilmişdi. Həmin vaxt mətbuata təqdim olunan məlumatlarda da ASC-də milyon manatlarla dövlət vəsaitlərinin mənimsənilməsini sübuta yetirən rəqəm və faktlar ortaya qoyulmuşdu. Korrupsiya ilə mübarizə idarəsi tərəfindən aparılan yoxlamaya gəlincə isə, bu xüsusda aldığımız məlumatlara görə ilkin araşdırmalar nəticəsində artıq ASC-də 500 min manat məbləğində dövlət vəsaitinin mənimsənilməsi faktı da aşkarlanıb.Daha sonra ötən materialda biz aldığımız məlumatlara istinadən göstərmişdik ki, bir vaxtlar ARDNŞ-də məsul vəzifə tutan Qorxmaz Hüseynov “nurçularla” olan sıx əlaqələrinə görə Rövnəq Abdullayev tərəfindən şirkətdən uzaqlaşdırılıb. Lakin bu tədbir Qorxmaz Hüseynovun sonrakı fəaliyyətinə heç bir təsir göstərməyib. Mənbələr iddia edirlər ki, ASC sədrinin “nurçularla” əlaqələri bu gün daha sıx formada davam etməkdədir. Belə ki, Qorxmaz Hüseynov mütəmadi olaraq Türkiyədə “nurçular” tərəfindən təşkil olunan müxtəlif səpkili toplantılarda iştirak etmək məqsədilə tez-tez qardaş ölkəyə səfərlər edir. Yeni aldığımız məlumatda ASC sədri ilə bağlı bu məqama dair də maraqlı açıqlamalar təqdim edilir. Mənbə bildirir ki, Qorxmaz Hüseynov hal-hazırda Türkiyədə 150-ə yaxın üzvü olan nurçu qruplaşmalarından birinə başçılıq edir. İndi də mənbələr “Azərsu” ASC-nin ailə podratı üsulu ilə fəaliyyət göstərən müəssisə olmasına dair maraqlı açıqlamalar təqdim edirlər. Daxil olan məlumatda ilk toxunulan məqam ASC-nin kadr məsələləri ilə bağlıdır. Bu xüsusda mənbə xəbər verir ki, hazırda “Azərsu”da hər hansı vəzifəyə təyin olunmalar və ümumiyyətlə işə qəbulla bağlı məsələlər tamamilə ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Məmməd Hüseynovun kurasiyasındadır. Belə ki, məlumata görə məhz Məmməd müəllimin tövsiyyəsi və ya ən azından razılığı olmadan “Azərsu” strukturlarında hətta adi fəhlə kimi belə, işə düzəlmək qeyri-mümkündür. Ailə podratına daxil olan sahələrdən biri də ASC-nin maşın və texnika parkıdır. Daha dəqiq desək, bu texnikanın sərf etdiyi yanacaq-sürtkü materiallarının “uçotu” məsələsi. Bu sahəyə də nəzarət Q.Hüseynovun qaynı Namiq müəllimə həvalə olunub. Amma bu ailə podratının bəzi üzvləri də var ki, konkret sahəyə təhkim olunmasalar da, ASC-nin resurs və imkanlarından yetərincə yararlanırlar. Məsələn, elə Qorxmaz müəllimin kürəkəni Azər kimi. Amma öz aramızdır, “Azərsu”dan da Azər yararlanmasın, bəs kim yararlansın..?Bir maraqlı məqam da var ki, ASC-də tətbiq olunan ailə podratı üsulu Qorxmaz Hüseynovu o dərəcədə razı salıb ki, o, həmin üsulu şəxsi biznesinə də şamil edib. Belə ki, aldığımız digər bir məlumata görə Qorxmaz müəllimin digər bir qaynı Natiq də ASC sədrinin şəxsi kommersiya obyektlərinə, o cümlədən yeni yanacaqdoldurma stansiyasına, şadlıq evinə və diaqnostika mərkəzinə nəzarət edir... (Bizim Dovr)