Ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı məsələlərin müəyyən edilməsi müvafiq qurumlara tapşırılıb:
“1.1. sənaye məhəlləsi – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir;
1.2. sənaye məhəllələrinin yaradılması haqqında qərarı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qəbul edir;
1.3. sənaye məhəllələrinin yaradılması və fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirləri Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi həyata keçirir;
1.4. sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilir.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə üç ay müddətində “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sənaye məhəllələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi və həyata keçirilməsi, məhəllələrin iştirakçılarının fəaliyyətinin dəstəklənməsi (məsləhət, treninq, peşə hazırlığı xidmətlərinin, güzəştli kreditlər verilməsi və səmərəli fəaliyyət üçün digər xidmətlərin göstərilməsi), habelə məsləhətçilərin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
4.1. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər;
4.2. bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə ildə iki dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər”.