Aksiyada dəvət olunanların biri də Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğludur. “Qafqazinfo”nun sorğusuna görə Eldar Sabiroğlu həmin məsələ ilə bağlı cavab verib. Müdafiə Nazirliyinin sözçüsü saytlarda adını oxuyanda gözlərinə inanmadığını bildirib:
“Yaşar Cəfərli qondarma piketinə məni də dəvət edib. Doğrusu, saytlarda adımı oxuyanda gözlərimə inanmadım. Bilirsiniz niyə? Ona görə ki, belə sərsəm fikrə yalnız Maştağadakı xüsusi dispanzerizasiyanın pasiyentləri gələ bilər. Başqa cür necə düşünüm?! Ancaq bəzi KİV-lərin belə ağılsız dəvətə gen-bol yer ayırmaları məni qısa da olsa cavab verməyə sövq etdi. Əslində özümə söz vermişdim ki, idarə olunan bu müqəvaya heç əhəmiyyət verməyim. İnsan öz-özünü alətə çevirəndə doğrudan da nə yazıq və miskin günə düşərmiş. Mən bunu hikkəsi yerə-göyə sığmayan Yaşar Cəfərlinin simasında yenidən gördüm və duydum ki, ağılsızlıq, çarəsizlik adamı haralara qədər gətirib çıxara bilərmiş. Onun həqiqətən ciddi müalicəyə ehtiyacı var. Hələ bizdən qabaq 30-a yaxın hakimi həmin qondarma piketinə dəvət edib. Səfirləri deyəsən, yaddan çıxarıb Cəfərli. Bu yolu da mən ona göstərirəm sıradan geri qalmamaq üçün. Gündəmdə dayanmaq xatirinə daha başqa nə yol varsa, arasın, bir şey tapa bilməsə idarə edənindən soruşsun. Amma elə etsin ki, heç olmasa bu dəfə onu fırlatmasınlar.
Üzümü tuturam Cəfərlini idarə edənə, yaxud edənlərə. Böyük günaha batırsınız. Adamı belə işlətməzlər. Allah heç kəsi Yaşar Cəfərlinin gününə salmasın!”