Görünür, İlham Əliyev Rəsulzadədən Nərimanovacan, Bağırovdan ata Əliyevəcən Azərbaycan rəhbərlərinin heç birinin edə bilmədiyini gerçəkləşdirəcək. Bəli, söhbət kollektiv dövlət idarəetməsi nümunəsi tanımayan sovet və postsovet dövlət başçılarından gedir. Siyasi hakimiyyət bizim ölkədə həmişə şəxsiləşdirilmiş xarakter daşıyıb. Ancaq mövzu hakimiyyətin necə yaranmasını xarakteri haqda deyil.
Söhbət dağıdılmış iqtisadiyyatı, yoxsul, siyasi xaosun hökm sürdüyü, itirilmiş torpaqların qaytarılmasın heç bir ümidi olmayan ölkəni miras alan 40 yaşlı gənc insandan gedir. O, nəinki siyasi labirintdən çıxmağı, iqtisadiyyatı dirçəltməyi, zümrüd şəhər yaratmağı bacardı – işğal olunmuş Qarabağı da qaytarır. Özü də bir güllə atmadan.
Bir neçə saat əvvəl (dünən:red) Qazaxıstan prezidenti Nursultan Nazarbayev sensasiyalı bəyanat verdi. Ermənistan Putinin Avrasiya İttifaqına Dağlıq Qarabağsız qəbul edilib. Bu nə anlama gəlir? Bu o deməkdir ki, Ermənistan və işğal olunmuş Qarabağ arasında gömrük postları qoyulacaq. Çarəsizlikdən boğulan, sosial partlayışla üz-üzə qalan, ağır iqtisadi vəziyyətdə olan Qarabağı qoyaq bir kənara. Bu nəhəng geosiyasi uğurun tərkibini təşkil edən iqtisadiyyata biz hələ qayıdacağıq. Söhbət Azərbaycanın ən böyük siyasi və diplomatik uğurundan gedir.
Azərbaycan bir daha suveren dövlət olduğunu təsdiq edərək, izlədiyi neytrallıq siyasətinə uyğun Putin ittifaqına daxil olmadı. Ermənistan isə siyasi və iqtisadi müstəqilliyinin qalıqlarını tam itirərək, kolonial asılılıq boyunduruğuna girdi. Bununla bərabər Ermənistan Qarabağ üzərində nəzarəti də itirdi. Həm siyasi, həm iqtisadi nəzarəti! Əsl paradoks!
Təsəvvür edin, Ermənistandan kartof-soğan idxal edən ac və yetim Qarabağ sakinləri bundan sonra hələ bir Ermənistana gömrük rüsumu ödəməyə məcbur qalacaqlar. Pərişan olmuş Sarkisyan Yerevan üçün alçaldıcı müqaviləyə imza atmamış, paytaxtı etirazlar bürüdü.
Sarkisyanı erməni dövlətçiliyinin məhvində günahlandırırlar. Onun milli maraqların satılmasında ittiham ediləcəyi gün uzaqda deyil. İndiki prezidentin sıralarında olduğu Miatsum (Birləşmək) hərəkatı nədən başlamışdı? Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsindən. Kremlin dəstəyi və bütün Azərbaycanı arxasınca aparan elçibəyçi milli-vətənpərvərlərin dəliliyi nəticəsində biz Qarabağı itirdik. Uzun illər müddətinə. Bax, indi Qarabağı Ermənistandan ayırdılar. Gömrük divarı ilə!
Beləliklə, İlham Əliyev parlaq gediş etdi. O, Avrasiya məkanına daxil olmadı, ölkəsinin müstəqilliyini və suverenliyini qoruyub saxladı. Ən əsası Qarabağ Ermənistan iqtisadi məkanından çıxarıldı. Siyasi məkana gəldikdə, Qarabağ hüquqi və siyasi baxımdan bu məkana daxil deyil, olmayıb. Azərbaycan Ukrayna, Moldova və Gürcüstan edə bilmədiyini bacardı. O ölkələr ki, ərazilərinin de-yure ilhaqını təsdiq etməyə məcbur oldular.
Şübhəsiz, bu ciddi siyasi uğur Kremlin Əliyevə göstərdiyi dəstəklə şərtlənir. Rusiyanın vassal asılılığını qəbul etmiş Sarkisyandan fərqli olaraq. Əliyev Kremllə rasional və uğurlu qarşılıqlı əlaqələr sistemini qura bildi. Hərbi və siyasi ittifaqlar çərçivəsində yox, ikitərəfli əməkdaşlıq formatında. Qərbin rəsmi Bakını bu qarşıdurmaya itələməsinə baxmayaraq, Əliyev Azərbaycanı Rusiya ilə qarşıdurmadan çəkindirə bildi. Özü də, o, bunu uzun illərdir etməyi bacarır. Qərbi Ukrayna istisna olmaqla, Rusiyanın postsovet regionunda artan hegemon mövqeyi Orta Asiya diktaturları, hətta Qərb tərəfindən şübhəyə alınmır. İlham Əliyev balanslaşdırılmış siyasətə stavka etməklə doğru qərar verdi. Obama rəsmi şəkildə bəyan etdi: "Rusiya – aparıcı regional gücdür!” Rusiya regionun gələcək taleyini öz üzərinə götürüb.
İlham Əliyev qaydalara uyğun oynadı. Həmçinin Putinin qoyduğu oyun qaydaları ilə. Qlobal layihələrdən tutmuş meqa-energetik layihələrin reallaşmasınadək. Əliyev Kremlin maraqlarını nəzərə aldı. Saakaşvili, Yuşenko, Timoşenko və faciəvi sonla yekunlşan Poroşenkodan fərqli olaraq Qərbin qurduğu tələyə düşmədi. Nəticə özünü göstərir. Azərbaycan üçün həlledici qərarın qəbulu zamanı Putin Əliyevin maraqlarını nəzərə aldı. Hətta Putin yazılmamış qanunlarını heç vaxt pozmur. Dünənki gün vacib geosiyasi məqamı göstərdi. Qarabağ probleminin həlli tamamilə Kremlin əlindədir. Qərb tamamilə cənubi Qafqazdan sıxışdırılıb çıxarılıb. Onun heç bir təsir rıçaqları qalmayıb. Yalnız Xəzər dənizində neft buruqları qalıb. Qərb şirkətləri neft çıxarmağa davam edir, tezliklə qaz daşımağa başlayacaqlar. Bununla da Avropa və amerikanların iştirakı yekunlaşır. Ermənistanın Putin İttifaqına inteqrasiyasından sonra Kreml Qarabağı onlardan ayıraraq, Azərbaycana evin əsl yiyəsinin kim olduğunu göstərdi. Minsk qrupunun əhəmiyyətsiz rolu haqda mülahizələri yalnız reallıqdan uzaq ekspert şərh edə bilər.
Azərbaycanın qarşısında yeni, ən aktual, tək sual dayanır. Rəsmi Bakı Avrasiya İttifaqına daxil ola bilərmi? Rusiya yaxşı bilir ki, Azərbaycanın iştirakı olmadan Cənubi Qafqaz üzərində tam nəzarətn haqda danışmaqdan dəyməz.
Əliyev "Putin İttifaqı" dövlətləri başçılarının Minsk görüşündə iştirak etməsə də, MDB dövlət başçılarının sammitində hər kəsə aydın diplomatik tərzdə çıxış etdi.
Başa düşdüyüm qədər, Azərbaycan bu İttifaqa daxil ola bilər. Ancaq işğal olunmuş torpaqların azad olunması şərti ilə. Kreml Ermənistana təsir edə bilərmi? Kim şübhə edir ki. Axı, Yerevan rəsmi satellit statusuna qədər enib.
Nazarbayev bir an "ərazi bütövlüyü sualı ətrafında anlaşdıq” sözünü ağzından qaçırtdı. Kim kiminlə razılaşdı? Əliyev Sarkisyanla? Çətin ki. Hamıya aydındır ki, Əliyev Putinlə anlaşıb. Sarkisyan artıq oyundan kənarda qalıb...