Tədbirdə çıxış edənlər əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək son illər rayonda təhsilin inkişafı sahəsində görülmüş işlərdən, yeni məktəb tikintilərindən, qazanılmış uğurlardan danışıblar.
Qeyd olunub ki, Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müəllim əməyinə həmişə yüksək qiymət verib, onların sosial qayğılarını daim diqqət mərkəzində saxlayıb.
Bildirilib ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Respublikamızın bütün yaşayış məntəqələrində məktəb tikintisinə, elm və təhsilin inkişafına xüsusi önəm verilir.
Diqqətə çatdırılıb ki, Lənkəran rayonunun tarixində ilk dəfə bir ildə on bir orta ümumtəhsil məktəbi üçün ən müasir üslubda məktəb binaları tikilib istifadəyə verilib. Yeni məktəb binaları ən müasir avadanlıq, kompyuter texnikası və məktəb ləvazimatları ilə təchiz edilib.
Bütün bunlar Azərbaycan Prezidentinin xalqımızın gələcəyi olan gənc nəslin yüksək səviyyədə elmə, biliyə və mədəniyyətə yiyələnməsi, sağlam böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün gördüyü möhtəşəm işlərin bariz nümunəsidir.
Bildirilib ki, son illər ölkəmizdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün həyata keçirilən genişmiqyaslı tədbirlər dövlətimizin başçısının neft kapitalının insan kapitalına çevrilməsi, milli tərəqqinin daha da sürətləndirməsində mühüm rol oynayacaq bilikli kadrların hazırlanması kimi ümummilli maraq kəsb edən məsələlərin həllinə xidmət edir.
Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə də böyük işlər görüldüyü diqqətə çatdırılıb. Qeyd edilib ki, Fondun təşəbbüsü ilə respublikamızın ən ucqar dağ kəndlərində yeni, müasir tələblərə cavab verən məktəb binaları tikilir.
Mərasimdə müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr verilib.
Bayram tədbiri rayonun bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə davam edib.