Səfər çərçivəsində prezident və xanımı Cavad Xan küçəsində olublar.
Dövlət başçısı burada sakinlərlə görüşüb söhbət edib.
İlham Əliyev: Salam, necəsiniz?
Sakin: Çox sağ olun, cənab Prezident. Oğlum bayaqdan Sizi görmək istəyir. Xüsusi istedadlı uşaqlar sinfində oxuyur. Sizə bir neçə dəfə internetlə məktub da göndərib.
İlham Əliyev: Neçə yaşı var?
Sakin: Beşinci sinifdə oxuyur.
İlham Əliyev: Adın nədir?
Uşaq: Adım Emindir. Müəlliməm bizə danışmışdı ki, bir dəfə bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban Əliyeva: Sən də bizi çağır, gələk sənin ad gününə.
İlham Əliyev: Əlbəttə, biz də gələrik. Sənin ad günün nə vaxtdır?
Emin: 19 mart.
İlham Əliyev: Novruz bayramı ərəfəsində. Çox yaxşı. Sağ olun.
Mehriban Əliyeva: Uğurlar sizə.
Sonra dövlət başçısı və xanımı Cavad Xan küçəsindəki türk restoranına baş çəkiblər.
Restoran işçiləri: Xoş gəlmisiniz. Buyurun qonağımız olun. Biz əsasən türk yeməkləri bişiririk.
İlham Əliyev: Siz özünüz haralısınız?
Restoranın işçisi: Qaziantepdənəm. Restoranımıza gəldiyiniz üçün Sizə minnətdarıq.
İlham Əliyev: Sizə uğurlar arzulayıram, sağ olun.