Sentyabrın 27-də başa çatmış rübdə “Apple” 12,3 milyon planşet kompüteri satıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,77 milyon daha azdır. Əvvəlki iki rübdə, “iPad”in satış həcmi, həmçinin azalıb. Amma “Apple” korporasiyası cari rübdə yeni “iPad Air 2” və “iPad mini 3” qurğularının satışları hesabına bu tendensiyanı aradan qaldırmağa ümid edir.
Bu halda hesabat rübündə “iPhone”nun satış həcmi xeyli artıb: “Apple” ötən ilin müvafiq dövrü (33,8 milyon) ilə müqayisədə 39,3 milyon smartfon satmağa nail olub. Yeni “iPhone 6” və “iPhone 6 Plus” qurğularının “birinci dalğa” ölkələrinə satışları nəticəyə təsir edib. “Apple”ın məlumatına görə, birinci həftəsonu təxminən 10 milyon yeni qurğu satılıb.
2014-cü ilin iyul-sentyabr ayları ərzində “Mac” kompüterlərinin satış həcmi 5,52 milyon qurğuyadək artıb. Fərdi kompüter bazarı həcminin azalmasına baxmayaraq, “Apple”da kompüterlərin satış həcmi sabit olaraq artır. Cari rübdə “Retina” displeyli “iMac” və yeni “Mac mini” qurğuları satışı bu tendensiyanı saxlaya bilər.
“iPod” pleyerlərinin rüblük satış həcmi ötən illə (3,5 milyon) müqayisədə 2,64 milyon qurğuyadək azalıb. Hazırda “Apple”ın gəlirinin yalnız 1%-i bu qurğunun payına düşür və şirkət buna görə növbəti rübdən “iPod”un satış həcmi haqda məlumatları "Aksessuarlar" kateqoriyasına daxil edəcək.