Bu barədə aznews.az-a Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
QSC sözçüsü bildirib ki, bənövşəyi xətin ilk iki stansiyası olan Avtovağzal və Memar Əcəmi -2 stansiyalarında işlərin böyük əksəriyyəti görülüb. Onun sözlərinə görə, avadanlıqların quraşdırılması prosesinə başlanılıb.
“Faransanın “Thales” şirkəti ilə artıq müqavilə imzalanıb və onlardan idarəetmə və işarəvermə avadanlıqları sifariş edilib. Həmçinin əlil sərnişinlərin həmin sansiyalardan istifadə etmələri üçün xüsusi liftlər quraşdırılır. İstər vaqonlar, istərsə də digər avadanlıqlar müasir standartlara cavan verən yeni avadanlıqlar olacaq. Hər iki stansiyanın 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır”.
Metrostansiyalara adların verilməsinə gəlincə N.Paşayev bildirib ki, metrostansiyalara adların verilməsi Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
“Hal-hazırda adlar şərtidir və hazır olduğu zaman həmin qurum tərəfindən təsdiq olunacaq”-deyə Nəsimi Paşayev qeyd edib.