Bundan sonra notariuslar nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanına əlavə məlumatlar da verəcək və bunu daha tez etməli olacaqlar.
Fins.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisdə bununla bağlı “Notariat haqqında” və “Yol hərəkəti haqqında” qanunlara müvafiq dəyişikliklər edilməsi nəzərdə tutulur.
Hər iki qanuna edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatla yanaşı, fiziki şəxslərin qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslərin isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatları da dərhal müvafiq icra hakimiyyəti orqanına göndərəcək.
Bundan əlavə, müvafiq icra hakimiyyəti orqanı texniki vasitələrdən istifadə etməklə həmin məlumatı artıq 3 gün deyil, 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanına göndərməli olacaq.
“Yol hərəkəti haqqında” qanuna ediləcək digər dəyişikliklərə görə isə sürücülər avtomobillə hərəkətdə olarkən sadəcə özündən qabaqda gedən deyil, eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitələri ilə də lazımi ara məsafəsi saxlamalıdırlar. Belə ki, qanunun 5-ci maddəsinin III hissəsinə ediləcək dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.
Həmin maddənin IV hissəsində isə nəzərdə tutulur ki, yaşayış məntəqələrindən kənarda ötməni asanlaşdırmaq məqsədilə asta gedən, ağır yüklü və uzun nəqliyyat vasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsi ilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələri ötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar.